Quba rayonunda itkin düşən hər üç alpinistin qanunvericiliklə nəzərdə tutulmuş fərdi anket vərəqələri, şəxsi sənədləri özlərində olub.
Bu barədə Oxu.Az-a açıqlamasında idmançıları Quba rayonundan Tufandağ istiqamətinə “QAZ 66” yük maşınında aparan sürücü, Xınalıq kənd sakini Rasim Aslanov deyib.
“Məndən xahiş etdilər ki, onları Şahyaylaq ərazisinə aparım. Onları aparmaq istəmirdim, lakin sonda qərarımı dəyişdim. Xınalıq kəndindən Şahyaylağa təxminən 15-16 km yoldur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şahdağ qoruğu ərazisində yerləşir. Kənddən Şahyaylağa getmək üçün ETSN və DSX postunu keçib, onları həmin yerdə düşürdüm. Mən qanunvericilik çərçivəsində hərəkət etmişəm, onlar da əraziyə yollananda lazımi bütün sənədlər özlərində olub”, – deyə sürücü bildirib
Xatırladaq ki, ötən il dekabrın 23-də “Gilavar” Hava və Ekstrim İdman Klubunun üç üzvü – Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyadzadə Quba rayonundan Tufandağ istiqamətinə hərəkət edərkən onlarla əlaqə kəsilib.
Onların axtarışları artıq 10 gündən çoxdur ki, davam edir.