O qədər yamaq vurdum ki…

0
675

11

Vallah, kim nə deyir-desin, amma mən birmənalı şəkildə deyirəm ki, yamaq çox yaxşı şeydir. Doğrudur, bir vaxtlar ondan zəhləm gedərdi. Xüsulə onu pal-paltarımda görəndə yaman dilxor olardım (O zaman indiki kimi deyildi, yamaqlı şalvar geyinənlərə birtəhər baxardılar. Kim bilir bəlkə də elə bu səbəbdən müasir gənclərimiz yırtıq şalvarla gəzməyi yamaqlı şalvarla gəzməkdən üstün tuturlar). Amma indi… Qurban olum yamağa! Qoy o gözəgörünməz bir günümü onsuz eyləməsin! Əgər onu balalarımdan çox istəmirəmsə, bu boy-buxun, üstəlik, onun sayəsində qazandıqlarım, nənən demişkən, piltə-piltə gözümdən gəlsin. Allah ömür versə, bu yamaq barəsində bir elmi əsər də yazmaq niyyətindəyəm. Qoy gələcək nəsil mənim fikirlərimdən bəhrələnsin. Vallah, nəyə deyirsiniz and içim, mən məhz yamaq sayəsində bu mərtəbəyə gəlib çıxmışam. Onsuz bir günüm olmasın! Heyf deyil yamaq! Başına dönüm onun… Ölərəm onun üçün.

Axı necə ölməyim? Bir də bu məmləkətdə təkcə mən deyiləm ki yamaq sayəsində ad-san qazanan. Yamaqdan faydalanan o qədər adam var ki, di gəl, bu adi həqiqəti dilə gətirmək istəmirlər. Halbuki yamaqla onlar qaz vurub qazan doldururlar.

Bir də görürsən ki, ölkəmizdəki sosial rifahdan söhbət düşür. Deyəndə ki, bəs aldığımız maaş, yaxud pensiya ilə ailə saxlamaq mümkün deyil, bəzi rəsmilərimiz o saat bu problemə elə yamaqlar vururlar ki, nəticədə sən borclu çıxırsan. Təbii ki, bu da onların yamaq vurmaq məharətindən irəli gəlir. Bir sözlə, bu kişilər bu sahə üzrə elə ixtisaslaşıblar ki, vurduqları yamaq ümumi ahəngi belə pozmur.

Yaxud yağış yağan kimi bərbad infrastruktur ucbatından şəhərin bütün küçələrini su basır, yerimək mümkün olmur, nəqliyyat iflic olur. Amma bu sahənin cavabdehləri bunu yağışın normadan artıq düşməsi ilə yamayıb həmin problemdə özlərinin heç bir günahı olmadığını söyləyirlər. Bu da son anda onların sudan quru çıxması ilə nəticələnir. İndi bir anlıq düşünün ki, onlarda yamaq vurmaq məharəti yoxdur. Onda heç bilirsiniz nə olur? Vəzifələrini itirərlər e… Hərdən mənə elə gəlir ki, onlar vəzifə başına keçəndə hər şeydən öncə yamaq vurma sənətinin incəliklərinə yiyələnirlər.

Bir də görürsən ki… Qoy konkret deyim də… Əgər yadınızdadırsa Bakı-Quba yolu yenidən qurulandan sonra dedilər ki, bəs bu yol bir də 30 ildən sonra təmir üzü görəcək! Amma heç 30 gün keçməmiş yol sıradan çıxmağa başladı və başladılar onu yamamağa. İndi həmin yol, demək olar ki, yamaqlardan ibarətdir. Soruşanda da, balam, nöş belə oldu? Adamın ağzının üstündən vurub deyirlər ki, bəs həmin yoldan daha ağır tonajlı maşınlar keçib. Bununla da keyfiyyətsiz işlərini yamaqlayırlar. Bu yamaqdan isə milyonlar əldə edirlər. O gün bir tanışım mənə sual etdi ki, bəs sən biləni, niyə yeni çəkilən yollara bir neçə gündən sonra yamaq vururlar. Çiyinlərimi çəkdim. Dostum dedi ki, ona görə vururlar ki, çəkdikləri yollara göz dəyməsin.

Belə yamaqlara, demək olar ki, hər yerdə rast gəlmək mümkündür. Hətta bizim idman aləmində belə yamaqlar mövcuddur. Futbola milyonlarla vəsait xərclənir. Amma bizimkilər hələ də qrup mərhələsindən çıxa bilmirlər. Buna da yamaq vurmaqla bəraət qazandırırlar. Mən hələ siyasət aləmini demirəm.

Nə isə, bu yamaqlarla deyəsən gözünüzü yordum. Amma sonda hiss etdim ki, bu yazıya o qədər yamaq vurdum ki, üslubumdan əsər-əlamət belə qalmadı. Görünür, bu da mənim yamaqlara aludə olmağımdan irəli gəldi. Buna görə məni bağışlasanız da özünüz bilərsiniz, bağışlamasanız da…

BIR CAVAB BURAXIN