Nüfuzlu beynəlxalq platforma

0
1622

Nüfuzlu beynəlxalq platforma

Martın 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun Azərbaycanda keçirilməsi bir daha ölkəmizin nüfuzunun və qüdrətinin təzahürüdür. Azərbaycanın regionda lider dövlətə çevrilməsi, sürətlə artan nüfuzu dövlətlərin ölkəmizə yaxınlaşmasını zəruri edir. Forumun mövzusundan da göründüyü kimi dövrün aktual problemləri qabardılaraq bəşəriyyətin bu günü və gələcəyi naminə yerinə yetirilməsi zəruri olan vəzifələr və onların icrasına əsas önəm verilmişdir. Forumu əhəmiyyətli edən məsələlərdən biri də tam müstəqil bir forum olmasıdır. Bu da Azərbaycan dövlətinin tam müstəqil siyasət yürütdüyünün bariz nümunəsidir.  X Qlobal Bakı Forumu bir daha nümayiş etdirdi ki, bu forum hər hansı bir tərəf tutmadan, hər hansı bir cəbhədə yer almadan dünyanı narahat edən obyektiv məsələlərin həlli istiqamətində müzakirələrin təşkil olunmasından ibarətdir.

Beləliklə, ölkəmizin beynəlxalq əməkdaşlığın gücləndirilməsi sahəsində təcrübəsi Forumda yeni ideyaların və təşəbbüslərin yaranmasına əhəmiyyətli töhfə verəcək və Qlobal Bakı Forumu mühüm platforma olaraq qalacaq.

Zərdab rayonu Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova

 

 

 

Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur

“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu iştirakçıların təmsilçiliyi və say tərkibi ilə müzakirəyə çıxarılan məsələlərin nə qədər önəmli və bugünümüz üçün aktual olduğunu nümayiş etdirir. Bu fikir dövlət başçısı cənab İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışında da xüsusi qeyd edildi ki, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Bu, həmsədrlərin, bütün İdarə Heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürüdür.

Forumda, həmçinin tədbir çərçivəsində keçirilən görüşlərdə səsləndirilən çağırışlar, ünvanlanan mesajlar bu gün nəinki ölkə, bütövlükdə dünya mətbuatında geniş şərh olunmaqdadır. Yeni dünya düzəninin formalaşdığı, postpandemiya dövrünün reallıqlarının müzakirə edildiyi bir zamanda bu mövzuda keçirilən Qlobal Bakı Forumunda hədəflərə çatmaq üçün birgə səylərin göstərilməsinə, yeni yanaşmaların ortaya qoyulmasına çağırışlar edildi. Bir daha qeyd edildi ki, qarşıda ümumi çağırışlar var. Pandemiya dövründə milyonlarla insan həyatını itirdi. Bu gün isə iqlim dəyişikliyi ilə yanaşı, su qıtlığı, ərzaq təhlükəsizliyi daha qabarıq şəkildə ortaya çıxır. Hazırda dünyada nə qədər insan aclıqdan əziyyət çəkir. Bu cür çağırışların həlli yolları tapılmalıdır. Yeni ümidlər yaradılmalı və gələcəyə – sabaha baxmalıyıq. Səhv və doğru addımların nədən ibarət olduğunu bilməliyik. 61 ölkədən 360-dək nümayəndə belə bir ümidlə yola çıxaraq müzakirələr aparmaq üçün X Qlobal Bakı Forumuna toplaşdı. İştirakçıların təmsilçilik səviyyəsinə diqqət yetirsək görərik ki, Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri iştirak edirlər. Bu, bir tərəfdən Forumun əhəmiyyətinin, digər tərəfdən isə Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Bu, ondan irəli gəlir ki, Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır, dünyanı narahat edən problemlərə böyük həssaslıqla yanaşır, çıxış yollarını göstərir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir

Azərbaycanda tarixən müxtəlif xalqlar və dini icmalar məskunlaşmış, onlar ölkəmizin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamış, eyni zamanda Azərbaycan dövlətinin yürütdüyü məqsədyönlü siyasət sayəsində öz etnomədəni xüsusiyyətlərini, inanclarını, yaşam tərzlərini və adət-ənənələrini qoruyub-saxlamış, hətta qarşılıqlı mədəniyyət mübadiləsi nəticəsində ümumazərbaycan mədəniyyətinə böyük töhfələrini vermişlər. Bu prinsiplərin təməli isə vaxtilə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndər çıxışlarının birində bu birliyin mahiyyəti və sarsılmaz gücü haqqında bunları demişdir: “Respublikamızın ən başlıca sərvəti əsrlərdən bəri bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan, müxtəlif millətlərdən olan, müxtəlif dinlərə etiqad edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirərsə, bir o qədər zəngin olar”.

Azərbaycanın onlarla etnik, dini, linqvistik qruplar əsrlər boyu heç bir ayrı-seçkilik olmadan yan-yana yaşayıblar. Azərbaycanın bu qürurverici tarixi erməni etnik azlığına mənsub şəxslərin Azərbaycanın bərabərhüquqlu vətəndaşları kimi reinteqrasiya olacaqlarına ən yaxşı təminat verir. Azərbaycan münaqişənin təsirinə məruz qalmış ərazilərdə yaşayan erməni əsilli vətəndaşların da öz siyasi, sosial, iqtisadi məkanına yenidən inteqrasiya etməsində qətiyyətlidir. Azərbaycan Respublikasının Konstitusiyası bununla bağlı möhkəm hüquqi bazanı təmin edir.

İnsan hüquqları məsələsinə gəldikdə, insan hüquqlarına və əsas azadlıqlara hörmət, konstitusiya və hüquqi çərçivədə cəmiyyətlərdə bərabər və ayrı-seçkisiz əsaslarla təmin edilməlidir. Bunu ATƏT-in ümumi prinsipləri və öhdəlikləri tələb edir.

Azərbaycanda bütün xalqların nümayəndələri rahat yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik olmayıb və olmayacaq. Ona görə Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir. Bu missiyanı Azərbaycan həm bugünkü siyasətinə, həm də tarixi keçmişinə görə öz üzərinə götürə bilər. Çünki etnik və dini mənsubiyyətə əsaslanan güc siyasəti bəşər tarixinin müasir inkişafında tənəzzül rolu oynayır, bir növ qlobal gərginlik oxuna çevrilərək təcavüz, qorxu, müharibələr və münaqişələr doğurur. Bu fonda sülh və əməkdaşlıq şəraitində yaşamaq məharəti dövlətlərin və xalqların özlərini qoruyub saxlamaq və qarşılıqlı fəaliyyət istəyi paradiqmasına əsaslanan baxışları nəzərdə tutur. Bu məqsədə qarşıdurma prinsiplərindənsə, qarşılıqlı fəaliyyət prinsipləri daha səmərəlidir. Xalqımız da ta qədimdən genişürəkli və humanist olması ilə səciyyələnir.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə

 

 

Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu əlamətdar hadisədir.

Forumda beynəlxalq təhlükəsizlik məsələləri, dünyada sülhün bərqərar olması, dayanıqlı inkişaf, günümüzdə mövcud olan və perspektivdə yarana bilən çağırışlara münasibət, onları önləməyin mümkün yolları müzakirə olunub. Forumda habelə hərbi münaqişələrə və bəşəriyyəti sarsıda biləcək digər məsələlərə – qida, iqlim, nüvə təhlükəsizliyi, yoxsulluq, bərabərsizlik, pandemiyalar, miqrasiya və sair məsələlərə münasibət bildirilir.

Forumun ilk günündə Prezident cənab İlham Əliyev öz dərin məzmunlu çıxışında beynəlxalq ictimaiyyəti narahat edən bir çox məsələlərə münasibət bildirdi, çox vacib mesajlar verdi. Bu sıraya Azərbaycanın Ermənistana sülh təklifi, Azərbaycanın beynəlxalq hüquqa və dialoq mədəniyyətinə sadiqliyi, ölkələr arasında mübahisələrin ərazi bütövlüyü və suverenlik prinsipi əsasında həll olunmasının vacibliyi, Qoşulmama Hərəkatında Azərbaycanın gördüyü böyük işlər, Bandunq Prinsiplərində əksini tapmış sülh, əməkdaşlıq, sərhədlərin toxunulmazlığı və sair məsələlər daxildir. Prezidentin Forumda Azərbaycandakı erməni azlığına dair səsləndirdiyi fikirləri də çox önəmlidir. Ölkəmizin çoxkonfessiyalı, çoxmillətli ölkə olduğunu vurğulayan Prezident, Qarabağ ermənilərinin tolerant və multikultural Azərbaycanda özlərini çox rahat hiss edəcəklərini, onların hüquqlarının Konstitusiyamızla qorunacağını deyib. Daha sonra ölkə Prezidenti “COVID-19”la mübarizəyə ölkəmizin töhfəsi, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın iştirakı, neft, qaz və yaşıl enerjinin nəqli və bir çox digər məsələlər haqqında məlumat verdi.

Dövlətimizin başçısı çıxışının əvvəlində Nizami Gəncəvi Beynəlxalq Mərkəzin fəaliyyətindən danışaraq dedi: “… Mən Mərkəzin adını daşıdığı dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə və irsinə olan dərin hörmətlə bağlı təşəkkürümü bildirmək istəyirəm. Nizami Gəncəvi Azərbaycanın qədim şəhərlərindən olan özünün doğma Gəncə şəhərində dünyaya göz açıb, yaşayıb, orada vəfat edib və dəfn olunub. Onun müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir”.

Cənab Prezidentin bu sözləri dahi Nizami Gəncəvinin şəxsiyyətini və yaradıcılığını mənimsəmək istəyənlərə ən gözəl və tutarlı cavabdır. Bu günlərdə İranın paytaxtı Tehranda keçirilən “Nizami Gəncəvi həftəsi”nin açılış mərasimində İran Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü şairi “fars zadəganlarından olan İran şairi” kimi təqdim edib. Onun “Gəncəvi məhz İranın təsiri altında yaradıcılıqla məşğul olub” sözləri narazılıqla qarşılanıb.

Nizami yaradıcılığı bütün elmi parametrlərinə – ideya-məzmun və bədii-estetik mahiyyətinə görə müəllifin məhz Azərbaycan türkü olduğuna heç bir şübhə yeri qoymur.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformadır. O, Azərbaycan həqiqətlərini də beynəlxalq ictimaiyyətə çatdırmaq üçün geniş imkanlar yaradır. Mərkəzin təşkilatçılığı ilə keçirilən X Qlobal Bakı Forumu dahi Nizaminin humanizm təliminin günümüzdəki məntiqi davamıdır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov

 

 

Münaqişələrin həlli iki cür olur – dinc yolla və qeyri-dinc yolla

Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə diqqət yönəldilərək bölünmüş dünyada dayanıqlılığın yaradılması, onun qlobal sülhə təsiri məsələləri geniş müzakirə edildi. Dövlət başçısı cənab İlham Əliyev dünyanı sarsıdan münaqişələrin həlli yollarından bəhs edərək bunun iki – dinc və qeyri-dinc yolunun olduğunu diqqətə çatdırdı. Ölkə Prezidenti artıq tarixə gömülmüş Qarabağ münaqişəsinin timsalında belə münaqişələrə yanaşmanı və çağırışları ifadə etdi. Azərbaycan 30 il münaqişənin sülh yolu ilə ədalətli həllini tapacağına ümid etdi. Bu dövrdə danışıqların imitasiya naminə aparıldığı diqqətdən yayınmasa da rəsmi Bakı ədalətin sonda qalib gələcəyinə, məsələnin sülh danışıqları əsasında həll ediləcəyinə böyük ümid bəslədi.

Ermənilər tarixi Qarabağ torpağımızda qeyri-qanuni məskunlaşdıqları ilk gündən Azərbaycana qarşı çirkin niyyətlərini işə salmış, bununla da məqsədli şəkildə toponimlərimizi dəyişməyə başlamışdır. Tarixi diqqətlə oxuyub, araşdıran hər kəsə agah olar ki, ermənilər son 200 il ərzində etnik azərbaycanlılara qarşı misli görülməmiş faciələr yaşatmışdır. Qarabağın Azərbaycana məxsusluğu, eyni zamanda ermənilərin tarixən xalqımızın başına gətirdiyi müsibətlər tarixi arxivlərdə öz yerini qoruyur. İstər 1905-1907-ci, istərsə də 1918-1920-ci illər xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir.

Lakin 2020-ci ildə erməni silahlı birləşmələri növbəti dəfə təxribatlar törədilməsinə cəhdlər göstərməklə Azərbaycan dövlətinin, xalqının səbir kasasını doldurdu. Belə ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmaları Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri əsasında əks-hücum əməliyyatına başlaması ilə nəticələndi. Azərbaycan özünümüdafiə hüququmuzdan, BMT-nin Xartiyasından, xüsusən də onun 51-ci maddəsindən istifadə edərək ərazilərini güc tətbiq etməklə azad etdi. BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan nizannaməyə uyğun olaraq Azərbaycan münaqişəni özü həll edib. Ötən ilin 27 sentyabrında başlayan və tariximizə 44 günlük Vətən müharibəsi kimi daxil olan əks-hücum əməliyyatlarında dövlət-xalq-ordu birliyinin və həmrəyliyinin təntənəsi olaraq erməni işğalçıları üzərində parlaq qələbə qazanaraq xalqımız öz qətiyyətini, əzmini bütün dünyaya nümayiş etdirərək tarixi torpaqlarını işğaldan azad etmişdir. Ermənistan törətdiyi bütün cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verməlidir və verəcəkdir.

Bu gün bir daha böyük fəxr və inam hissi ilə qeyd edirik ki, Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəz kimi dünyanın diqqətindədir.

Zərdab şəhər sakini, fəal gənc Cavid Məmmədov

 

 

Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir

Böyük Azərbaycan şairi və filosofu Nizami Gəncəvi Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə anadan olub və bütün ömrü boyu bu şəhərdə yaşayıb.

Nizami Gəncəvinin yaradıcılığında dövrünün ən humanist, ümumbəşəri ictimai-siyasi, idealları öz bədii əksini tapmışdır. Şair irqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edirdi. Humanist şair öz qəhrəmanlarının heç birinin milliyyətinə, dini görüşlərinə xələl gətirə biləcək yaradıcılıq metodlarından istifadə etmir. O öz qəhrəmanlarını ədalət, insanların, cəmiyyətin xoşbəxtliyi uğrunda yorulmadan mübarizə aparan şəxsiyyətlər kimi təqdim edir. İnsan şəxsiyyətinə layiqli hörmət və ehtiram göstərilməsinin zəruriliyi şairin yaradıcılığında xüsusi yer tutur.

Əsrlər əvvəl yaşamış və yaratmış bu dahi mütəfəkkir bütün bəşəriyyətin və hər bir insanın gələcəyini düşünmüş, hər bir insanın xoşbəxt və firavan yaşaya biləcəyi layiqli bir düzənini təbliğ etmişdir.

Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilmişdir. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratmışdır. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan Ümummilli Lider Heydər Əliyev Nizami irsinə də xüsusi diqqət yetirmişdir. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilmişdir.

Nizami Gəncəvinin yaşadığı dövrdən, əsərlərini qələmə aldığı zamandan bizi 800 ildən artıq zaman ayırsa da, onun əsərlərində milli mənsubiyyəti ilə bağlı toxunduğu mətləblər bu gün də günəş kimi parlaq, səma kimi aydındır.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

 

 

Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb, onları Qarabağdan sürgün salıb və bir milyon azərbaycanlıya əzab-əziyyət verib

Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasəti XX yüzilliyin tarixinə ən faciəli hadisələrindən biri kimi daxil olub. Onun nəticəsində bir milyondan çox Azərbaycanlı mənfi təsirlər görmüşdür. Azərbaycan ərazilərini işğal etmək məqsədilə həyata keçirilən hərbi əməliyyatlar hüquqi müstəvidə təcavüz kimi dəyərləndirilir.

Bu təcavüzkar siyasətin nəticələridir ki, dinc əhaliyə qarşı ağır cinayətlər törədilib, on minlərlə soydaşımız öz doğma yurdlarından qaçqın və məcburi köçkün düşüb. Ermənilər 200 mindən artıq azərbaycanlını fərq qoymadan qətlə yetirməklə həmin ərazilərdə etnik təmizləmə aparıblar.

Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın milli mədəniyyət ocaqlarına erməni təcavüzkarlarının vurduqları ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir.

İşğal altındakı ərazilərdəki Azərbaycanın yeraltı və yerüstü təbii və mədəni sərvətləri vəhşicəsinə talan edilərək Ermənistana daşınırdı. Ordumuzun qələbəsi sayəsində Azərbaycanın işğal edilmiş ərazilərində bu prosesə son qoyuldu.

Ermənistanın Azərbaycana qarşı təcavüzü dövlətlərarası müharibə deyil, bu transmilli erməni terrorizminin Azərbaycan xalqına və onun suveren dövlətinə qarşı təcavüzüdür.

Ermənistanın Azərbaycana qarşı təcavüzü sübut olunsa da, hətta bir çox xarici jurnalistlər bununla bağlı məqalələr, fotolar, video məlumatlar versə də, açıq-aşkar verilən sənədlərin varlığı belə onlar üçün heç bir ittiham səbəbi olmurdu. Çünki bu hal erməni havadarlarına sərf etməyəcəkdi. O insanlar insan həyatını satır və bu təcavüzlərə göz yumurdular. Haqq tələb etmək də bizim haqqımız idi. Biz öz haqqımızın hesabını çəkdik və qisasımızı aldıq.

Zərdab şəhər sakini, fəal gənc Kəmalə Xəlilli

 

 

Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir

Azərbaycanın dahi şairi Nizami Gəncəvi 1141-ci ildə Gəncədə anadan olub. O, Gəncədə doğulub böyüdüyünə görə Gəncəli mənasında Nizami Gəncəvi adıyla tanınıb. Şairin əsl adı İlyasdır. Nizami hələ uşaq ikən atasını, sonra da anasını itirib. Onun tərbiyə və təhsilini dayısı Xacə Ömər  öz üzərinə götürüb, böyüdüb.  Böyük şair “Leyli və Məcnun” poemasının müqəddiməsində atası ilə anasını, sonra da dayısını itirməsindən kədərlər içərisində bəhs edir. Nizami Gəncəvi dayısının himayəsində tək deyil, öz qardaşı Qivami Mütərrizi ilə birlikdə yaşayıb. Bu gənc qardaşlar, uğradıqları fəlakətə baxmayaraq, öz zamanlarına görə yüksək təhsil alıb, yaxşı yetişiblər. Nizaminin yüksək təhsil alması ona “müdrik” ləqəbinin verilməsindən aydın olur. Onun müdrikliyini, islam alimləri ilə yanaşı, tanınmış yunan filosoflarını “İsgəndərnamə”də danışdırması, onların dünyanın yaradılışı haqqındakı fikir sistemlərini özünəməxsus şeir dili ilə xülasə etməsi təsdiq edir. Bundan əlavə, şair öz şeirlərində tarixə, müqəddəs dinə, hikmətə, riyaziyyata, astronomiyaya dair geniş məlumata sahib olduğunu göstərib.

Nizaminin əsərlərinə yazdığı müqəddimələrdən çıxan məlumatlardan onun qədim dillərdən pəhləvi, nəsturi, yəhudi dillərini də bildiyini öyrənirik. O öz poemaları üçün topladığı materialları adi və geniş yayılan sadə mənbələrdən deyil, qeyd edilən qədim dillərdəki məxəzlərdən dəqiq tədqiqatlar vasitəsilə əldə etdiyini anlatmışdır.

Nizaminin dini mövzuda anlatdıqları da çox önəmlidir. Onun dövründə islam cəmiyyəti bir tərəfdən şiəlik və sünnilik məzhəbləri arasında gedən mübarizə, digər tərəfdən isə sufilər və şəriətçilər arasındakı mübahisələr içərisində çalxalanırdı.

Nizami Uca Allaha inanan, peyğəmbərə bağlı olan sadiq bir müsəlman idi.

O, islam cəmiyyətini bu gün belə parçalayan məzhəb və firqələrin apardığı mübarizənin fövqündə duran dar fanatizm, səbrsizlik və təmkinsizlikdən uzaq kamil bir təbiət və əxlaq sahibi idi. Atamız Nizami israfdan və dünya nemətlərindən sui-istifadədən, bəd əməllərdən və hər cürə düşkünlüklərdən özünü qorumaqla bərabər, həyatı sevir, həyat sevgisində özünəməxsus bir gözəllik tapır, gözəl və mənalı yaşamağı  ürəkdən diləyirdi.

Dahi şairimiz Nizaminin həyatı doğulduğu Gəncə şəhərində keçib. O, təvazökarlıq və   qənaətə riayət edərək zahidanə sadə bir həyat tərzilə yaşayıb. Təvazökarlıq Nizami  həyatının ana xətti olub. Təvazökarlıqla eyni mənbədən gələn gözütoxluq şairə məxsus olan bir məziyyətdir. Onun nəzərində hər bir adam ancaq öz gözütoxluğu ilə əsl böyüklüyünü tapır və yalnız xalqa möhtac olmadıqca azadlığın həqiqi zövqünü dadır. Nizami  Gəncəvi dövrünün şairlərindən fərqli olaraq hökmdarların qapılarından uzaqlaşıb  təvazökar bir həyat tərzində yaşayıb

Beləliklə, dünyanın ölməzləri sırasına girən Nizami, həyatında arzu etdiyi kimi, ömrünün sonuna qədər özünə sadiq qalan şəxsiyyəti ürfan əhlinin mənəvi ziyarətgahı olub.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir

Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı çoxkonfessiyalı diyar kimi tanınmışdır. Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması bu gün beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Bu, bizim böyük sərvətimizdir. Bu gün Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan Azərbaycan tolerant, mehriban birgəyaşama mədəniyyəti baxımından artıq dünya üçün bir örnəkdir. Tarixən müxtəlif xalqların və dinlər arasında qarşılıqlı hörmətə və etimada əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətlərinin ölkəmizdə mövcudluğu yüksək tolerantlıq ənənələrinin formalaşdığı dünyəvi, çoxmillətli və çoxkonfessiyalı dövlət kimi təqdim edir. Bu gün dünya ictimaiyyəti Azərbaycanın nümunəvi tolerantlıq, multikulturalizm modelini, dinlərarası dialoq mədəniyyətini qəbul edir və öyrənir. Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri birgə yaşayır və ölkəmizin uğurlu inkişafına töhfələrini verirlər. Azərbaycanda ölkə rəhbərliyi tərəfindən bütün dinlərin dinc və harmoniya şəraitində mövcud olduğu əlverişli mühit yaradılıb. Azərbaycan öz dini müxtəlifliyi ilə fəxr edir.

Azərbaycan regionun ən sabit və lider ölkəsi kimi tanınmaqdadır. Hətta 44 günlük Vətən müharibəsində belə Azərbaycan Ermənistan ilə arasındakı problemini müsəlman-xristian münaqişəsinə çevirmədi. Çünki Azərbaycanın müstəqilliyini müdafiə edən insanlar arasında müxtəlif dinlərin daşıyıcıları var idi. Baxmayaraq ki, Ermənistan işğal dövründə bütün dini, tarixi, mədəniyyət abidələrimizin qəsdən, bilərəkdən dağıtmış, amma xalqımız tolerantlığın ən bariz nümunəsi kimi Bakının mərkəzində erməni kilsəsini qoruyub saxlamışdır. Çünki tolerantlıq və multikulturalizm Azərbaycanda əsrlərdən bəri tarixi dəyər kimi formalaşıb. Onun bütün vacib xüsusiyyətləri, mənəvi və psixoloji potensialı, dini loyallığı, bəşəri dəyərlərə açıqlığı azərbaycanlıların həyat tərzinə çevrilib.

Otuz ilə yaxın işğal müddətində erməni vandalları tarixi Azərbaycan torpaqlarında mədəni irsi məhv etmək üçün əllərindən gələni əsirgəmədilər. Qarabağda, Şərqi Zəngəzurda qədim mədəniyyət abidələrini uçurub-dağıtdılar. Vətən müharibəsindən sonra həmin bölgələrdə Azərbaycan dövlətinin qərarı ilə genişmiqyaslı və sürətlə bərpa, tikini-quruculuq işlərinə start verildi.

Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirakı zamanı cənab Prezident ermənilərin Azərbaycanda yaşamasına münasibət bildirərək diqqətə çatdırmışdır ki, ölkəmizdə müxtəlif mədəniyyətlərə və dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində bir ailə kimi yaşaya bilərlər. Eyni zamanda da ermənilərin Azərbaycanda yaşamasına dair heç bir problem yoxdur. Azərbaycanda bütün xalqların nümayəndələri rahat yaşayırlar, bütün hüquqlardan istifadə edirlər. Heç vaxt Azərbaycanda milli, dini zəmində ayrı-seçkilik olmayıb və olmayacaq. Ona görə Azərbaycanda yaşayan ermənilərin hüquqları, təhlükəsizliyi Azərbaycanda yaşayan digər xalqların təhlükəsizliyi, hüquqları qədər önəmlidir. Bu missiyanı Azərbaycan həm bugünkü siyasətinə, həm də tarixi keçmişinə görə öz üzərinə götürə bilər. Çünki etnik və dini mənsubiyyətə əsaslanan güc siyasəti bəşər tarixinin müasir inkişafında tənəzzül rolu oynayır, bir növ qlobal gərginlik oxuna çevrilərək təcavüz, qorxu, müharibələr və münaqişələr doğurur. Bu fonda sülh və əməkdaşlıq şəraitində yaşamaq məharəti dövlətlərin və xalqların özlərini qoruyub saxlamaq və qarşılıqlı fəaliyyət istəyi paradiqmasına əsaslanan baxışları nəzərdə tutur. Bu məqsədə qarşıdurma prinsiplərindənsə, qarşılıqlı fəaliyyət prinsipləri daha səmərəlidir. Xalqımız da ta qədimdən genişürəkli və humanist olması ilə səciyyələnir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

 

Biz ermənilərdən fərqli olaraq hər hansı hərbi cinayət törətmədik

2020-ci ildə baş vermiş 44 günlük müharibə Azərbaycan tarixinə əzm, mübarizə, şərəf və ləyaqət simvolu kimi yazıldı. Azərbaycan müharibə qaydalarına, beynəlxalq hüquq normalarına tam əməl etdi, mülki əhalini hədəf seçmədi, savaşda humanizm prinsipinə sadiqlik nümayiş etdirdi. 30 ilə yaxın müddət ərzində torpaqlarımızı işğal altında saxlayan, tarixi – dini və mədəni abidələrimizi dağıdan, sərvətlərimizi mənimsəyən Ermənistan isə müharibə zamanı – növbəti dəfə faşist, cinayətkar mahiyyətini nümayiş etdirdi. Gəncə, Tərtər, Bərdə kimi şəhərlərin ağır artilleriya silahları ilə atəşə tutulması, nəticədə mülki şəxslərin həlak olması və yaralanması erməni vandalizmin bariz nümunəsi idi. Bütün bunların fonunda dünya bir daha reallıqları gördü. Bununla yanaşı, İkinci Qarabağ müharibəsi bir çox cəhətləri ilə dünya hərb və siyasət tarixinə əbədi həkk olundu. Güclü Azərbaycanın qüdrətli ordusu Ermənistanın 30 il müddətində havadarlarının dəstəyi ilə qurduğu ordunu darmadağın etdi. Çox sayda tank, artilleriya qurğuları, raket sistemləri, canlı qüvvə məhv edildi, hərbi texnika, silah-sursat ələ keçirildi. Ermənistan tərəfinin tankları, zirehli texnikaları, radar sistemləri və səngərləri Azərbaycanın hərbi dronları üçün ov oldular. PUA-lardan səmərəli istifadə olunması XXI əsrin müharibəsinin əvvəlki savaşlardan fərqli olduğunu göstərdi. Bütövlükdə, XXI əsrin modern müharibə modeli və hərb strategiyası Azərbaycana cəmi altı həftəyə Ermənistanı təslim olmağa məcbur etdi. Nəhayət, Ermənistan ordusu, ermənilərin özləri haqqında yaratdığı “məğlubedilməzlik” mifi darmadağın oldu. Əlbəttə, bu qələbə təkcə silah-sursat və texnika hesabına təmin edilmədi. Yüksək döyüş qabiliyyəti, taktiki və strateji hazırlıq, nümunəvi vətənpərvərlik ruhu, milli həmrəylik və digər mühüm amillər Azərbaycanın mütləq qələbəsini şərtləndirən mühüm faktorlar kimi xüsusi qeyd edilməlidir. Bütün bunlar XXI əsrin müharibəsinin Azərbaycan modelini əks etdirir. Və bu təcrübənin dünyada, o cümlədən aparıcı hərbi məktəblərdə geniş öyrənilməsi – nümunə kimi göstərilməsi ölkəmizin hərbi-strateji qüdrətinin və siyasi prestijinin əyani ifadəsidir.

Haqq savaşını möhtəşəm Qələbə – tarixi Zəfər ilə yekunlaşdıran Azərbaycan postmüharibə dövründə yeni nailiyyətlərə imza atır – dünya daha güclü Azərbaycanın uğurlarına şahidlik edir. Tarixi Qələbə ovqatında Zəfər yürüşü davam edir. Əziz Şuşanın, doğma Qarabağın Xilaskarı cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə mütəmadi səfərləri bu yürüşün davamı – Qələbə təntənəsidir. Həmin ərazilərdə kənd və şəhərlərimizin, mədəni irsimizin bərpa olunması, yeni reallıqlar əsasında ölkəmizin və regionumuzun gələcəyinin inşa edilməsi Azərbaycanın milli gücünün artması deməkdir. Ən əsası, Azərbaycan müharibənin bitməsi – yeni mərhələnin başlanması reallığını qəbul etdirib, regionda yeni əməkdaşlıq və təhlükəsizlik mühiti formalaşdırıb. İndi Azərbaycan Zəfər marşındadır! İlham Əliyev Azərbaycanı Zəfər yolu ilə yeni nailiyyətlərə, qələbələrə aparır – üçrəngli bayrağı Qələbə zirvəsində dalğalanan qalib və qüdrətli ölkənin qarşısında yeni perspektivlər açılır!

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva