Novruz, yoxsa Qurtuluş bayramı?

0
506

Azərbaycan Türk mütəfəkkiri, milli ideoloq Məhəmməd Əmin Rəsulzadənin Novruz bayramı ilə bağlı yazdığı məqalələrdə İran və Turan məsələsini gündəmə gətirməsi, həmin bayramın əslində türklər, o cümlədən Azərbaycan türkləriylə bağlı olmasını müdafiə etməsi təsadüfi deyildi. Rəsulzadə yazırdı ki, türklərin tilsimlənmiş mühasirədən çıxdıqları gün (Ərgənəqon) martın 9-u imiş, moğollar da əski türklərdə martın 9-nu bayram saxlayarlarmış. Demək, Novruz bayramı da əsla türklərə yabançı bir şey deyildir. Rəsulzadəyə görə, Qurd ilə 9 rəqəminə türklərdə, türk asari-tarixiyyəsində böyük bir ehtiram görülür. Rəsulzadə yazırdı: “Türk ənənəsi, türk əsatiri və türklərin imdiki məişətləri Novruzun kəndilərinə yabançı bir şey olmadığını göstəriyor. Bütün Türkistan – bu əski Turan – Novruzu İran qədər bənimsəmişdir. Azərbaycan, bəlli Türkiyə dəxi martın 9-nu ailələr içində mütədəvvəl xüsusi bir ənənə ilə yad edər… Uzun bir vəqt öylə düşünülüyordu ki, bu təsir İrandan keçmişdir. Fəqət, İran ilə Turanın daima biri-birilə vuruşduğu halda, sırf İran ənənəsi olan Novruzun nədən dolayı turanlılar tərəfindən də böylə əzizlənməsi bir az şübhəli idi. Qədim türk və moğol ənənələri və əsatiri haqqında başlamaqda olan tədqiqat ortaya moğollarca məşhur olan “qurtuluş” əfsanəsini çıxarıyor ki, bu əfsanəcə dəmirdən yapılma bir “sədd” vasitəsilə “Ərgənəqon” da hasarlanıb qalmış olan türkləri bozqurd (Pörtəcnə) bu gün xilas etmişdir. Demək ki, bu gün turanlılardan ötrü qurtuluş bayramı olmuşdur”. Rəsulzadənin fikrinə görə, qurtuluş, qurtulmaq kimi sözlər heç şübhə yoxdur ki, qurd sözündən törəmişdir. Başqa sözlə, nicat və azad olmaq mənasına gələn türkcə qurtulmaq və qurtuluş sözləri həmin qurd və olmaq kəlimələrindən ibarətdir. Deməli, qurtulmaq sözü ehtimal qurd olmaq deməkdir ki, qurd kimi yol bulub Ərgənəqondan çıxmağa dəlalət edir. Rəsulzadə yazırdı: “İranilərin babası olan İrəc, turanlıların babası olan Tur və ərəblərin babası olan Sam Yafəsin oğlanları idi. İranilər ilə turanilərin sonra ərəblər ilə bunların vuruşması, qardaşlar və əmioğlanları arasında görülməkdə olan vuruşmalar qəbilindən qeyri-təbii olmadığı kimi, aralarından müştərək ənənə dəxi ortaqlı bir baba malı kimi təsəvvür oluna bilməzmi? Turanilik olsun – deyə Novruza qarşı çıxmaq bəncə Şərq və İslam millətlərindən iki böyük ünsür arasında lüzumsuz soyuqluq salmaqdır. Bundansa zatən şərikli olan bu günü heyvanat, nəbatat, xülasə bütün kainatla bərabər istiqbal edərsək, daha münasib olmazmı?”. Rəsulzadə hesab edirdi ki, bir çoxları 11-ci əsrdə Türk Səlcuqlardan Cəlaləddin Məlikşahın yeni təqvimlər düzəldərək “İran”da Novruz ənənəsini bərpa etməsini, Türk Qəznəlilərdən Sultan Mahmud Səbiktəkinin fars şairi Firdovsiyə, məzmunu iranlıların turanlılar əleyhində icra elədikləri “pəhləvanlıqları” şeirləndirən bir “Şahnamə” yazdırtmaq qəbilindən bir xəta kimi görsələr də, bunu ancaq bu cür dəyərləndirmək doğru olmaya bilər: “Fəqət elmi-fənn sevgilisi olan Cəlaləddini bu fikrə sövq edən gizli və hiss edilməz amillərdən birisi də novruzun turanlılarca bir “qutuluş” günü olduğu ənənəsi olmasın?… Hər halda gözəl baharın, qışın öldürücü “siyəhcal”ından çıxması ilə turanilərin “Ərkənəqon” məhbəsindən qurtuluşlarına təsadüf edən bir günü elmi və fənni surətdə təyin edən böyük Səlcuq hökmdarı bu xüsusda müvaxizə deyil. Təqdir olunmalı!…”. Deməli, Rəsulzadə iranlıların Novruzuna qarşı turanlıların Qurtuluş gününü ya da Ərgənəqonu irəli sürmüşdür. Bu anlamda Rəsulzadəyə görə Turanlılar üçün mücadilə vermək və mücadiləçi olmaq daha çox önəmlidir: “Turan cinsi təbiət qədər mətin, onun qədər qüvvətlidir. Təbiət o qüvvətilə, o məhəbbətilə əsir qalar da, sonra tazələnməyə, donuşluqdan qurtulmağa ehtiyac göstəriyor. Turan qövmlərindən ötrü də qışlar, donmuşlar sovuqlar vardır. Bunlardan qurtulmaq dəxi kəndilərinə müqəddərdir. Əski moğol əsatiri bu qurtuluşlardan birini martın 9-da sorağ veriyor. Təbiətin bayram etdiyi bu gün turanilərin də qurtuluş günüdür”.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, dosent Faiq Ələkbərli