Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada baş tutan görüşü zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan nümayəndələri ilə oturmasına prezident administrasiyası rəhbərinin müavini Novruz Məmmədovmünasibət bildirib. O, bunun planlaşdırıldığını, yoxsa təsadüf olduğunu ANS-ə açıqlayıb.
“Fransanın nümayəndə heyəti də bizim nümayəndə heyətinin yanında oturmuşdu. Ya belə olmalı idi, ya da belə. İndi bu cür alınıb. Mən buna hansısa bir siyasi məna vermək istəmirəm. Çünki əslində bu hadisələr zamanı Rusiya Federasiyası başda Rusiya prezidenti olmaqla münaqişənin belə olmasında maraqlı olmadıqlarını, atəşkəsin təmin edilməsi və bu görüşün baş tutması üçün bu səviyyədə fəal və maraqlı olduğunu nümayiş etdirdi”, – deyə Novruz Məmmədov prezidentlərin görüşünü şərh edərkən bildirib.
Ermənistanın prezidenti Serj Sarkisyan özü də Lavrovun yanında oturmasına münasibət bildirib.
O deyib ki, bu, əvvəlcədən razılaşdırılmamışdı. “Düşünürəm ki, hazırkı reallıqda bunun böyük əhəmiyyəti yoxdur”. “Hazırkı reallıq” sözləri ilə Sarkisyan son vaxtlar Rusiya ilə soyuyan münasibətlərinə işarə edib.
Apreldə baş verən hadisələrdən sonra Ermənistan və Rusiya arasında münasibətlər kəskinləşib. Rəsmi İrəvan və Ermənistan cəmiyyəti açıq formada aprel məğlubiyyətinə görə Rusiyanı günahlandırıb. Çünki ermənilər düşünürlər ki, Azərbaycan Rusiya silahları ilə Ermənistan əsgərlərini öldürür.
Rusiya isə Azərbaycana silah satışı ilə bağlı açıqlamasıda dedi ki, rəsmi Moskva Bakıya silah satmağa davam edəcək. Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin mətbuata müsahibəsində bildirib ki, əgər Moskva Dağlıq Qarabağ münaqişəsi tərəflərinə silah satışından əl çəkərsə, Rusiyanın yerini ABŞ və digər ölkələr tutacaq. “Biz Azərbaycan və Ermənistana silahı maraqların balansına əməl etməklə satırıq”.