Nodar Şaşıqoğlu “Ginessin rekordları kitabı”na niyə düşmədi?

0
1251

 

Arazinfo.com Publika.az-a istinadən  “Uzaq sahillərdə”nin Mixaylosu, “Telefonçu qız”ın Zakiri, “Leyli və Məcnun”un Qeysi, şöhrətli aktyor Nodar Şaşıqoğlunun övladı Nodar Şaşıqla müsahibəni təqdim edir:

– Nodar, bugünlərdə böyük sənətkarımızın 90 illik yubileyi keçirildi. Sizi də həmin xatirə gecəsində gördüm. Təbii ki, fikirlər müxtəlifdir. Şəxsən mən sizi atanız Nodar Şaşıqoğluna çox bənzətdim.

– Təşəkkür edirəm. Təbii ki, bənzərlik var.

– Siz doğulanda atanız neçə yaşında idi?

– Atamın 55 yaşı olanda dünyaya gəlmişəm. Elə mənə də öz adını verib.

– Bildiyim qədərilə Sankt-Peterburqda doğulmusunuz.

– Bəli, amma mən doğulanda şəhərin adı Leninqrad idi. Məktəbi də, universiteti də orada bitirdim. Həmin illərdə valideynlərim artıq boşanmışdılar və atam Bakıya köçmüşdü. Burada Rus Dram Teatrında fəaliyyət göstərirdi. Bir dəfə zəngləşəndə mənə dedi ki, gəl mənimlə yaşa, buradakı ali məktəblərin birində də təhsilini davam edərsən. Mən də əşyalarımı toplayıb, atamın yanına köçdüm. Xəzər Universitetində ali təhsilimi tamamladım. İlk aylar o qədər çətin idi ki, hətta depresiyaya düşmüşdüm. Təsəvvür edin, mentalitet, adət-ənənə fərqi var və Rusiyadan gəlmiş gənc bütün bunlara alışmalıdır.

– Bəs bu gəncin hazırki aqibəti necədir?

– İndi Bakıya da, bu şəhərin məftunedici koloritinə də elə alışmışam ki, Piterə gedəndə 1 həftədən artıq qala bilmirəm. Sanki çox güclü bir qüvvə məni geriyə çəkir.

– Maraqlıdır niyə aktyorluq peşəsini seçmədiniz?

– Əvvəllər belə bir fikrim vardı. Sonra vaz keçdim. Əslində mənim peşəm də incəsənətin bir növüdür. İnteryer dizayneriyəm. Öz şirkətim var.

– Ailəlisiniz?

– Bəli. Həyat yoldaşım da dizaynerdir. Bir qızımız da var.

– Dediniz valideynləriniz ayrılandan sonra atanız Bakıya köçdü. Bəs qəlbinizdə bir inciklik yaranmadı ona qarşı?

– Əsla. Çünki valideynlərim ayrılandan sonra da çox isti münasibətləri vardı. Atam dünyasını dəyişdiyi günədək anamla telefonla danışırdı. Anam indi də Bakıya gələndə birinci atamın məzarını ziyarət edir. Çünki onların arasında qadın-kişi münasibətindən əlavə möhkəm dostluq əlaqəsi vardı.

– Ananız milliyətcə rusdur?

– Bəli.

– Bəs atanız?

– Atam bildiyiniz kimi Gürcüstanın Batumi şəhərində doğulmuş acar türkü idi. Buna baxmayaraq, azərbaycanlı, rus qanı da vardı.

– Bəlkə də bu fakt onun xarici görünüşünə birbaşa təsir edib. Çünki, Azərbaycan kino sənətinin ən yaddaqalan, xarizmatik simalarından biri idi və əminəm ki, çox xanımların ağlını başından alırdı.

– Həqiqətən yaraşıqlı kişi idi. Bilmirəm, bəlkə də buna görə ona yalnız tarixi qəhrəmanları canlandırmağı təklif edirdilər. Özü də deyirdi ki, mənə heç vaxt dələduzları, zəif insanları oynamaq təklif etməyiblər. Axı bu tipajları ekrana, səhnəyə gətirməyə hacət yoxdur. Dünyamız onsuz da günah içindədir.

– Yəqin ki, həyatında çox qadın olmuşdu. Bəs sizdən başqa övladı var?

– Atam 20 yaşı olanda Moskvaya köçür. Burada ali təhsil aldığı dövrdə bir qızla tanış olur. Bir müddət birgə yaşayandan sonra Sergey adlı oğulları doğulur. Atam da gənc aktyor idi. Hər gün teatrda çəkilişlər, incəsənət ehtirası, digər qadınlar… Ailə isə yaradıcı insanın sanki ruhunu zəncirləyir. Odur ki, həmin xanımla ayrılıb, Bakıya gəlir. “Uzaq sahillərdə”, “Telefonçu qız” və digər ona şöhrət gətirən filmlərdə rol alır.

– Bəs qardaşınızın indi neçə yaşı var?

– Yəqin ki, 70-ə yaxın…

– Atanızla münasibəti vardı?

– Təbii ki. Xüsusən də son illər atam Sergeylə tez-tez telefonla danışırdı.

 

– Nodar Şaşıqoğlu omrünün son illərinədək səhnədə oldu.

– Bəli. Demək olar ki, bütün gününü Rus Dram Teatrında keçirdirdi. Məşqlər, yeni tamaşalar… Bu insanın enerjisi tükənmirdi. 80 yaşında saatlarla səhnədə olmaq, “Kral Lir” kimi mürəkkəb obrazın öhdəsindən gəlmək, monoloqlar səsləndirmək hər kəsin bacaracağı iş deyil. Hətta “Ginessin rekordları kitabı”nın bir addımlığından geri döndü. Çünki 5000 avro ödəniş etmək lazım idi. Teatrın büdcəsində isə bu məbləğ olmadığından atamı siyahıya almadılar. Bu faktı nəzərə almasaq, deyə bilərik ki, Nodar Şaşıqoğlu “Ginnesin rekordları kitabı”na düşən yeganə azərbaycanlı aktyordur.

– Təbii ki, bu bir biznesdir. Önəmlisi odur ki, atanız kinosevərlərin qəlbində layiqli yerini tutub. Bəs kinodakı obrazları arasında hansını daha çox sevirdi?

– “Uzaq sahillərdə” filmindəki obraz atamın səhnə pasportu idi. Amma özü daha çox “Leyli və Məcnun”dakı Məcnun obrazını sevirdi. Hər zaman deyirdi ki, bu əsərin bədii ağırlığı, dəyəri onun üçün daha önəmlidir.

– Amma etiraf edək ki, hər kəs onu “Mixaylo” deyə çağırırdı. Bu rol onun həyatının sanki bir hissəsi idi.

– Hardasa 14-15 yaşım vardı. Bakıda atamın 70 illik yubileyi keçirilməli idi. Biz də anamla bura gəlmişdik. Hansı mağazaya gedirdiksə, televizorda “Uzaq sahillərdə” filmi nümayiş olunurdu. Bu film sanki bütün şəhərdə himn kimi səslənirdi. Onda anladım ki, Mixaylo da, Nodar Şaşıqoğlu da həqiqətən xalqın sevimlisidir.

– Film bədii süjet xəttinə görə olduqca mürəkkəbdir. Xüsusən də son səhnələrdə insan göz yaşlarını saxlaya bilmir. Bəs çəkiliş zamanı gülməli hadisələr baş vermişdimi? Atanızın söylədiklərindən xatırladığınız nələrsə varsa, danışın, bizə də təskinlik olsun.

– Atamın bu filmlə bağlı parlaq xatirəsi çox idi. Danışırdı ki, “Uzaq sahillərdə”nin əsas çəkilişləri Bakıda baş tutmuşdu. Ancaq Riqada da bir neçə səhnə çəkilmişdi. Təsəvvür edin, şəhər əhalisi gecə sovet hakimiyyətinin hökm sürdüyü Riqada yatır. Səhər oyanıb, küçələrə çıxırlar ki, hər yerdə alman əsgərləri gəzir, addımbaşı faşist bayraqları asılıb. Təşvişə düşən əhaliyə izah olunur ki, bu sadəcə müharibədən bəhs edən filmin çəkilişi üçün qurulan meydançadır. Bir də Yaltada çəkilişlər olmuşdu. Atam deyirdi ki, uzun müddət yeraltı tunel qazılıb. Mixaylo ilə Veselin də o dəhlizdə suyun içərisi ilə getməli idilər. Özü də filmdə “çimmək” səhnəsi varsa, bu səhnələr tərslikdən qış aylarında çəkilir. Hər dubldan sonra bizə 100 qram “cəsarət içkisi” verirdilər. Sonra yenidən başımıza qar yağa-yağa, buz kimi gölməçəyə girirdik.

İtaliyada baş verən hadisələri isə Bakıda çəkmişdilər. Atam möhtəşəm memarlıq nümunələri, gözəl insanlarla bəzənmiş Bakı gecələrinə elə ilk çəkiliş günündə aşiq olmuşdu.

– Atanız çox şöhrətli aktyor idi. Həm Azərbaycanın, həm də Rusiyanın Xalq artisti adına layiq görülmüşdü. Bəs özünün sevdiyi aktyorlar vardımı?

– Xarici aktyorlardan Robert de Niro, Al Paçinonu çox sevirdi. Azərbaycan səhnəsində isə Rasim Balayevin yaradıcılığını yaxından izləyirdi. Çox yaxşı münasibətləri vardı.

– Nodar Şaşıqoğlu 86 il ömür sürüb. Yəqin ki, sağlam həyat tərzinə üstünlük verirdi.

– Bulvarda gəzişməyi çox sevirdi. Hər səhər idman edirdi, amma siqaret çəkmək vərdişindən heç cür əl çəkə bilmirdi. Bayramlarda az miqdarda spirtli içki də içirdi. Ümumiyyətlə, atam bayramları, xüsusən də Yeni ili çox sevirdi. Adətən yaş artdıqca insan üçün doğum günləri adiləşir. Məsələn, mənim artıq 35 yaşım var, ad günlərimi əvvəlki həvəslə qeyd etmirəm. Atamsa hər il doğum gününü böyük sevinclə gözləyər, uşaq kimi həvəslə qeyd edərdi. Ümumiyyətlə yaşamağı, insanları sevirdi. Hətta küçədə ona yaxınlaşan pərəstişkarlarını, jurnalistləri çox mehriban qarşılayırdı. Heç vaxt müsahibə təkliflərini geri çevirməzdi.

– Bəs ömrünün son illərində ilham pərisi vardımı yanında?

– (Gülürük) Yox, hətta deyirdi, mən indi anlayıram ki, kişinin ən böyük problemi həyatındakı qadındır. Qadınsız yaşamaq daha rahatdır.

– Sizcə, atanız aktyor olmasaydı, hansı ixtisası seçərdi?

– Məncə, mühasib olardı. Yəqin deməyimə ehtiyac yoxdur ki, sırf teatr aktyoru kimi çalışıb, ailənin maddi ehtiyaclarını ödəmək mümkün deyil. Atam da peşəsindən əlavə xırda bizneslə məşğul olurdu. Bu işdən böyük gəlir əldə etməsə də, müəyyən məbləğdə qazancı olurdu. Özü də bir şəriki vardı. Bu adam da həmişə ona qarşı dələduzluq edirdi və hər dəfəsində atam onu bağışlayırdı. Çox mülayim insan idi.

 

– İndi sizin də şəxsi biznesiniz var. Atanız qədər yumşaq qəlbli ola bilirsinizmi?

Təbii ki, mən bağışlamağı bacarıram amma ehtiyatı heç vaxt əldən vermirəm.

– Siz doğulanda atanız yaşının müdrik çağında idi. Lakin buna baxmayaraq “atalar və oğullar” problemi hər zaman olub… Heç sözünüz çəp gəlirdi?

– Biz birgə zaman keçirməyi çox sevirdik, amma bəzən mübahisəmiz də düşürdü. Atam tez alışıb, tez sönən, emosional insan idi. Bir də görürdün üstümə qışqırdı. Həmin vaxt mən susmağa üstünlük verirdim, çünki 5 dəqiqədən sonra qucaqlaşıb, barışırdıq.

– Nodar, müsahibə təklifimi geri çevirmədiyiniz üçün minnətdaram.

– Əksinə, məni axtarıb, tapdığınız üçün, atama dəyər verdiyiniz üçün siz sağ olun. Fürsətdən istifadə edib, Nodar Şaşıqoğlunun 90 illik yubileyini yüksək səviyyədə təşkil etdikləri üçün cənab prezident İlham Əliyevə, Mədəniyyət və Turizm Nazirliyinə, həmçinin Rus DramTteatrının kollektivinə təşəkkür edirəm.

– Yenə vurğulayıram, atanıza bir almanın iki yarısı kimi bənzəyirsiniz. Nə bilmək olar, bəlkə bir gün hansısa peşəkar komanda “Uzaq sahillərdə” kimi gözəl layihələr gerçəkləşdirməyə qərar verəcək və biz yenidən Nodar Şaşıqoğlunu efirdə görəcəyik.

– Bəlkə də… Bunu gələcək göstərər.

Leyla Sarabi

BIR CAVAB BURAXIN