Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir

0
1345

Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir

Azərbaycanın dahi şairi Nizami Gəncəvi dünya ədəbiyyatında parlaq səhifə açmış nadir şəxsiyyətlərdəndir. Şairin əsərlərini solmayan bir çiçəyə bənzətsək, yəqin ki, səhv etmərik. Çünki Nizaminin poeziyası əsrlərdən bəri öz təravətini daim saxlamış, əbədiyaşarlıq nümunəsi kimi dünya mədəniyyətinə, ədəbiyyatına ölməz incilər bəxş etmişdir.  İnsanın daxili dünyasının, onun hislərinin təsviri, əsas qəhrəmanların xarakter formalarının dinamik inkişafı ilə birlikdə düşüncələri Nizami ədəbi məktəbinin tərkib hissəsidir. Nizami Şərq xalqlarının ədəbiyyatına çox yüksək insan idealları və yeni peşəkar nailiyyətlər gətirib və ədəbiyyatda yeni istiqamət açıb. O, həmişə ədəbiyyatı real həyatla bağlamağa can atıb. Bəşəriyyətin böyük şairi olmaqla o, insanları alicənablığa, ləyaqətə səsləyirdi. Dünya filosoflarının ideyaları və mədəni irsi Nizami tərəfindən insanların arzuladıqları mükəmməl gerçək həyat modeli kimi məharətlə təqdim edilib. Nizami Şərq ədəbiyyatında ilk şairdir ki, qadını yüksək insani keyfiyyətlərə malik varlıq kimi təsvir edib: cəsur, mərd, əxlaqlı. O, sübut edir ki, qadınlar həyatın müxtəlif sahələrində kişilərlə bərabər şərtlərlə aktiv fəaliyyət göstərə bilərlər.Onun xalqımızın mədəni sərvətinə çevrilən əsərləri Azərbaycanla yanaşı, dünya xalqlarının da tarixi keçmişini və adət-ənənələrini özündə əks etdirir. Onun, müxtəlif ictimai, mədəni və elmi mövzuları işıqlandıran beş məsnəvisi bütün şərq ölkələrində böyük məşhurluğa malik olmuşdur ki, bunu da, şairin əsərlərinin çoxlu sayda və müxtəlif dövrlərə aid əlyazmalarının dövrümüzə çatması sübut edir. Nizaminin həyatı haqqında çox az məlumat saxlanılsa da, dəqiq bilinir ki, o, saray şairi olmamış, çünki bu halda dürüstlüyünü itirəcəyindən qorxmuş və ilk növbədə azad yaradıcılıq imkanı arzulamışdır.Nizami öz dövrünün böyük vətənpərvəri olmuş və Şərq incəsənətinin inkişafında əvəzedilməz rol oynamışdır.Nizaminin “Xosrov və Şirin”, “Leyli və Məcun” və “İsgəndərnamə” kimi əsərlərinin qəhrəmanları, indi də, bütün islam ölkələrində, eləcə də dünyada tanınmaqdadır. Azərbaycanda Nizami irsi həmişə diqqət mərkəzində olmuş, dövlətimiz şairin əsərlərinin çapı, yeni əsərlərinin üzə çıxarılması və təbliği istiqamətində işlərə böyük önəm vermişdir.Şairin 850 illik yubileyi şərəfinə 1991-ci il UNESCO tərəfindən “Nizami ili” elan edilmişdir.Prezident cənab İlham Əliyevin sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunmuşdur.Şairinməqbərəsi öz doğma şəhəri olan Gəncədədir. Üzəri şairin poemasından olan misralarla bəzədilən bu məqbərəni dünyanın hər yerindən minlərlə turist ziyarət etməkdədir.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova