Ninanın sevimlisi, sahibsiz qalan fəxri ad, əməliyyatdan bir gün qabaq ölən dahi – “Şurik”in sirləri

0
1210

Əslində Qaydayın filminin adı “I əməliyyatı və Edikin macəraları” olmalıymış. Deyir, bütün Moskva teatrlarını, “Mosfilm”i ələk-vələk eləsə də, baş qəhrəman tələbə Edikə uyğun gələn aktyor tapa bilməyib dahi rejissor. 40-dan çox aktyoru sınayıb Qayday. Heç biri xoşuna gəlməyib. Vəziyyət o həddə çatıb ki, filmdən imtina belə etmək istəyirmiş. Bu vaxt çəkiliş qrupundan kimsə – deyəsən filmin operator köməkçisi olub – rejissora deyir ki, Leninqrad teatrında sən istədiyin Ediki oynaya biləcək bir aktyor tanıyıram. Qayday elə axşam qatara əyləşib Leninqrada gedir. Və onu tapır. Elə görən kimi də sevinir: “Nəhayət!”

Səhəri aktyoru da götürüb, Moskvaya qayıdır. Elə filmin adını da məhz ona görə dəyişir. “I əməliyyatı və Şurikin macəraları”. Çünki aylardı axtardığı adamın adı Aleksandr Demyanenko idi. Gələcəyin Şuriki. Bütün SSRİ-nin, 286 milyon insanın Şurik kimi tanıyacağı adam. Filmin çəkilişlərinə 1965-ci ilin martında başlayırlar. Həmin ilin iyununda isə Moskva kinoteatrlarında göstərilməyə başlanılır. Və elə həmin ilin sonunda məlum olur ki, bu filmə sovet kinoteatrlarında artıq 70 milyon insan baxıb.

Aleksandr Sergeyeviç Demyanenko 30 may 1937-ci ildə Sverdlovsk şəhərində anadan olmuşdu. Sverdlovskda 37 saylı məktəbi uğurla bitirdikdən sonra Demyanenko sənədlərini yerli universitetin hüquq fakültəsinə verir və qəbul olur. Amma burada cəmi bir semestr oxuyur. Hüquqşünas olmaq ona maraqlı gəlmir. Odur ki, sənədlərini də götürüb, gəlir Moskvaya. Növbəti il Moskva Dövlət Teatr və Sənət İnstitutunun tələbəsi adını qazanır. Hələ tələbəykən onun istedadı üzə çıxır. Mayakovski adına teatrda bir neçə rola dəvət alır. Təhsilini başa vurduqdan sonra Aleksandr Moskvanı tərk edir. Ömrünün sonuna qədər yaşayacağı Leninqrada gedir.

Aleksandrın kino fəaliyyəti Aleksandr Alov və Vladimir Naumovun “Külək” filmindəki rolu ilə başlayır. Bu film 1958-ci ildə ekranlara çıxmışdı. Daha sonra elə həmin rejissorların daha bir filmində çəkilən Demyanenko yenə uğur qazanır. Hətta iş o yerə çatır ki, həmin ekran əsəri Venesiya festivalında iştirak edir. Elə həmin ildə aktyor daha 2 filmə – “Dima Qorinin karyerası” və “Böyük uşaqlar”a çəkilir. Onun bu rolları olduqca ciddi rollar sayılırdı. Hamı onun yaxın vaxtlarda Hamleti oynayacağını düşündüyü vaxt, qəfildən Leonid Qayday ortaya çıxır. Və Demyanenkonun yaradıcılığı tamam başqa istiqamətdə inkişaf edir. Məhz “I” əməliyyatı və Şurikin başqa macəraları” filmindən sonra Demyanenko komediya aktyoruna çevrilir. Bundan sonra Qaydayın çəkdiyi hər üç filmdə, “I” əməliyyatı”, “Qafqaz əsiri” və “İvan Vasilyeviç peşəsini dəyişir” filmlərində yer alır və bu filmlər hələ o zaman sovet komediya kinosunun “qızıl fond”una daxil olur. Qaydayın yaxınlarının dediyinə görə, rejissor həmin vaxt həm də özünü Şurik obrazında görürmüş. Onlar hər ikisi eynəkli intelligentlər idi. Hər ikisi kənardan ciddi görünürdülər, amma ağızlarını açan kimi ətrafdakılardan qaqqıltı qopardı. Şurik obrazı Saşaya inanılmaz populyarlıq və uğur gətirdi. Şurik yarlığı Demyanenkonun üstünə ömürlük yapışdırıldı. Küçədə ona yaxınlaşanlar birmənalı olaraq onu adı və ata adıyla çağırmırdılar. Hətta ən yaxın qohumları, dostları belə ona Şurik deyirdilər. O isə bu cür şit zarafatlardan bezirdi. Təbiətcə ciddi və qapalı adam olan Demyanenko adamlardan qaçırdı çox vaxt. Günlərlə mənzilindən çıxmır, özünə qapanırdı.Deyilənə görə, çox ciddi film rejissorları Saşanı filmlərinə çəkməyə risk etmirdilər. Çünki istənilən filmdə o yenə də Şurik olaraq görünəcəkdi tamaşaçının gözünə. O, ömrünün sonuna qədər 80-ə yaxın filmdə çəkildi. Amma Şurik qılafından çıxa bilmədi.

Aleksandr Demyanenko və Qaydayın ikinci filmi 1967-ci ildə ekranlara çıxan “Qafqaz əsiri” idi. Bu komediyaya 6 ay ərzində SSRİ-də 77 milyon insan baxmışdı. Və bu komediya böyük üçlük – Nikulin, Morqunov və Vitsinin Demyanenkoyla birgə çəkildiyi sonuncu film idi.

Sonradan aktyor xatirələrində yazacaqdı:

“Çox qəribə vəziyyət yaranmışdı. Nə məni, nə də onları filmə dəvət edirdilər. Dəhşətli dərəcədə içməyə başladım. Bu biganəliyi həzm edə bilmirdim. Bəzən hansısa epizodik rola dəvət edirdilər. Filmə ekranlara çıxanda isə özümü filmdə tapa bilmirdim”.

Maraqlı qəribəlikləri olub Demyanenkonun. 20 il bir yerdə yaşadığı həyat yoldaşından bir anın içində boşanıb. Bir gün evə gəlib, çemodanlarını yığıb və həyat yoldaşıyla vidalaşıb. Ümumiyyətlə, heç kimlə sirrini bölüşmürmüş. Bəzən içki məclislərində dostları ondan lətifə danışmağı xahiş edirmiş. Amma bütün məclis boyu ancaq içər, ciddi sifət alıb oturarmış. Çünki həyatda çox ciddi adam imiş. Dostu Oleq Belov danışır ki, bir dəfə Aleksandrla Almaniyaya gedirmişlər. Özləri ilə də külli miqdarda o vaxtkı qırmızı sovet onluğundan götürüblərmiş.

 

“Biz Brestə qədər xeyli içdik. Brestdə gömrük yoxlaması başladı. İçəri girən zabitlərdən biri sənədlərimizi istədi və nə qədər pul apardığımız barədə deklarasiya doldurmamızı xahiş etdi. Birdən Şuriki gördü. Gülümsəyib, heç nə demədi, “gedə bilərsiniz, sizə hər şey olar” – dedi. Amma Saşa, əksinə, əsəbiləşdi. Az qala onun üstünə bağırırdı ki, necə gedə bilərsiz, bəlkə mən qaçaqmal aparıram? Bu nə cür yoxlamadı?” Zabit özünü itirdi. Çaşmışdı əməlli. Tez kupenin qapısını bağlayıb, getdi. Saşa isə sakitləşmək bilmirdi. “Bunlara bax, mənə deyir get, bəs sən burada nəçisən, nəyə nəzarət edirsən?” Belə adam idi o”. 

İstər kinoda, istərsə də teatrda bu qədər uğurlu rollarına baxmayaraq, Aleksandr Demyanenko hələ də layiq olduğu adı ala bilmirdi. Sanki ona fəxri xalq artisti adını verməyə qısqanırdılar. Bu isə ona çox pis təsir edirdi. Xüsusən də səhhətinə. O, sovet hökumətinin yadına bir də 1991-ci ilin sonlarında düşdü. Demyanenkoya RSFSR-in xalq artisti adını verdilər. Deyilənə görə, fəxri kitabçasını heç gedib götürməyib də. 1997-ci ildən isə onun ağrıları başlayıb. Ürəyi bərk narahat edirmiş. İki il birtəhər dözüb. Amma dostları təcili əməliyyat olunması üçün onu düz iki il dilə tuturlar. Nəhayət, razılaşır. 1999-cu ilin avqustunda bütün analizləri verir. Həmin il avqustun 23-ə əməliyyat təyin olunur. Ayın 22-də isə gecə dünyasını dəyişir. 62 yaşında… Onu Sankt-Peterburqda dəfn edirlər… Dəfninə minlərlə insan qatılır. Ona, milyonların sevimlisi Şurikə son borclarını vermək üçün…

Bu gün isə… Hə, yaşasaydı, bu gün 80 yaşı tamam olacaqdı. Lent.az

Səbuhi Məmmədli

BIR CAVAB BURAXIN