Neftin qiyməti 70 dollara yaxınlaşsa…

0
608

11

Neftin qiyməti 55 dolları aşsa da, AMB deyən olmadı… Azərbaycan nefti bahalaşır, amma manat yenə dəyərsizləşir.

Dekabrın 6-da Azərbaycan nefti bahalaşsa da, manat ABŞ dollarına nisbətdə dəyər itirməkdə davam edib. Azərbaycan Mərkəzi Bankında (AMB-də) keçirilən hərrac 1 ABŞ dolları üzrə 1,7339 məzənnəsi ilə başlayıb və 1,7369 manatla yekunlaşıb. Eyni gündə Azərbaycan nefti 1 dollaradək bahalaşıb və “AzeriLight” markalı neftin 1 barrelinin qiyməti 55,95 dollar olub.

 

AMB-nin ötən ilin dekabrında “üzən məzənnə”yə keçidlə bağlı açıqlamasını xatırlamağa dəyər: “Ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin yaranmasını nəzərə alaraq, cari ilin (2015-ci ilin – red.) fevral ayında manatın devalvasiyası həyata keçirilmiş, iqtisadiyyat, valyuta bazarı və manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya olunmuşdu”.

Təxminən 10 gündür ki, Azərbaycan nefti 50 dollardan baha satılırsa, təbii sual doğur: Niyə bu artım manatın məzənnəsinə təsir göstərmir

Manatın sabitləşməsi üçün nə lazımdır?

İqtisadçı ekspert Natiq Cəfərli neftin yuxarı qiymətinin qalıcı olmasına zaman gərəkdiyini düşünür: “Neft 55 dollara yaxınlaşıb, üzümüzə gələn 10 gündə qiymətlərin yönü daha aydın bəlli olacaq”.

Ekspert əlavə edir ki, ölkənin idxaldan asılılığı hökumətin açıqladığı rəqəmlərdən çoxdur, o səbəbdən valyutaya tələbat daha artıq səviyyədədir. N. Cəfərlinin fikrincə, manatın sabitləşməsi üçün neftin qiyməti qalıcı şəkildə – uzun zaman 65-70 dollar olmalıdır.

“AMB ehtiyatli davranmaq istəyir”

Maliyyə bazarları eksperti Cəfər İbrahimli deyir ki, bu ilin təxminən yarısında neftin qiyməti 40 dolların altında olub və dollarlaşma prosesi son 2 ildə valyuta ehtiyatlarını azaldıb: “Belə qiymət dəyişikliyi davam etdiyindən, AMB ehtiyatli davranmaq istəyir. Neftin qiyməti ilə manatın məzənnəsi arasında bir əlaqə olsa da, bu hərəkətlər birə-bir dəyişmir və birinin digərinə təsirindən ötrü müəyyən zamana ehtiyac var”.

Onun sözlərinə görə, bəlli iqtisadi tədbirlər nəticəsində manata basqı azalsa da, ortadan tam qalxmayıb: “Tədiyyə balansında və digər iqtisadi rəqəmlərdə müsbət dəyişiklik qeydə alınsa, bazarın tələbinə uyğun valyuta satışı həyata keçiriləcək. Nəticədə, məzənnədə müəyyən sabitləşmə ola bilər. Ancaq manatın qısa müddətdə kəskin dəyər qazanması real deyil”.

“Neftin qiymətinin 60 dollar olması da…”

Ekspert Vüqar Bayramov da neftin indiki bazar qiymətini manatın möhkəmlənməsinə yetərsiz sayır: “Neftin dünya bazar qiyməti son günlər 15% artsa da, bunun stabil olacağı və nə qədər davam edəcəyi bəlli deyil. Digər tərəfdən, neftin qiymətinin 60 dollar olması da manatın möhkəmlənməsinə yardım etmir. Çünki ölkəyə daxil olan valyutanın həcmini artsa da, valyuta bazarına daxil olan valyutanın həcmini kəskin artırmır”.

“Gələn il Neft Fondu daha az valyuta sata bilər”

V. Bayramov neftdən gələn valyutanın bazara niyə az daxil olduğunu belə əsaslandırır: “Azərbaycan neftdən qazandığı pulu Dövlət Neft Fondunda (DNF-də) saxlayır. Valyuta bazarı bu pulu DNF həmin vəsaitləri ehtiyacı olan qədər bazara çıxaranda görür. Gələn il DNF-nin büdcəyə transferti 1,5 milyard manat azalacaq. Fondun bu ildən manat artıqlığı var və bu il olmasa da, gələn il istifadə edəcək. Manat artıqlığının gələn ilə qalması isə o deməkdir ki, gələn il fond daha az valyuta satacaq”.

“Tələbatı ödəmək çətinliyi qalacaq”

Ekspert milli valyutanın möhkəmlənməsinin gündəmdə olmadığını deyir. Onun fikrincə, manat o halda stabilləşə bilər ki, neftin dünya bazar qiyməti təxminən 70 dollara yaxınlaşın: “Və nəticədə DNF-nin xərcləmələri artsın. Bu, vacibdir, çünki fond bazara valyuta çıxarır. Bu halda iqtisadi və psixoloji faktorlar manatın xeyrinə olur. Neftin də bazar qiymətinin 70 dollara yüksələcəyi real görünmür. Hələlik DNF-nin qənaət prinsipinə keçməsi valyuta bazarında təklifi artırmayacağından, tələbatı ödəmək çətinliyi qalacaq”.

Azadliq.org

BIR CAVAB BURAXIN