Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalovla bağlı yeni mənimsəmə faktları üzə çıxıb.
Mənimsəmə faktı “Aztelekom” İstehsalat Birliyinin kabel sifarişi ilə bağlı keçirilən əməliyyat zamanı aşkar olunub.
V.Zeynalovun göstərişi ilə “Aztelekom” İstehsalat Birliyi kabel alışı üçün müqavilə bağlayıb. Müqavilənin qiyməti V.Zeynalov tərəfindən şişirdilib və təşkilatın büdcəsindən kabel alışı üçün 1 milyon 500 min manat ayrılıb. Həmin məbləğin 600 min manatı V.Zeynalovun bacısı qızının həyat yoldaşı, uzun müddət “Kapitalbank”ın filial müdiri işləmiş Quluzadə Seymur Əsgər oğlu tərəfindən nağd pul kimi çıxarılıb. Pul həmin şəxs tərəfindən V.Zeynalova verilib.
S.Quluzadə “Kapitalbank”da filial müdiri olsa da, V. Zeynalovun göstərişi ilə “Aztelekom” İstehsalat Birliyinin kabel alqı-satqısına nəzarət edirmiş. “Aztelekom”da aparılan yeyinti faktlarının əksəriyyəti də S.Quluzadənin vasitəsilə həyata keçirilirmiş.
Xatırladaq ki, ötən il noyabrın 16-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının RYTN-də apardıqları yoxlamalar nəticəsində nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov, qurumun sabiq baş mühasibi Oqtay Rüstəmov, nazirliyin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov, həmin MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov və bir neçə nəfər vəzifəli şəxs saxlanılmışdı. Saxlanılan şəxslər barədə Binəqədi rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərin barəsindəki həbs müddəti bir neçə dəfə artırılıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.