Ev Gündəm Nazir pulları kisə ilə daşıtdırıb…

Nazir pulları kisə ilə daşıtdırıb…

0
667
 
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova qarşı “sağ əli” hesab edilən əmisi oğlu Vüqar Mahmudovdan ifadələr alınıb. Arazinfo.com.-un x”Yeni Müsavat”a istinadən yaydığı xəbərdə  deyilir ki, Vüqar Mahmudov dolayısı ilə baş verən cinayətlərdə sabiq nazirin göstərişlərinin əsas olduğunu təsdiqləyən ifadələr verib.
Yada salaq ki, noyabrın 3-də barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilən V.Mahmudov barəsində cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır. V.Mahmudov Eldar Mahmudovun köməkçisi statusunda olsa da, bir çox hallarda nazir müavinlərindən artıq səlahiyyətli olub.
İddialara görə, onun kabinetində bir neçə iri seyf olub. Həmin seyflərə iş adamlarından, müxtəlif vəzifə sahiblərindən, məmurlardan toplanan xəraclar yığılıb. Sonradan həmin pullar kisələrə doldurularaq “Azəriqazbank”a daşınıb. Məlumdur ki, “Azəriqazbank” rəhbəri Çingiz Əsədullayevlə Eldar Mahmudovun çox yaxın münasibətləri var, sabiq nazir “vurulan”dan sonra Ç.Əsədullayev mətbuata açıqlamasında bu əlaqələri gizlətməyib. İstintaqda belə məlumatlar var ki, Eldar Mahmudov MTN-ə rəhbərlik etdiyi dövrdə ayrı-ayrı iş adamlarından alınan pullar “Azəriqazbank”a daşınaraq oradakı hesablara yatırılıb. Bu əməliyyatlara V. Mahmudov rəhbərlik edib. MTN-də yığılan rüşvət pullarının kisələrə doldurularaq banka rahat daşınmasına hazırlıq görülürmüş. Ç.Əsədullayevin Şahin adlı sürücüsü onun xidməti maşını – qara rəngli, Az 10 JO 900 nömrə nişanlı “Mutsibishi Pajero” ilə həftədə bir neçə dəfə MTN-ə gedərək oradan maşına yüklənən pul dolu kisələrlə banka qayıdıb. Pulun sürücüyə təhvil verilməsinə də Vüqar Mahmudov nəzarət edib. Sonradan “qara pul”lar xaricdəki bank hesablarına ötürülüb.
Vüqar Mahmudovun bu epizodlar üzrə dindirildiyi haqda məlumatlar var. Deyilir ki, yaxın zamanlarda Çingiz Əsədullayev də Vüqar Mahmudovun işi üzrə istintaqa dəvət edilərək həbs oluna bilər.
Buna qədər də mətbuatda “Azəriqazbank”da baş verən qanunsuzluqlar, neqativ hallar, müştərilərin aldadılması, qanunsuz pul köçürmələri və digər bu kimi hallar barədə müxtəlif yazılar dərc olunurdu. Ç.Əsədullayev deputat olduğu dövrlərdə adı Beynəlxalq Bankın dövlətin milyardlarla manat vəsaitinin talan edilməsi üzə çıxdıqdan sonra gündəmə gəlmişdi. “Beynəlxalq Bank işi”ndə dindirilən iş adamları arasında Çingiz Əsədullayevin də adı keçirdi. O dövrdə deputat olan bankir yayılan məlumatları təkzib etsə də, onun məhz Beynəlxalq Bankda külli miqdarda mənimsəmə faktlarına görə hədəfə gəldiyi şübhə doğurmurdu. Əsasən MTN tərəfindən cəzalandırılan şəxslərdən yığılan pullar Vüqar Mahmudov tərəfindən toplanaraq bu haqda nazirə məruzə olunurmuş.
Belə xəbərlər var ki, Eldar Mahmudovu “sağ əli” olan əmisi oğlunun ifadəsi əsasında həbs etmək istəyirlər. Artıq E.Mahmudovu 2 dəfə İstintaq İdarəsinə çağırıb dindiriblər. Sabiq nazirin istintaqa 3-cü çağırışda həbs olunması ehtimalı artıq dəqiqləşmək üzrədir.

BIR CAVAB BURAXIN