Özbəkistanda prezident İslam Kərimovun vəfatından və prezident səlahiyyətlərinin icrasının baş nazir Şövkət Mirziyayevə həvalə edilməsindən sonra Qazaxıstanda da gözlənilmədən baş nazir dəyişib.
Prezident Nursultan Nazarbayev ötən ün sentyabrın 8-də baş nazir Kərim Məsimovu vəzifəsindən azad edib və onu Milli Təhlükəsizlik Komitəsinin rəhbəri təyin edib. Ermənistanda da həmin gün baş nazir Ovik Abramyanın istefa verdiyini nəzərə alanda bu, son illərdə keçmiş sovet respublikalarında baş vermiş ən irimiqyaslı kadr dəyişikliyi hesab oluna bilər.
Ermənistanda baş nazirin istefasına gətirib çıxaran proseslər bu ilin aprelindən-Qarabağda qəfil alovlanan hərbi əməliyyatlardan və Azərbaycan ordusunun ermənilərin uzun illərdir möhkəmləndirilmiş müdafiə xəttini yararaq işğal altındakı ərazilərin müəyyən hissəsini geri almasından sonra başlamışdı.
Həmin döyüşlərin Ermənistanda yaratdığı hərbi-siyasi böhran ağır sosial-iqtisadi vəziyyətlə birləşərək İrəvanda silahlı qiyama və Sərkisyan hakimiyyətinə qarşı kütləvi etirazlara gətirib çıxardı. Və indi Sərkisyan hökuməti istefaya göndərərək yeni hökumətin formalaşdırılmasını Rusiyanın “Qazprom” şirkətinin menecerlərindən birinə-Armen Karapetyana həvalə edib.
Özbəkistanda da məsələ aydındır. Səmərqənd klanının İslam Kərimovdan sonra ikinci ən güclü nümayəndəsi olan baş nazir Şövkət Mirziyayev əvvəldən prezidentliyə əsas namizəd hesab edilirdi. Özbəkistanda hakimiyyətə məhz Mirziyayevin gəlməsi üçün başlıca şərtlərdən biri təmin olunub-onun Rusiya ilə yaxın əlaqələri var və prezident Vladimir Putin İslam Kərimovun məzarını ziyarət edərək elə oradaca baş nazirin mərhum Kərimovun yerinə keçməsinə dəstəyini ifadə edib.
Qazaxıstanda həyata keçirilən kadr dəyişikliyi isə belə görünür ki, daha çox diqqəti cəlb edib. Qazaxıstanda baş nazirin vəzifəsindən azad edilməsini “The Financial Times” qəzetinə şərh edən Mərkəzi Asiya üzrə mütəxəssis, Qlazqo Universitetinin professoru Luki Ankeski hesab edir ki, bu yerdəyişmələr regional siyasətin keçid mərhələsində olduğunu göstərir.
Qəzet yazır ki, Özbəkistan, Ermənistan və Qazaxıstanda liderlərin dəyişdirilməsi ciddi iqtisadi çətinliklər, iqtisadi inkişafın yavaşıması, əmtəə qiymətlərinin aşağı düşməsi fonunda baş verir.
76 yaşlı Qazaxıstan prezidenti Nazarbayev hələ özünün varis planını elan etməyib. Lakin ekspertlər əmindir ki, hakim elita mümkün dəyişikliklər zamanı daha əlverişli mövqedə olmaq üçün manevrlərə başlayıb.
GPW beynəlxalq konsaltinq şirkətindən Mərkəzi Asiya üzrə mütəxəssis Liviya Paqqi deyir ki, Mənsimovun işdən azad edilməsindən sonra onun yerini tutmağa əsas namizəd prezidentin qızı, baş nazirin müavini Dariqa Nazarbayevadır. “Mənsimovun baş nazir postunu boşaltması belə deməyə əsas verir ki, Dariqa həmişəki kimi potensial varis rolundadır”-ekspert deyir.
Doğrudan da Özbəkistanda İslam Kərimovun qəfil insult keçirərək həyatla və hakimiyyətlə vidalaşmasından sonra bu ölkədə hakimiyyətin varislik prinsipi üzrə ötürülməsi baş vermədi. Çünki İslam Kərimov öz varisini hazırlamamışdı və bir vaxtlar onun varisi hesab edilən qızı Gülnara Kərimova gözdən düşərək ev dustağı edilmişdi.
Qazaxıstanda isə hakim elita Nazarbayevin mümkün qəfil vəfatından sonra hakimiyyətin ailədən olmayan hansısa baş nazirə keçməsini istisna etmək üçün manevr edib. Təcrübəli siyasətçi və idarəçi Kərim Məsimov daha aşağı vəzifəyə keçirilsə də o hələ Nazarbayevə gərəkdir. Lakin belə həssas dövrdə baş nazir vəzifəsini Nazarbayevin varisi tutsa yaxşıdır…