Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçirilən iclasında quruma yeni baş katibin seçiləcəyi gözlənilirdi.
Yeni baş katibin erməni olacağına görə, Ermənistan bu məsələnin həll olunmasına tələsirdi.
Məlumatlara görə, keçmiş müdafiə nazirləri Seyran Ohanyan və Vaqarşak Arutyunyanın KTMT-nin baş katibliyinə namizədlikləri irəli sürülmüşdü. Lakin iclasda yeni baş katibin seçilməsi mümkün olmadı.
KTMT-nin baş katibi Nikolay Bordyuje bildirib ki, qurumun üzv ölkələrinin rəhbərlərinin hamısı iclasda iştirak etmədiyi üçün yeni baş katibin seçilməsi təxirə salınıb.
“Qazaxıstan prezidenti Nursultan Nazarbayev sammitdə iştirak etmədiyinə görə yeni baş katib məsələsi müzakirə olunmayıb. Bu məsələnin bütün prezidentlərin iştirakı ilə həll olunmasını nəzərə alan liderlər dekabrda görüşmək barədə razılığa gəliblər. Məhz onda, Şuranın bütün iştirakçıları iclasda olduğu vaxt liderlər yekun qərar qəbul edəcəklər”, – o, qeyd edib.
Məhz burada Nursultan Nazarbayevin “xəstələnməsi”nin sirri bir daha aydın olur.
Ermənistan aprel müharibəsindən sonra oktyabrın 14-də ikinci dəfə alçaldı.
Bu sözləri isə “armenianreport” saytının jurnalisti Tevos Arşakyan yazıb.
Erməni jurnalist qeyd edir ki, iclas Ermənistan üçün təhqiredici oldu: “Hökumət rəsmiləri ilə qeyri-rəsmi görüşlərimizdə onlar İrəvanın baş verənlərdən qəzəbləndiyini dilə gətirirlər. Xüsusilə aprel hadisələrində Azərbaycanı dəstəkləyənlərin İrəvanda oturub, yenə eyni dəstəyi göstərməsi artıq hər şeyin göstəricisi idi. Digər tərəfdən, yeni baş katibin seçilməməsi də böyük zərbə idi”.
Ermənistan hökumətindəki yüksəkvəzifəli şəxslərdən biri erməni jurnalistə deyib ki, iclasdan öncə pərdəarxasında KTMT-nin yeni baş katibinin Ohanyan olacağı razılaşdırılmışdı.
“Bu haqda vədlər verilmişdi. Lakin Azərbaycanın müdaxiləsindən sonra Rusiya, Belarus və Qazaxıstan liderləri geri çəkildi. Nazarbayev gəlmədiyi üçün Putinlə Lukaşenko dedilər ki, bu məsələ ilin sonuna kimi təxirə salınır. Bu haqda əvvəldən Sarkisyana məlumat verilməmişdi. Çünki Ohanyanın seçilməsi məsələsi təxirə salınanda bizim prezident üçü əsil zərbə oldu”, – hökumətdəki mənbə deyib.
Ermənistan Xarici İşlər Nazirliyindəki mənbə də Nazarbayevin məhz Azərbaycana görə İrəvana getmədiyini təsdiqləyib: “Qazaxıstan prezidenti azərbaycanlı həmkarı ilə məsləhətləşmələrdən sonra bu addımı atdı. Göründüyü kimi, Azərbaycan diplomatik sahədə də bizə qarşı təzyiq edir”.
Publika.az