Azərbaycan ordusunun arsenalında Belorusiya və İsraildən alınmış yeni raket komplekslərinin əmələ gəlməsi Dağlıq Qarabağ ətrafında soyuq müharibədə qüvvələr balansının hissolunacaq dərəcədə dəyişməsinə səbəb olub. Bu faktı hətta Ermənistanın özündə də ucadan təsdiqləyirlər. Yeni raketlərin dəqiq sayının hərbi sirr olmasına baxmayaraq, ehtimal olunur ki, Azərbaycan Belorusiyadan 10 ədəd “Polonez” reaktiv yaylım atəşi sistemi (RYAS (РСЗО)), həmçinin İsrael Aerospace İndustries firması tərəfindən hazırlanmış LORA operativ-taktiki raket kompleksləri (OTRK) allb.
Maraqlıdır ki, son günlər erməni mətbuatı diqqətini yalnız “Polonez”lər üzərində cəmləşdirib və İsrail raketlərini demək olar ki, nəzərə almayıb. Ermənistan hərbi ekspertləri “Polonez”ləri Ermənistanın 2016-cı ilin payızında əldə etdiyi “İskander” raket kompleksləri ilə müqayisə etmişdilər. Belə müqayisəli analiz respublikanın ictimai rəyinə sakitləşdirici təsir göstərmişdi, çünki “Polonez”lər doğurdan da dəqiqlik baxımından “İskander” komplekslərindən geri qalır. Lakin, birincisi “Polonez” “İskəndər”dən fərqli olaraq bir dəfəyə bir-iki deyil, səkkiz raketlə atəş açır və birbaşa 10×10 kilometr ölçüsündə kvadratı əhatə edir. Bundan əlavə, Azərbaycanın ixtiyarında indi “LORA” (LORA – LOng Range Attack) israil raketləri də mövcuddur.
Onların dəqiqlik baxımından “İskander” raket komplekslərinə nə dərəcədə yaxın olması barəsində “Moskva-Baku” portalına müsahibəsində Rusiya hərbi eksperti Pavel Felgenqauer öz fikirlərini söyləyir.
– Pavel Yevgenyeviç, hərbi ekspertlərin söylədiyinə görə, alınmış LORA raketlərinin atışının uzaqlıq məsafəsi 300 km, əhatə radiusu isə 100 m təşkil edir. Eyni zamanda dörd nişan üzərinə nöqtəvi zərbə endirilir, maksimal sürət 300 m/san-dir. Onların amerikanın ATACMS OTRK-lərinin və rusiyanın “İskander-E” komplekslərinin analoqu hesab olunması həqiqətə uyğundurmu?
– İsrail raketləri çox yaxşı, dəqiq raketlərdir. Düzdür, onlarda döyüş hissəsinin çəkisi “İskander”ə nisbətən azdır. Yəni, döyüş başlığı nisbətən zəifdir. Azərbaycanda bundan əvvəl də israil raketləri vardı, lakin onların uzaqlığı hardasa 120 km idi və gücü çox da böyük deyildi. Buna baxmayaraq onlar da yüksək dəqiqliyə malik idilər. Onları artıq Bakıda keçirilmiş hərbi paradda nümayiş etdirmişdilər. İndi daha yüksək məsafəyə malik raketlər və bir neçə ədəd belorus raketi alınmışdır. İsrail sistemləri dəqiqlik baxımından “Polonez”dən yaxşıdır, lakin digər tərəfdən yəqin ki, nisbətən bahadır.
– Ermənistan mətbuatı şikayət edir ki, Azərbaycan 16-cı ilin payızında raket sahəsində yaranmış hərbi disbalansı aradan qaldırıb. O zaman İrəvandakı paradda “İskander” raketləri nümayiş etdirilmişdi və mətbuatda Moskvanın Ermənistanı 4 ədəd bu cür raket kompleksi ilə təmin etdiyi barəsində məlumatlar verilib.
– İndiyə qədər Ermənistanın hansı növ “İskander” kompleksi aldığı aydın deyil. Uzaqlığı 300 km-dən artıq olmayan “İskander-E” kompleksləri var. Bu ixrac üçün hazırlanmış variantdır, onlardan cəmi bir neçə ədəd hazırlanıb və onları daim beynəlxalq sərgilərdə nümayiş etdirirlər. Bundan başqa real olaraq seriya şəklində istehsal olunan və uzaqlığı 500 km olan “İskander-M” kompleksləri var.
Qarabağdakı hərbi əməliyyatları nəzərə alsaq bu prinsipial deyil, lakin, bəzi fərqlər var, məsələn, nişanalma sisteminin müxtəlifliyi. İstənilən halda “İskander” yüksək dəqiqliyə malik silahdır. Onun nişanalma sistemində optiki nişanın tamamlanması sistemi var, lakin, israilin silahı da müqayisə oluna biləcək dərəcədə yüksək dəqiqliyə malikdir. Rusiya öz üzərinə raket silahlarının yayılmaması ilə əlaqədar öhdəliklər götürüb və buna görə də, digər ölkələrə uzaqlığı 300 km-dən artıq olan sistemlər satmamalıdır. Buna görə də, indiyə qədər Ermənistanın hansı uzaqlığa malik “İskander”lərə malik olması barədə məsələ açıq qalır. Mən şübhələnirəm ki, onların uzaqlıq məsafəsi 300-dən çoxdur, çenki Ermənistan Rusiyanın KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) üzrə müttəfiqidir, onun ərazisində Rusiya orduları yerləşir. Hətta, ola bilər ki, paradda göstərilmiş “İskander”lər əslində rəsmi olaraq hələ də Rusiyaya məxsusdur.
– Hal-hazırda raket sahəsində qüvvələrin bərabərləşdiyini söyləmək olarmı?
– Ermənistan operativ uzaqlığa malik raket silahları baxımından üstünlüyə malik idi, bu silahlar burada daha çox strateji raket silahını xatırladırdı. “İskander”lər alınana qədər də onlarda sovet ordusundan miras qalmış P-17 (NATOnun təsnifatında “Skad Bi”) sistemləri var idi. Onların hərbi hissəsi daha böyükdür. Erməni raket briqadası 2016-cı ilin aprelində hətta mövqelər üzərinə çıxarılıb ki, bunu televizorlarda da göstərmişdiilər. Onların dəqiqliyi çox aşağıdır, bir neçə kilometri əhatə edir, lakin, çox səs edir. Yəni, ermənilərin əvvəl də raket potensialı var idi. İndi isə Azərbaycan da öz potensialını yaradıb. Yəqin ki, indi kiçik də olsa balans var.
“Polonez” P-17-yə nisbətən daha dəqiq olmalıdır. Düşünürəm ki, o dəqiqliyinə görə İsrail raketlərindən əhəmiyyətli dərəcədə geri qalır, lakin onu yüksək dəqiqlik tələb olunmadığı hallarda istifadə etmək olar. Məsələn, hər iki tərəf ciddi raket atışmasına hazırlaşdığı hallarda.
“İskander”in də bilavasitə müəyyən olunmuş obyektləri məğlub etməkdən əlavə, hündürlükdə, havada partlaması zamanı böyük sahədə məğlub etmək qabiliyyəti var. Hər şey məqsəddən asılıdır.
– 16-cı ilin aprel müharibəsində ermənilər öz raketlərindən istifadə etməyə cəsarət etmədilər. Hansı halda belə zərbələrin endirilməsi mümkün ola bilərdi?
– Uzaq radiuslu raketlər tətbiq olunmamışdı, döyüşlər birbaşa sərhəd xətti üzərində aparılırdı. Müharibə tezliklə bitdi, bundan sonrakı eskalasiya baş vermədi, lakin indi tərəflər müxtəlif hərbi sferalarda eskalasiyaya hazırdır. Məsələn, Azərbaycanda hərbi aviasiya var, lakin Ermənistanda Rusiyanın köməyi ilə yaradılmış kifayət qədər güclü HHM (Hava Hücumundan Müdafiə) sistemi mövcuddur. Ermənistanda ümumiyyətlə ciddi aviasiya sistemi yoxdur, onların yalnız helikopterləri var. Lakin Qümridəki bazada rus döyüş təyyarələri və ZRK yerləşir, yəni onun əleyhinə aviasiyadan istifadə olunması itkilərə səbəb olacaq. Məhz belə halda aviasiyanı əvəz edəcək operativ-taktiki raketlər vacib rol oynayır.
Əgər qəfil müharibə başlarsa və o tezliklə bitməzsə, tərəflər ərazinin dərinliklərinə raket zərbələri yerinə yetirməyə başlaya bilər. Bu zaman paytaxt şəhərlərə, rabitə xidmətlərinə və digər strateji vacib obyektlərə zərbə vurula bilər. Məsələn, belə raket zərbələri 80-ci illərdə Bağdadla Tehran arasında aparılırdı – bunu cəbhə bölgəsində aparılan şiddətli döyüşlərdən əlavə “şəhərlərin müharibəsi” adlandırmaq olar. İraq rusların bayaq qeyd etdiyimiz P-17 komplekslərindən istifadə edərək İranın şəhərlərini güllələyir, iranlılar oxşar sistemlər vasitəsilə İraqın şəhərlərinə zərbə vururdular. Hər iki tərəfin aviasiyasının olmasına baxmayaraq, heç bir tərəf aviasiyadan istifadə etmirdi. Raketlər dəqiq deyildi, ona görə də şəhərlərdə itkilərin sayı da çox böyük idi.
Qısası, Qarabağ uğrunda döyüşlərdə hər iki tərəf analoji imkanlara malikdir, eyni zamanda indi yüksək dəqiqliyə malik silahlar mövcuddur.
– Bəzi ekspertlər belə ehtimal edir ki, müharibə başladığı halda Azərbaycan Naxçıvandan raket zərbələri endirə bilər, belə ki, oradan daha yaxındır və bu zərbələr zamanı yalnız İrəvan deyil, həmçinin Metsamor AES da nəzərdə tutula bilər. Lakin bundan sonra radiasiya zəhərlənməsi Azərbaycanın öz ərazisini də əhatə etməyəcəkmi?
– Reaktorun özü kifayət qədər möhkəmdir. Hətta ona bilavasitə təyyarə ilə zərbə vurulsa belə, reaktor davamlı olmalıdır. Yalnız xarici infrastrukturu zədələmək mümkündür. Nüvə başlığı olmadan bunu etmək mümkün deyil. Yaxud bu çox güclü betondağıdan bomba olmalıdır. Azərbaycanın belə imkanları varmı? Dəqiq deyə bilmərəm.
Lakin düşünmürəm ki, bu Azərbaycan üçün sərfəli olar. Radiasiya təhlükəsi yarandıqda, əlbəttə ki, bu Azərbaycanın öz ərazisini də əhatə edəcək.
Beynəlxalq reaksiya baxımından da bu sərfəli deyil, çünki beynəlxalq ictimaiyyət AES-na zərbəni həddindən artıq mənfi qarşılayacaq, buna görə də, şübhə edirəm ki, Bakıda kimsə belə əmr versin. Başqa enerji qovşaqları üzərinə raket zərbələri endirilə bilər – məsələn, radiasiya sızmasına səbəb olmadan Ermənistanı enerjisiz qoymaq üçün.
AES-na zərbə yalnız ən son halda mümkündür, məsələn, belə bir şərait təsəvvür edək: erməni orduları Bakıya yaxınlaşır və onların şəhərə daxil olmasına az qalıb. Lakin qüvvələrin indiki nisbətində bu variantın da ehtimalı çox azdır. Buna görə də, düşünürəm ki, Bakı belə zərbələrdən çəkinəcək. Məsələ ondadır ki, hal-hazırda Azərbaycan silahlı qüvvələrin ümumi sayına, ağır silahların sayına və indi də raket sahəsində, xüsusilə də israil raketlərinin hesabına keyfiyyətcə hərbi üstünlüyə malikdir. Bir daha təkrar edirəm, onlar daha çox təkmilləşdirilib. (Xpressa.net)
Oleq Belozerov
“Moskva-Bakı” jurnalı