“NATO təlimində Türkiyəyə qarşı edilən səhvin və ağla sığmayan addımın atılmasının izahatı ola bilməz”.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim NATO-nun Norveç və Hollandiyada keçirilən təlimlərində Türkiyəyə qarşı baş vermiş təxribatlara münasibət bildirərkən deyib.
O bildirib ki, Türkiyə NATO-nun ən önəmli üzvlərindən biridir: “Mustafa Kamal Atatürk və prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin simvoludur. Hər ikisi Qərblə Türkiyənin münasibətlərinin inkişafı üçün çox işlər görüb, hər zaman dostlarının yanında olub. NATO təlimində belə bir səhvə yol verilməsinin, ağlagəlməz addımın atılmasının izahı yoxdur. Hadisədən sonra NATO tərəfindən dəfələrlə üzr istənildi. Türkiyənin bu izahatları qəbul etməməsi tamamilə məntiqlidir. Bir daha qeyd edirəm ki, bu kimi işlər ağla və məntiqə sığmır”.
Qeyd edək ki, X. İbrahim daha əvvəl Azərbaycanın NATO-dakı səfiri olub.