“NATO Dağlıq Qarabağ münaqişəsinin həllində yeni impuls görməyə ümid edir. Əgər münaqişə həll edilsə, bu bütün region üçün yaxşı olacaq”.
Azadinform news.am saytına istinadən xəbər verir ki, bunu NATO baş katibinin müavini Rose Qottemoeller deyib.
Qottemoeller xatırladıb ki, o, 90-cı illərdə prezident Klintonun vaxtlarında işləyib və münaqişənin ilk illərindən danışıb: “Təəssüf edirəm ki, 25 ildən çox vaxt keçib, lakin münaqişə hələ də öz həllini tapmayıb. Azərbaycan və Ermənistanın birgə işləməsi çox vacibdir. Vyanada ATƏT XİN Şurasının sammiti çərçivəsində XİN rəhbərlərinin bir araya gəlməsinə və prezidentlərin oktyabrda baş tutan görüşünə görə şad oldum”.
NATO rəsmisi vurğulayıb ki, ABŞ sülh prosesi ilə yüksək səviyyədə məşğul olur. O həmçinin əlavə edib: “NATO-nun adından deyə bilərəm ki, son zamanların yüksək səviyyəli diplomatik səylərini görməkdən çox şadıq”.