Nasistlərin izləri Argentinaya aparır (1)

0
970
Arazinfo.com saytı araşdırmaçı  jurnalist Əziz Mustafanın “Nasistlərin izləri Argentinaya aparır” adlı yazısının birinci hissəsini oxucularına təqdim edir:

May ayının 9-da İkinci Dünya müharibəsinin başa çatmasının növbəti ildönümü qeyd ediləcək. Amma illər ötsə də, İkinci Dünya müharibəsinin gətirdiyi müəmmalar qalmaqdadır. Belə müəmmalardan biri də II Dünya müharibəsində insanlığa qarşı cinayət işlədən bir çox nasist canilərin müxtəlif yollarla aradan çıxaraq gizlənə bilməsidir. Bu barədə son yarım əsrdə dəfələrlə yazılıb və nasistlərin bir çoxunun izinə Latın Amerikası ölkələrində, o cümlədən Argentina, Peru, Çili və Uruqvayda düşmək olub.

Buna baxmayaraq, nasistlərin Latın Amerikası ölkələri, xüsusilə Argentinadakı fəaliyyəti ilə bağlı kifayət qədər üstü açılmamış və günümüzdə xüsusi maraq  doğuran sirlər qalmaqdadır.

Ötən əsrin 70-ci illərindən başlayaraq, nasistlərin Latın Amerikası ölkələrindəki fəaliyyəti barədə Qərb mətbuatında sensasiya xarakteri daşıyan yüzlərlə yazılar gedib və bu proses bu gündə davam etməkdədir. Keçmiş SSRİ mətbuatında isə nasistlərin Latın Amerikası ölkələrindəki macəraları barədə məlumatlar  yalnız ötən əsrin 80-ci illərinin ortalarında getməyə başladı. SSRİ dağılandan sonra nasistlərin Latın Amerikası ölkələrindəki macəraları Rusiya mətbuatında daha çox işıqlandırıldı.

İlk həyəcan təbili

Argentinada nasistlərin özlərinə isti yuva tapması barədə ilk dəfə beynəlxalq ictimaiyyət ötən əsrin 50-ci illərində Argentina parlamentinin keçmiş deputatı, tanınmış siyasətçi Silvano Santander tərəfindən təhqiqat komissiyasının araşdırmaları əsasında qələmə alınan  “Nasizm Argentinada” adlı kitabından məlumat aldı. Qeyd edək ki, Santander özü nasistlərin Argentinadakı fəaliyyətini araşdıran komissiyaya  rəhbərlik etmiş və bununla bağlı ölkəni qarış-qarış gəzmişdi. Kitabda sənədli faktlar əsasında hitlerçilərin Argentinaya hansı yollarla gəlib çıxdıqları və ölkədəki fəaliyyətləri barədə geniş məlumat verilmişdi. Amma həmin dövrdə Argentinada hakimiyyətdə olan və faşizmə rəğbətini açıq-aşkar şəkildə nümayiş etdirən Peron hökuməti komissiyanın fəaliyyətindən narazı idi və onun üzvlərinə qarşı təqib və təzyiqlərə başlamışdı. Belə bir şəraitdə Santander ölkəni tərk edərək, Uruqvaya qaçmalı oldu.

Xalqın Peron və Evita məhəbbəti və faşizm

Ötən əsrin 40-cı illərinin ortaları və 50-ci illərin əvvəllərində Argentinada hakimiyyətdə olan Peron və onun xanımı Evita (əsl adı Yeva olsa da, xalq onu sevgi və məhəbbətlə Evita adlandırırdı) xalq arasında xüsusi sevilirdi. Buna da səbəb onların xalqın problemlərini aradan qaldırmaq üçün bir çox islahatlara əl atmaları idi. Bu baxımdan xanım Evita sadə argentinalılar tərəfindən az qala müqəddəs Mariya qədər sevilməkdə idi. Evita tez-tez xalq arasına gedərək, on minlərlə sadə argentinalı ilə görüşür və onlarla eyni qabdan yemək yeyərək problemlərini araşdırır və onların aradan qaldırılmasına yardım edirdi. Belə bir vəziyyətdə Santanderin Argentinada nasistlərin fəaliyyətini araşdırması və onların ölkəni idarə edən Peronların vasitəsilə adıçəkilən ölkədə özlərinə isti yuva tapmasını açıq şəkildə bəyan etməsi, təbii ki, sonuncuları narahat etməyə bilməzdi. Çünki ər-arvad Peronlar hələ II Dünya müharibəsi başlamazdan əvvəl nasistlərə xüsusi rəğbətləri ilə seçilirdilər. Santander kitabında bu məsələyə diqqəti xüsusi cəlb edərək, Peronların faşizmə rəğbətinin təsadüfi olmadığını və bunun arxasında milyonlarla dollar alman kapitalının müxtəlif yollarla Argentinaya axıdılmasının dayandığını yazmışdı. O, yenə də sənədlərə əsaslanaraq Argentinaya axıdılan alman kapitalından  Peronlara da pay çatdığını bildirmişdi. Müharibədən sonra isə Prezident Peron və tam adı Mariya-Yeva Duarte de Peron olan Evita törətdikləri cinayətlərə görə beynəlxalq məhkəmədən qaçan nasistlərə qucaq açaraq, onlara Argentina vətəndaşlığı verməkdə və müxtəlif adlar altında ölkənin  ucqar yerlərində məskunlaşdırmaqda idilər. Nəticədə Argentinanın bəzi yerlərində nasistlərdən ibarət xüsusi ərazilər əmələ gəlmişdi.

Argentinanın nasistlərə qucaq açması beynəlxalq aləmdə müəyyən narahatlıq əmələ gətirsə də, adıçəkilən ölkənin daxili işlərinə müdaxilə edə bilmirdilər. Çünki yuxarıda qeyd etdiyimiz kimi, xalq arasında Peronlara sonsuz sevgi və məhəbbət mövcud idi.  Belə bir vəziyyətdə hər an ölüm təhlükəsilə üzləşməsinə baxmayaraq, Santander 1953-cü ildə nasistlərin Argentinada yerləşməsində hökumətin və onun yüksək səviyyəli məmurlarının əli olduğunu sübut edən “Satqınlıq texnikası” adlı daha bir kitabını nəşr etdirdi. Kitabdakı fəsillərdən biri “Xuan Peron və Eva Duarte nasistlərin Argentinadakı   casuslarıdır” adlanırdı. Özü də ər-arvad Peronların nasist casusları olduğunu sübut edən faktları təkzib etmək mümkün deyildi. Bu da beynəlxalq aləmdə şok doğurmuşdu. Çünki Evita kasıb kəndçi ailəsindən çıxmışdı. O, varlıları sevmirdi və bütün fəaliyyətini kasıbların firavan yaşamasına həsr etmişdi. Olduqca gözəl olan və insanda xoş təsir bağışlayan, sadəliyi, səmimiliyi ilə nəinki Latın Amerikası ölkələrində, həm də dünyada özünə qarşı qeyri-adı bir məhəbbət formalaşdıran Evitanın milyonlarla günahsız insanların qətlində əli olan nasist cinayətkarlara qucaq açması, onların casus ola bilməsi, həqiqətən də, ağlabatan görünmürdü. Bu müstəvidə də Xuan Peronun nasistlərin casusu ola bilməsində, bəlkə də, qeyri-adi nə isə axtarmaq düz olmazdı. Xuan Peron alman rəhbərləri ilə əlaqədə ola bilərdi. Çünki müxtəlif ölkələri təmsil edən siyasətçilərin hansısa milli maraqlardan çıxış edərək, riskli addımlar atmasında qeyri-adi heç nə  yox idi. Amma Evita kasıb ailədən çıxmışdı. Ona görə də mənəvi baxımdan olduqca saf olan Evitanın nasist casusu ola bilməsinə inanmaq çətin idi. Beynəlxalq aləmi şoka salan da məsələnin məhz bu tərəfi idi. Amma Silvano Santander də necə böyük bir məsuliyyətin altına girdiyini yaxşı bilirdi. Ona görə də yazdığı hər kəlmədə faktlara əsaslanmışdı. Santanderə Argentinanı idarə edənlərin nasistlərlə sıx əlaqədə olması II Dünya müharibəsindən əvvəl məlum idi və onları ifşa edən kitab yazmışdı. Buna baxmayaraq, ər-arvad Peronların almanların xeyrinə casusluğa cəlb edilməsindən o, xəbərsiz idi. Santander yalnız nasistlərin fəaliyyətini araşdıran Simon Vizantellə tanış olduqdan sonra anladı ki, Peronlar uzun müddət almanların xeyrinə casusluqla məşğul olublar. Bu məsələni araşdıran Santander nasist canilərinin müxtəlif yollarla Argentinaya ayaq açmasının izlərinin birbaşa ölkə Prezidenti və onun həyat yoldaşının üzərinə getdiyinin şahidi oldu. Həmin dövrdə Almaniyadan nasistlərə məxsus olan tonlarla qızıl-gümüş gizli yollarla Argentinaya daşınmaqda idi. Bu qızıldan Peron ailəsinə də pay çatırdı. Santanderin Vizantellə birgə apardığı araşdırma göstərdi ki, Xuan Peron və Evita alman kəşfiyyatına 1941-ci ildə şəxsən Vilhelm Kanaris tərəfindən cəlb ediliblər. Kanaris uzaqgörən rəhbərlərdən idi. O, hələ 1941-ci ildə gələcəkdə nasistlərlə bağlı hər hansı bir problemin ortaya çıxa biləcəyini nəzərə almışdı. Bu məqsədlə Kanaris gizli yollarla Latın Amerikası ölkələri, xüsusilə də Argentinanın yüksək dairələri ilə isti münasibətlər yaratmışdı. Kanaris casusları vasitəsilə müəyyən etmişdi ki, “Böyük Argentina” qurmaq ideyası ilə alışıb-yanan polkovnik Xuan Peron Hitlerə xüsusi rəğbət bəsləyir. Məhz bunu nəzərə alaraq, Kanaris dərhal Xuan Peron və Yeva Duarte ilə əlaqə yaradaraq, onların hər ikisini almanların xeyrinə casusluğa cəlb edə bildi. Peronların almanların xeyrinə casusluqla məşğul olmalarını sübut etmək üçün Santander rəsmi sənədlərin fotoşəkillərini də kitabında vermişdi. Məsələn, 1946-cı ildə nasist canilərin fəaliyyətini təhqiq edən beynəlxalq komissiya Almaniyanın Argentinadakı keçmiş səfiri Edmund fon Termann və səfirliyin məsləhətçisi Knyaz Stefan Şaumburq- Lippeni istintaqa cəlb etmişdi. İstintaqa verdikləri ifadələrdə hər iki keçmiş SS zabiti Peronların almanların xeyrinə casusluqla məşğul olduqlarını söyləmişdilər. Onların dediklərindən məlum olmuşdu ki, Almaniya Argentinada ələ aldığı adamların bank hesablarına müntəzəm olaraq pul köçürüb. Məsələn, 1941-ci il iyun ayının 26-da Yeva Duartenin adına olan 464803 saylı bank hesabına 33600 Argentina pesosu (argentina milli pul vahidi) köçürülmüşdü. 1941-ci il, iyun ayının 30-da isə polkovnik Xuan Peronun adına olan 682117 saylı bank hesabına 200 min peso köçürülmüşdü.

Əziz Mustafa

BIR CAVAB BURAXIN