Son illərdə Azərbaycanda çirklənmiş torpaqların kultuvasiyası sahəsində müəyyən işlər həyata keçirilməkdədir. Xüsusilə çirklənmiş torpaqların kultuvasiya nəticəsində yenidən istifadəyə yararlı hala salınması diqqəti cəlb edir. Bu baxımdan uzun illərdir istismar edilən Nardaran “Mayak” daş karxanasına məxsus yararsız torpaqların yenidən istifadəyə verilməsi sahəsində görülmüş işlər təqdirəlayiq hesab edilə bilər.
1952-ci ildən istismarda olan Nardaran “Mayak” daş karxanasının ətrafinda uzun illər istifadə nəticəsində yaranan çirkli torpaqların kultuvasiyası günümüzdə uğurla həyata keçirilməkdədir. Hazırda adı çəkilən daş karxanasının ərazisində 8-10 hektar torpağın kultuvasiya edilərək yararlı hala salınması prosesi davam edir. Ümumiyyətlə 2025-ci ilə kimi 20 hektar çirkli torpağın yararlı hala salınaraq istifadəyə verilməsi nəzərdə tutulub. İstifadəyə veriləcək torpaq sahələrindən əkin-biçin, fərdi yaşayış və bağ evlərinin tikintisi, yaşıllıqların, bağların salınması və ətraf ərazinin abadlaşdırılması planlaşdırılır.
Qeyd edək ki, 1952-ci ildən Azərbaycan Tikinti Sənaye Nazirliyinin nəzdində fəaliyyət göstərən Maştağa Tikinti Kombinatına məxsus “Mayak” daş karxanası respublikamızda önəmli obyektlərdən biri hesab edilib. 1988-ci ilə kimi burada əsasən məhbusların əməyindən istifadə olunub.1993-cü ildə Azərbaycan Tikinti Materialları Nazirliyinin adı dəyişdirilərək Tikinti Materialları Konserni adlandırılıb və Maştağa Tikinti Kombinatı ləğv olunub. Həmin ildən obyekt Nardaran “Mayak” daş karxanası adı ilə fəaliyyətə başlayıb.
1997-ci ildə Konsern ləğv edilərək Azərbaycan Dövlət Əmlak Komitəsinə verilib. 2005-ci ildə “İqtisadiyyat” qəzetində çıxan elana əsasən özəlləşdirilib. Hazırda Nardaran “Mayak” daş karxanasının sahibi Ədalət Mirzəyevdir. Onun dediyinə görə o, uzun illər daş karxanasında çilingər kimi fəaliyyət göstərib. Dövlət Əmlak Komitəsi yaradılandan sonra o və iki iş yoldaşı icarədar qismində “Mayak” daş karxanasını işlədiblər. 2005-ci ildə 3 nəfərin təşəbbüsü ilə özəlləşdirməyə çıxarılan “Mayak” daş karxanasının sahibi onlar olub. Hazırda Ədalət Mirzəyev təsisçi və sahibkar qismində Nardaran “Mayak” daş karxanasının işlədilməsini həyata keçirir.
Ədalət Mirzəyev: “Bu illər ərzində biz mövcud qayda-qanunlar əsasında fəaliyyət göstərərək vaxtlı-vaxtında dövlətə müvafiq vergi ödəmişik, eyni zamanda bölgənin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün istismara yararlı olmayan torpaqların istifadəyə verilməsi, ətraf mühitin sağlamlaşdırılması üçün yaşıllıqlar salmışıq. Hazırda istismara yararlı olmayan 8-10 hektar ərazinin kultuvasiya edilərək yararlı hala salınması üçün müvafiq işlər həyata keçiririk . Bizim hazırladığımız İnkişaf proqramına əsasən 2025-ci ilə kimi 20 hektar çirkli torpağın kultuvasiya edilərək əhalinin istifadəsinə verilməsi nəzərdə tutulur .
Məqsədimiz ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması çərçivəsində Ekologiya və Təbii Sərvətlər nazirliyi tərəfindən həyata keçirilən tədbirlərə öz töhfəmizi verməkdir. Onu da deyim ki, çirkli torpaqların kultuvasiyası nəticəsində əmələ gələn əhali üçün yaşayışa yararlı sahələrdə bağların, yaşıllıqların salınması, yeni evlərin inşası nəzərdə tutulub”, – deyir.
Ədalət Mirzəyev eyni zamanda qeyd edir ki, pandemiyanın tuğyan etdiyi bir dövrdə onlar işçi sayını azaltmadan fəaliyyətlərini ölkə rəhbərliyinin tövsiyələrinə uyğun şəkildə davam etdirirlər.
Onun sözlərinə görə hazırda müəssisədə 36 nəfər işləyir və onlar yüksək əmək haqqı ilə təmin olunurlar. Gələcəkdə Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan yeni iş yerlərinin yaradılmasına uyğun şəkildə əlavə iş yerlərinin açılması da planlaşdırılıb. Biz Nardaran “Mayak” daş karxanasının ərazisində olarkən orada çirkli torpaqların təmizlənməsi ilə bağlı geniş işlərin aparılmasının şahidi olduq. İstismara yararsız boş sahələrin torpaqlanması prosesi sürətlə davam edirdi. Daş çıxarılandan sonra dərin boşluqları xatırladan ərazilərə yük maşınları torpaq daşıyaraq doldurur, traktorla tökülən torpaqlar hamarlanırdı.
Həqiqətən də görülən işlər çirkli torpaqların təmizlənməsi insanda bu yerlərin gələcəyinin daha yaxşı olacağı barədə təəssürat oyadır. Xatırladaq ki, çirkli torpaqlardan təmizlənən ərazi Xəzər dənizinin yaxınlığında füsunkar bir yerdə yerləşir. Belə hesab edirik ki, bu ərazilərin çirkli torpaqlardan təmizlənməsi nəticəsində yaxın gələcəkdə orada geniş yaşıllıq sahələri, bağlar salınacaq, yeni yaşayış evləri tikiləcək, nəticədə bu ərazi isə ekoloji cəhətdən Azərbaycanın ən gözəl guşələrindən birinə çevriləcək.
Murad Şahməmmədov
Əziz Mustafa