‘Nardaran işi’nin hakimi: ‘Ona Şrek deməsin, o da onun atasını söyməsin’

0
626

“Nardaran işi” üzrə  keçirilən növbəti məhkəmə iclası qalmaqallı olub. Məhkəmə zalını “Azadlıq!”, “İstefa!”, “Şah getsin!” şüarları bürüyüb. Təqsirləndirilən şəxslər, beləcə, Abbas Hüseynovun məhkəmədən uzaqlaşdırılmasına etirazlarını bildiriblər.

“İki təhqir edənin biri uzaqlaşdırılıbsa, o biri niyə qalıb?”

Məhkəmə iclası başlananda məlum olub ki, təqsirləndirilən şəxslərdən Abbas Hüseynov zalda yoxdur. Onun vəkili Nemət Kərimli bildirib ki, ötən məhkəmə iclasında DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İbrahim Kazımovla insidentdən sonra (təqsirləndirilən şəxslər onun tərəfindən işgəncələrə məruz qaldıqlarını bildirmiş və tərəflər bir-birinə ayaqqabı atmışdılar) Abbas Hüseynovun məhkəmədən uzaqlaşdırılması barədə qərar qəbul olunub. Vəkil bu barədə müdafiə tərəfinin məlumatlandırılmadığını da diqqətə yetirib

Prosesə sədrlik edən hakim Əlövsət Abbasov bildirib ki, İbrahim Kazımova qarşı nalayiq hərəkətə görə (üzünə tüpürüb) Abbas Hüseynovun prosesdən müvəqqəti kənarlaşdırılması qərara alınıb.

Bu zaman vəkillər hakimin nəzərinə çatdırıblar ki, İbrahim Kazımovun özü də məhkəməyə sayqısız davranıb, ədəbsiz ifadələr işlədib, zalı tərk edərkən təqsirləndirilən şəxslərin hamısını təhqir edib. Amma məhkəmə onun barəsində heç bir ölçü götürməyib.

 

Təqsirləndirilən şəxslərdən “Müsəlman Birliyi Hərəkatı”nın sədri Taleh Bağırovbildirib ki, Abbas Hüseynov məhkəmə prosesindən uzaqlaşdırılmaqla yanaşı, həm də son iclasdakı məlum insidentdən sonra istintaq təcridxanasında “kars”a salınıb:“Abbasın atası rəhmətə gedib. Abbasa deyir ki, “Şrek sənin atandır”. Əvvəla, bu adama hamı “Şrek” deyir. İkincisi, sözü var, Abbasın özünə desin, atası ilə nə işi var?! Əgər Abbasın məhkəmədə iştirakına icazə verilməsə, biz etiraz edəcəyi

Polisin də məhkəmədə nalayiq ifadələr işlətməsi barədə deyilənlərə hakimin “o da insandır, əsəbləri var” cavabını verməsi təqsirləndirilən şəxsləri hiddətləndirib.

“Məgər qanunda elə bir şey var ki, təhqirə təhqirlə cavab verilməlidir? Sizin bu məntiqiniz Abbasa bəraət qazandırır. Çünki o, “bandotdel”də Abbasa və digərlərinə dəhşətli işgəncələr verib, onları təhqir edib”, – təqsirləndirilən şəxslərdən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı belə deyib.

“Rejimin zülmlərini ört-basdır edirsiniz”

Hakim bildirib ki, Abbas Hüseynov məhkəmədə iştirakla bağlı yazılı müraciət etsə, ona baxıb qərar çıxarıla bilər. Vəkillər məsələ ilə əlaqədar məsləhətləşmək üçün Abbas Hüseynovla görüşmələrinə imkan yaradılması və bu məqsədlə prosesdə qısa fasilə elan olunmasını istəsələr də, hakim razılaşmayıb. Ardınca Taleh Bağırovməhkəməyə üz tutub: “Siz bu rejimin zülmlərini ört-basdır edirsiniz. Bu rejim zalım rejimdir. Bu rejim getməlidir!”

Bundan sonra zalı “İstefa!”, “Azadlıq!”, “Şah getsin!” şüarları bürüyüb.

Hakim təqsirləndirilən şəxslərin sakitləşmədiyini görüncə, prosesdə fasilə elan edib.

Fasilədən sonra da Abbas Hüseynov məhkəmə zalına gətirilməyib. Təqsirləndirilən şəxslər bu vəziyyətdə prosesin davam etdirilməsinə etirazlarını bildiriblər.

 

“Bu cür hərəkət eləməkdənsə, özümü asaram”

Taleh Bağırov: “Ötən iclasda baş verənlərdən sonra Abbas “kars”a salınıb. Siz onu məhkəmə prosesindən uzaqlaşdırmaqla eyni əmələ görə ikinci dəfə cəzalandırırsınız. “Şrek” burada məhkəməyə – sizə qarşı da hörmətsizlik elədi, amma heç bir tədbir görmədiniz. İndi də xəbər göndərib bizi təhdid eləyirsiniz. Bizə fərqi yoxdur, Kürdəxanıda keçirmirsiniz, lap harda istəyirsiniz orda keçirin. Onsuz da sizin qərarınız bizə çoxdan məlumdur. Elə ona görə məhkəmə prosesinin əvvəlində sizə dedik ki, çəkilin bu işdən, qoyun adınız ləkələnməsin, qohum-əqrəbanız var. Bu son baş verənlər fironluq eləməkdir. O biri tərəfə bir söz deyə bilmirsiniz, düşürsünüz bizim üstümüzə. Bizləri məzlum görmüsünüz. Biz məzlum deyilik. Biz heç sizin rəhbərinizin qarşısında əyilmirik. O məxluq “bandotdel”də adamlara işgəncə verib, elə şərəfsiz təhqirlər edib, burada biz ona gül atmalıydıq? Siz diktatura məntiqi ilə hərəkət edirsiniz”.

Hakim yenə də polisin hərəkətinə haqq qazandırıb:

– Ona “Şrek” deməsin, o da onun atasını söyməsin.

Taleh Bağırov:

– Bir daha deyirəm, “bandotdel”də hamı onu “Şrek” çağırır. İkincisi, elə bil, siz onun müdafiəçisisiniz.

– Birinci ayaqqabını siz atdınız, sonra o da sizə qaytardı.

– Mən ömürboyu sizin yerinizdə olmaq istəmərəm. Sizin yerinizdə olub bu cür hərəkət eləməkdənsə, özümü asaram. Elə danışırsınız ki, sanki balaca uşaqlarıq, heç nəyi bilmirik. Mən də sizə tövsiyə eləyə bilərəm ki, rüşvətdən uzaq olun, günahsız adamları cəza ilə yükləməyin.

“Mehriban Əliyevanı təhqir edəni niyə cəzalandırmırsınız?”

Təqsirləndirilən Cabbar Cabbarov hakimlərə xatırladıb ki, “bandotdel”in əməkdaşı İbrahim Kazımov ölkənin birinci xanımı Mehriban Əliyevanı təhqir edib: “İbrahim Kazımovun qayğısına qalırsınız, amma onun özü Mehriban Əliyevanı söyüb. Bunu araşdırıb, tədbir görmək istəmirsiniz”.

Təqsirləndirilən Fuad Qəhrəmanlı da hakimə etirazını bildirib: “Adamlara işgəncə verən birisinə görə Abbası zaldan uzaqlaşdırırsınız, amma o gün “bandotdel”in başqa bir əməkdaşı narkotik qəbul eləyib, gəlib burada qarşınızda dayanmışdı, ona bir söz deyə bilmirsiniz”.

Təqsirləndirilən şəxslərin sakitləşmədiyini görən hakim yenidən fasilə elan edib. Fasilədə razılıq əldə olunub ki, iki şahid dindiriləndən sonra Abbas Hüseynov məhkəmə zalına gətiriləcək. Bir müddət sonra Abbas zala gətirilib.

 

“Uşağın döşəyinin altına qumbara qoyub, sonra da artistlik eləyirlər”

Oktyabrın 17-də keçirilən məhkəmə iclasında 26 noyabr əməliyyatından bir müddət sonra həbs olunan Nardaran sakinləri dindiriliblər. Onlar Nardaran əməliyyatından sonra evlərindən silah-sursat çıxması ittihamı ilə həbs ediliblər. Artıq barələrində məhkəmə hökmü də çıxarılıb. CM-in 228.1-ci (qanunsuz silah saxlama) maddəsilə təqsirli bilinərək 2-3 il arası həbs cəzasına məhkum ediliblər.

Lakin bu dəfə məhkəmədə dindirilən Nardaran sakinlərinin hamısı evlərinə silah-sursatı elə polislərin qoyduğunu söyləyib. Onlar həmin silahları boyunlarına götürmək, eləcə də Taleh Bağırovun əleyhinə ifadə vermələri üçün “bandotdel”də işgəncələrə məruz qaldıqlarını bildiriblər.

“Uşağın döşəyinin altına qumbara qoyub, sonra da artistlik eləyirlər ki, “ay, əl dəyməyin, partlayar”. Şərəfsizlər…”, – 52 yaşlı Ağasəlim Cəbrayılov belə deyib.

Nardaranın bir başqa bir sakini – Zahid Zəkiyev deyib ki, Taleh Bağırovun əleyhinə ifadəni imzalaması üçün hər iki ayağında baş barmaqların dırnaqlarını kəlbətinlə çıxarıblar: “Burada ayaqqabıları çıxarmaq mümkün olsaydı, barmaqlarımı göstərərdim”.

Vəkil Yalçın İmanov bildirib ki, məhkəmə hökm çıxararkən, Taleh Bağırov əleyhinə istintaqda verilmiş ifadələri əsas götürə bilər. Amma dindirilən şahidlər o ifadələrə işgəncə altında imza atdıqlarını deyirlər. Vəkil işgəncə məsələsinin dəqiqləşdirilib, həmin ifadələrin sübutlar siyahısından çıxarılması üçün şahidin ayaqlarına baxış keçirilməsi barədə vəsatət qaldırıb.

“Biz burada eksperiment keçirmirik”, – deyə hakim vəsatəti təmin etməyib.

Məhkəmə oktyabrın 19-da davam edəcək.

BIR CAVAB BURAXIN