Əziz Mustafa
SSRİ-nin dağılmasına səbəb olan ulduz müharibələri ssenarisinin də əsasında məhz kosmik məkanda ABŞ tərəfindən həyata keçirilən gizli proqramlar idi. Bu proqramların olması çox güman ki, həmin dövrdə SSRİ rəhbərliyinə məlum idi. Çünki “soyuq müharibə” dövrünün ən ağır vaxtlarında belə, Qərbə meydan oxuyan SSRİ rəhbərliyi məhz ötən ilin 80-ci illərinin ortalarından başlayaraq, Qərblə mübarizədə öz acizliyini dərk edərək və özünün varlığını qoruyub saxlamaq yolunu seçməyə məcbur oldu. Bütün hallarda məhz kosmosun müharibə meydanına çevrilməsini nəzərdə tutan gizli kosmik proqramlar və bu məqsədlə xərclənən milyardlar SSRİ-nin sonunu gətirib çıxardı.
“Rozett” sui-qəsd planı
2014-cü ilin sonlarında Avropa Kosmik Agentliyi (AKA) tərəfindən yerətrafı orbitə göndərilən “Rozetta” zondu “67P/Çuryumov- Gerasimenko” kometinə endi. Bununla da Avropa Kosmik Agentliyi 67P/Çuryumov- Gerasimenko kometinin öyrənilməsi üçün böyük imkanlar əldə etdi. Həmin vaxt AKA məlumat vermişdi ki, tezliklə kometdəki faydalı qazıntıların işlənilməsinə başlanılacaq və bu məqsədlə orada avtomatik şəkildə istehsalı qaydaya salan mini zavod quraşdırılacaq. Amma sonra nədənsə “67P/Çuryumov- Gerasimenko” kometinin öyrənilməsi və bununla bağlı zondun göndərdiyi məlumatlar barədə susmağa başladı. Üstündən il yarımdan artıq vaxt keçməsinə baxmayaraq, AKA kometdə aparılan tədqiqat işləri ilə bağlı susmaqda davam edir. Bəs kometin səthinə enən və onu tədqiq edən zondun taleyi necə oldu? AKA inadla zondun taleyi və kometdən göndərilən məlumatlarla bağlı susmaqda davam edir. Halbuki AKA orada faydalı qazıntıların işlənməsi üçün mini-zavod quraşdırmaq niyyətində idi. AKA-nın məsələ ilə bağlı susması isə çoxsaylı ehtimalların ortaya çıxmasına səbəb olub. Belə ehtimal edilir ki, zondun endiyi “67P/Çuryumov- Gerasimenko” kometi əslində kainatı nəzarət altında saxlayan yadplanetlilərin kosmik məkandakı gəmi bazalarından biri olub. Bununla bağlı Qərb mətbuatında gedən çoxsaylı yazılarla bağlı isə AKA susmaqda davam edir. Çünki həmin yazıları təkzib etməklə AKA yalan danışaraq, özünü pis vəziyyətdə qoymaq istəmir. AKA bu yazıları təsdiq edəcəyi təqdirdə isə, kosmik məkanda həyata keçirdiyi hansısa sirrin üstünü açmış olacaq. Bu isə indiki məqamda beynəlxalq aləmdə çaşqınlığa, hansısa xoşagəlməz ajiotajlara yol aça, son nəticədə hadisələrin gözlənilməz istiqamətdə inkişaf etməsinə gətirib çıxara bilər…
Yenə də aydın məsələdir ki, AKA 10 il müddətinə nəzərdə tutulmuş tədqiqat layihəsinə milyardlarla dolları boş yerə xərcləməzdi. Xatırladaq ki, “67P/Çuryumov- Gerasimenko” kometindən kosmik siqnalların daxil olması hələ 20 il bundan əvvəl məlum idi. Bu baxımdan şübhəsiz ki, AKA-nın adı çəkilən kometə və ya iddia edildiyi kimi, yadplanetlilərin bazasına zond göndərməsi və buna milyardlarla dollar xərcləməsi boş-boşuna ola bilməzdi. Hər halda, gün gələcək ki, “67P/Çuryumov- Gerasimenko” kometi ətrafındakı sirrin müəyyən dövrdən ictimaiyyətə açıqlanacağı şübhə doğurmur.
Marsa teleportasiya
Günümüzdə daha çox diqqət mərkəzində olan Mars planetinin öyrənilməsi və kosmik aparatlar tərəfindən oradan göndərilən və çoxsaylı müzakirələrə səbəb olan şəkillərdir. Bu şəkillərin hər birində çoxsaylı sirlər gizlənir və onlar tədqiqatçılar tərəfindən fərqli prizmalardan izah edilir. Lakin son illərdə NASA-nın Yerətrafı orbitdə, xüsusən də Marsda həyata keçirdiyi gizli kosmik proqramlarla bağlı digər bir ehtimal da gündəmə gəlib. Bu da üzərində təcrübə keçirilən müəyyən qrup insanların guya Marsa teleportasiyası ilə bağlıdır. Qeyd edək ki, əşyaların bir nöqtədən minlərlə kilometr uzaqlara teleportasiyası ilə bağlı son illərdə çoxsaylı tədqiqat işlərinə baş vurulub. Tədqiqatçı alimlər-Maykl Relfi və Endryu Basyaqonun mətbuata verdikləri açıqlamalara görə, NASA yadplanetlilərlə əlaqə əsasında canlıların minlərlə kilometr uzaqlara teleportasiyasını sınaqdan çıxarıb və bu, qismən uğurlu alınıb. Relfinin iddialarına inansaq, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi 1976-cı ildə Marsa bir qrup adamın teleportasiyasına anil olub. Guya məhz bu adamların vasitəsilə ABŞ tədricən Marsın koloniyasına çevrilməsini həyata keçirməkdədir. Relfi deyir ki, sonradan təcrübə obyekti olan adamların yaddaşları silinib. Relfi teleportasiya məqsədi ilə savadlı, yüksək intellekt sahibi olacaqlarını nümayiş etdirən məktəblilərdən də təcrübə zamanı istifadə edildiyini söyləyib.
Tədqiqatçı alim Basyaqo da təsdiq edib ki, təcrübə zamanı teleportasiya tədqiqatına cəlb edilən adamların bəziləri ağıllarını itirərək dəli olublar. Basyaqonun sözlərinə görə, ABŞ Marsı öz koloniyasına çevirmək yolu ilə dünya üzərində və kosmik məkanda özünü supergücə çevirmək niyyətindədir. Bundan əlavə, vaxtilə Marsda baş verən hansısa dağıdıcı proseslər nəticəsində oradakı insanların Yerə köç edərək oranı məskunlaşdırması barədə dünya xalqlarının, demək olar, hamısnda əksini tapan əfsanələrə inansaq, onda qırmızı planetdə baş verənlərin öyrənilməsi ABŞ-a texniki baxımdan yeni sıçrayışlara nail olmağa imkan verə bilər. ABŞ-ın ötən əsrin 70-ci illərindən başlayaraq, Marsın tədqiq üçün yüz milyardlarla dollar xərcləməsinin də arxasında məhz bu niyyətlərin dayana biləcəyi istisna edilmir.
Yupiterə səyahət
NASA tərəfindən insanların bir nöqtədən digərinə teleportasiyası ilə bağlı aparılan tədqiqatların Yupiter planetinə münasibətdə də davam etdirildiyi də ehtimal edilməkdədir. Yenə də belə bir fikir vurğulanır ki, NASA tərəfindən Yupiterə teleportasiya imkanlarını öyrənmək üçün Stenford Universiteti alimlərinin iştirakı ilə xüsusi eksperiment keçirilib. Eksperimentdə iştirak edənlərdən biri İnqo Svan adlı şəxsin astroloji bədəni vasitəsilə kosmosa səyahətə çıxdığı və Yupiterin yanından keçərkən onun ətrafında qəribə dairəni gördüyü iddia edilir. Hələ on illər bundan əvvəl Yupiterin ətrafında naməlum dairənin olduğu barədə çoxsaylı məlumatlar yayılmışdı. Amma bu məlumatlar teleskoplar və ya kosmik gəmilər vasitəsi ilə alınmadığından Yupiter ətrafındakı dairənin necə müəyyən edildiyi barədə susmağa üstünlük verirdilər. Yalnız illər sonra NASA tərəfindən Yupiterə göndərilən “Pioneer10” peyki vasitəsilə Yupiterin ətrafında dairənin olduğunu təsdiq edildi. Bundan sonra alimlər Yupiter ətrafındakı dairənin varlığına inanmış oldular.
“Apollon 20”nin gizli missiyası
NASA tərəfindən çoxsaylı gizli kosmik layihələrin həyata keçirildiyi barədə digər bir məlumat 2007-ci ildə “You Tube”də canlı şəkildə yayımlandı. Bu videogörüntüdə 1976-cı ildə “Apollon 20”nin Aya gizli missiyaya çıxdığı əksini tapıb. Videogörüntünün müəllifi Uilyam Rutlecin iddiasına görə, “Apollon 20”nin Aya gizli missiyası zamanı orada yadplanetlilərin qədim bazası aşkar edilib. Bazada anabioz vəziyyətdə tapılan qadın humanoid NASA-nın gizli mərkəzinə gətirilib. Rutlecin idiasına görə, qadın humanoidin boyu 1metr 70 santimetr, çəkisi isə 75 kiloqram olub. Rutlecin bu iddiasına isə bu günə kimi NASA tərəfindən reaksiya verilməyib. Belə güman edilir ki, NASA Rutlecin iddiasını təkzib və ya təsdiq etməklə özünü pis vəziyyətdə qoymaq istəmir.
Amma Rutlecin qeyd etdiyi kimi, “Apollon 20”nin Aya gizli missiyası məsələsi öz təsdiqini tapıb. Lakin NASA israrla “Apollon 20”nin gizli missiyası barədə susmaqda davam edir. Bütün hallarda yaxın onilliklərdə elmi-texniki tərəqqinin inkişafı nəticəsində əşyaların və ya canlıların bir nöqtədən minlərlə kilometr uzaqlara teleportasiyasının reallaşacağı istisna edilmir. Xatırladaq ki, təxminən 70-80 il əvvəl dünyanın hansısa yerində baş verən hadisələri minlərlə kilometr uzaqlarda canlı şəkildə izləmək ağlasığmaz hesab edilirdi. Amma bu görüntülərin, necə deyərlər, dünyanın bir başından o biri başına işıq sürəti ilə ötürülməsinə nail olunması elmi-texniki tərəqqidə yeni sıçrayışa yol açdı və əfsanə gerkəkləşdi. Günümüzdə də bizə qeyri-real görünən əşyaların və ya canlıların elmi-texniki tərəqqi nəticəsində bir nöqtədən digərinə teleportasiya edilməsinə nail olunacağı şübhə doğurmur. Xatırladaq ki, qədimlərdə mövcud olan əfsanəvi Atlantida ilə bağlı məlumatlarda insanların yüksək inkişafa malik olduqları, bir planetdən digərinə uçub getməyi bacardıqları vurğulanır. Kim bilir, bəlkə gələcəkdə Yer kürəsində də belə yüksək inkişafa nail olunacaq…(Son)