İyunun 20-də “Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Arazinfo.com-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan verilən məlumata görə, beynəlxalq konfransın təşkilatçıları Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Dünya Avşarlar Dərnəyinin Azərbaycan şöbəsidir.
Əvvəlcə AMEA-nın Tarix İnstitutunun nəşrlərindən ibarət sərgi ilə tanışlıq olub.
Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan xalqı dünyanın ən qədim dövlətçilik mədəniyyətini yaradan xalqlardan biridir: “Xalqımızın tarixə bəxş etdiyi dahi şəxsiyyətlərdən biri Nadir şah Əfşardır”.
Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxışında deyib ki, Nadir şah tarixdə üç imperiyanı – çar Rusiyası, Osmanlı və Böyük Moğol imperiyalarını məğlub edən, əfqan müdaxiləçilərini ölkədən qovub çıxaran və çökmüş Səfəvi imperiyasının ərazisini daha da genişləndirərək Əfşarlar imperiyasını yaradan böyük hökmdardır: “Nadir şahı amansızlıqda, qırğınlar törətməkdə suçlayanlar yanılırlar. Bu həqiqət deyil! Onun kütləvi qırğınlar törətməsi barədə ilk mənbələrdə heç bir məlumata rast gəlinmir. O, fərariləri, satqınları, qiyamçıları, mərkəzi hakimiyyətə qarşı çıxanları cəzalandırırdı. Bunsuz böyük bir imperiyanı əldə saxlamaq mümkün idimi?!”
Yaqub Mahmudov qeyd edib ki, akademik Ramiz Mehdiyevin əsərləri, o cümlədən Səfəvilər, Nadir şah haqqında tədqiqatları Azərbaycan tarix elmində ən mühüm nailiyyətlərdən biridir.
Konfransda AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Türkiyənin Dünya Avşarlar Dərnəyinin rəhbəri Şeref Kocakaya, Tarix İnstitutunun şöbə müdiri, professor Tofiq Mustafazadə, tarix elmləri doktoru Mehman Süleymanov, professor Ədalət Tahirzadə, “Olaylar” İnformasiya Agentliyinin baş direktoru, yazıçı Yunus Oğuz, Dünya Avşarlar Dərnəyinin Azərbaycan şöbəsinin rəhbəri Şöhlət Əfşar və başqaları bildiriblər ki, Nadir şah təkcə Azərbaycanın deyil, ümumiyyətlə dünya tarixinin dahi şəxsiyyətlərindən biridir.
Elmi konfransda “Nadir şah Əfşar: tarixin gedişini dəyişdirən dahi sərkərdə” adlı kitabın təqdimatı keçirilib. Kitabın müəllifləri akademik Yaqub Mahmudov və professor Tofiq Mustafazadədir. Kitab Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub. Nəşrin elmi redaktoru tarixçi alim Mehman Süleymanovdur.
Beynəlxalq konfrans “Nadir şah Əfşar imperiyasının tarixi ilkin qaynaqlarda və tarixşünaslıqda”, “Nadir şah Əfşar: dahi sərkərdə və dövlət xadimi”, “Nadir şah Əfşarın daxili siyasəti” və “Nadir şah Əfşarın xarici siyasəti” bölmələrində fəaliyyət göstərib. Konfransa Azərbaycan tarixçiləri ilə yanaşı, Türkiyə, Rusiya, Ukrayna və başqa ölkələrin alimləri də məruzələrini təqdim ediblər.