Nərimanovun onu oxutduran Tağıyevi həbs etdirməsi – TARİXİ İDDİA

0
705

Cavid Zeynallı yazır

 

Vaxtilə Tağıyevin şəxsi mülkü olan Milli Azərbaycan Tarixi Muzeyinin kitab satışı bölməsində maraqlı kitaba rast gəldim: “Müasirləri Hacı Zeynalabdin Tağıyev haqqında”. Qiyməti cəmi 1 manat olan kitabı vərəqləyəndə diqqətimi bir neçə şəxsin xatirəsi çəkdi. Tutalım, Hacının fabriklərində, neft quyularında çalışan fəhlələrin xatirəsində bir neçə maraqlı məqam vardısa, daha diqqətçəkəni Abdulla Şaiqin və Nağı bəy Şeyxzamanlının qələmə aldıqları idi. Nağı bəy Tağıyev və Nərimanov münasibətlərinin hətta düşmənçilik səviyyəsində olduğu, bolşeviklərin hakimiyyətindən sonra Nərimanovun Hacını həbs etdirməsi və s. məsələlərə toxunur.

 

Maraqlı başqa məqamdır: kitabın tərtibçiləri müəllifin yazdıqlarını təkzib edir, əslində, Nərimanovun Hacıya köməklik etdiyini vurğulayırlar. Əlbəttə, Tağıyevin qızının danışdıqları daha mötəbər mənbə hesab olunmalıdır, amma həm Abdulla Şaiqin, həm də Nağı bəy Şeyxzamanlının yazdıqlarında Tağıyevlə Nərimanovun münasibətlərinin zaman-zaman pisləşməsi diqqət çəkir. Hərçənd, onu da nəzərə almaq lazımdır ki, Hacının ilk tərcümeyi-halını yazan, həm də böyük vurğunluq və sevgiylə yazan məhz Nəriman Nərimanov olub. Hər halda, hər iki şəxsin xatırladıqları həm də tarixi fakt kimi maraqlıdır. Nəticə çıxarmaq oxucunun işidir…

 

Abdulla Şaiqin xatirəsi

 

Hacı Zeynalabdin Tağıyev başqa kapitalistlərdən bir çox cəhətdən fərqlənir. Başqa kapitalistlər hamıya yuxarıdan baxır, maarif işlərində iştirak etmirdilər. Küçədə üz-üzə gəldikləri zaman o ağalar dik-dik baxıb salam gözləyərkən, ziyalılar da baxıb yanlarından düz keçirdilər. Tamamilə savadsız olan Hacı isə Azərbaycanın həm maarif, həm də ictimai işlərinə qarışırdı. Bu ondan irəli gəlirdi ki, o biri milyonçuların çoxu xırda burjuadan başlayaraq kapitalist olmuşlar. Hacı isə kimsəsiz olduğundan 8-9 yaşından bənnalara palçıq daşıyıb gündəlik muzd alır, onunla da keçinirdi. O fəhləlikdən kapitalistə qədər yol keçmişdir. Hacı maarif işlərində çalışan ziyalılarla oturub durmağı sevərdi.

 

1901-ci ildə Hacı qız məktəbini tikdirdi. Bu məktəbə Bakıdan və başqa şəhərlərdən, rayonlardan kasıb qızlar qəbul edilirdi. Cahil mollalar, qoçular və onların təsiri altında avam camaat Hacıya və qız məktəbinə qarşı dərin nifrət bəsləyirdilər. Hacı bunların heç birinə əhəmiyyət vermirdi.

 

O, öz vəsaiti hesabına orta məktəbi qurtaran cavanları başqa şəhərlərə ali təhsil almağa göndərirdi. Son zamanlar kapitalistlərdən ancaq Musa Nağıyevlə dostluq edirdi. Musa Nağıyev varlı olsa da, çox xəsis idi. Hacı həmişə orta məktəblərdə oxuyan yoxsul tələbələrin xeyrinə maarif cəmiyyətlərinin təşkil etdiyi məclislərə gəlir və dostu Musa Nağıyevi də özü ilə gətirirdi. Qapıdan girəndə Hacı 100-200 rubl, Ağa Musa isə ciblərini qurdalayıb 10 rubl verərdi. Hacı deyərdi:

 

– Ağa Musa, on rubl azdır, kasıb uşaqlar üçündür, bir az çox ver.

 

Ağa Musa yenə ciblərini axtarıb əli əsə-əsə 25 rubl verərdi.

 

Birinci Bakı realnı məktəbinin müdiri Denfer Hacının yanına gəlib, məktəb binasının dördüncü mərtəbəsini tikdirməyi xahiş etdi. Hazırlıqsız gələn Azərbaycan uşaqları birinci sinfə imtahan verə bilmirdilər. Hacı:

 

– Birinci sinfə imtahansız girmək sərtilə 25 uşağa bir ehtiyat sinfi açsanız, razıyam, – demişdi.

 

Hacı üst mərtəbəni tikdirməyi Ağa Musanın boynuna qoymuşdu. Dördüncü mərtəbə tikildi. Aşağı mərtəbədə Azərbaycan balalarına məxsus ehtiyat sinfi açıldı (Realnı məktəb Bakı Dövlət Universitetinin binasıdır-red.).

 

Bakıda sənət məktəbinin müdiri binanı böyütmək üçün Hacıdan maddi kömək istəyib. Hacı Azərbaycan tələbələrin sayını artırmaq şərti ilə məktəbə 40 min rubl pul ayırmışdı. Məşhur dramaturqumuz Cəfər Cabbarlı da şəhər məktəbini qurtardıqdan sonra həmin sənət məktəbinə daxil olmuş və ilk əsərlərini orada oxuduğu zaman yazmışdır.

 

1906-1907-ci illərdə Azərbaycan müəllimlərinin qurultayı çağırılmışdı. O zaman Nəriman Nərimanov Odessada tibb fakültəsində oxuyurdu, yay tətili vaxtı Bakıya gəlmişdi. Qurultay Həsən bəy Zərdabini sədr, Nərimanovu müavin seçmişdi. Müzakirə edilən məsələlərdən biri də “nemoy metod”u (“lal üsul”) ləğv etmək idi. Şəhər məktəblərində azərbaycanlı uşaqlara rusca dərs deyən müəllimlər hər şeyi əyani olaraq göstərməli idilər. Məsələn, “собака лает”, “ кошка мяукает” cümlələrini əyani göstərmək üçün müəllim sinifdə it kimi hürməli və pişik kimi miyoldamalı idi. Qurultay yekdilliklə bu kobud üsulun ləğvinə səs verdi. Həsən bəy Zərdabi canişinə “nemoy metod”un ləğv olunmasını “qurultay xahiş edir”, deyə bir teleqraf göndərməyi təklif etdi.

 

N.Nərimanov xahiş sözünə etiraz edərək:

 

– Biz bu vaxta qədər çox xahiş etmişik, faydası olmamışdır. Bundan sonra tələb etməliyik – dedi.

 

Qurultay Nərimanovun tələbinə tərəfdar oldu. Həsən bəy razı olmayıb dedi:

 

– Ay Nəriman, sən nə ilə tələb edirsən? Bu avam camaata güvənirsən?

 

N.Nərimanov öz fikrində möhkəm durdu.

 

Həsən bəy:

 

– Nəriman, sən hələ gəncsən, zorla iş olmaz, – deyə, ona nəsihət etdi.

 

Doktor Seyidov yerindən cavab verdi:

 

– Ağıl yaşda deyil, başdadır.

 

Həsən bəy bu sözdən inciyib qurultayı tərk etdi.

 

Ertəsi gün Hacı Zeynalabdin qurultaya gəldi. Bir az danışdıqdan sonra Nərimana işarə edərək: “Cibində beş qəpiyi yoxdur, onun tələb etməsinə bax!” dedi. Bu söz Nərimana toxundu. Nəriman subay olduğu halda 12 nəfər ailə saxlayırdı. Odessaya oxumağa gedəndə Hacı Zeynalabdin ayda ona 25 rubl göndərirdi. Ailəsinin yaşaması üçün Hacı hər ay ailəsinə 50 rubl verirdi.

 

Nəriman cavab verdi:

 

– Hacı, cibimdə pulum yoxdursa da, ağlım, iradəm var. Bu sözdən sonra ailəmə verdiyiniz 50 rubl gərək deyil.

 

Hacı hirslənib dedi:

 

– Hər ay tələbələrə pul göndərirəm. Bundan sonra kömək etməyəcəm.

 

Qoca bir müəllim ayağa qalxıb “Hacı, Nəriman bir söz idi dedi, o biri tələbələrin günahı nədir? Xahiş edirəm, sözünüzü geri götürün”. Hacı: “Mən sözümü geri götürürəm, arxayın olun”, deyərək, qurultayı tərk etdi.

 

Neçənci ildə olduğunu bilmirəm. Türkan kəndində taun xəstəliyi zühur etdi. Həkimlər kənddə olan ərzağı yandırdılar. Çar hökumətinin əmrilə kazaklar kəndi dörd tərəfdən bürüyüb, kənddən qaçanları vururdular. Xalq taun xəstəliyindən daha müdhiş olan aclıq içində ölməyə məhkum idi. Hacı hər gün dəniz vasitəsilə paroxodlarla çörək, qənd, çay, düyü, papiros, tütün göndərirdi. Xəstəlik ay yarım davam etdi.

 

Bunu da əlavə edirəm ki, Hacı bəzi kapitalistlər kimi yanında qoçu gəzdirmirdi. Kim bunun əksini deyirsə, Hacıya qarşı böhtandır. O, qoçulara qarşı dərin nifrət bəsləyirdi.

 

Hacı yazı-pozu bilməzdi, öz imzasını yazmağı ancaq öyrənmişdi. Ancaq hər gün Mirzə Sadıq ona rus və Azərbaycan dillərində çıxan qəzetləri oxuyurdu. Söhbət əsnasında Hacı həmişə deyirdi: “Bu gün qəzetdə oxumuşam ki…”

 

“İsmailiyyə” binasının tikintisinə Hacı səbəb olmuşdu. Ağa Musa Hacının təklifini yerə salmayıb binanı tikdirmişdi.

 

28 mart 1956- ci il.

 

Nağı bəy Şeyxzamanlının xatirəsindən parça

 

… Təəssüflər olsun ki, məsud və həyəcan dolu o günlərimizə bolşeviklər son qoydular. Münbit torpaqlarımızı və zəngin ölkəmizi zorla işğal etdilər. Bütün millətin sərvətini əlindən alaraq Rusiyanın malı etdilər. Hacı Zeynalabdini ixtiyar çağında parasız buraxdılar. Onun pulu ilə oxuyan doktor Nəriman Hacını həbs etdirdi.

 

Hadisə belə olmuşdu. Bütün sərvətindən məhrum olan Hacının Bakıdakı bez fabrikinin adı bolşeviklər tərəfindən dəyişdirilərək, “Lenin adına bez fabriki” adlandırılır. Bunu eşidən Hacı doktor Nərimanın yanına gedir və ona deyir:

 

– Nəriman, mən öz pulumla türk xalqı üçün teatr tikdirdim və xalqımıza hədiyyə etdim. Dram Cəmiyyəti teatrın adını “Tağızadə teatrı” qoydu, indi isə dəyişdirib Dadaş Bünyadzadənin adını qoymusunuz. Buna heç bir etirazım yoxdur, çünki millət üçün işlədiləcəkdir deyirsiniz. Yalnız etirazım adını lənət olmuş Lenin adına qoymağınızdır. Mən o alçaq Leninə fabrik satmamışam. Əgər fabrikimin adını dəyişdirib Nəriman qoysaydınız, yenə etiraz etməyəcəkdim!

 

Bu sözlərdən sonra Nəriman nəzarəti altında çalışdığı yanındakı rusdan qorxaraq , Hacını həbs etdirir. Bu hadisədən xəbər tutan fabrik işçiləri tətil edərək ÇEKA-ya gedir və Hacının dərhal azad olmasını tələb edirlər. Onlar Hacını bundan sonra da öz hesablarına saxlayacaqlarını bildirərək həbsdən azad etdirirlər. Bu hadisəni eşidən xalqımız çox üzülür.

 

Hacı Zeynalabdinin bundan sonrakı qısa həyatı Bakı ətrafındakı Mərdəkanda kəndlilər və fəhlələr arasında keçir. Hacı bir fəhlə kimi həyata atıldığı dostlarının arasında 104 yaşında kədərli gözlərini yumur.

 

Kitab tərtibçilərinin əlavəsi:

 

N. Şeyxzamanlının bəhs etdiyi hadisə kökündən yanlışdır. Əslində, H.Z.Tağıyev heç vaxt bolşeviklər tərəfindən həbs olunmayıb. Hacının 1920-1924-cü illərdə təhlükəsiz yaşaması, Mərdəkandakı bağ evinin müsadirə edilməyərək onun ixtiyarında saxlanılması yeni hökumətin, xüsusilə də Nəriman Nərimanovun xeyriyyəçiyə münasibətin təzahürü kimi qiymətləndirilə bilər. Bundan əlavə 1991-ci ildə Hacının qızı Sara xanımın görkəmli ictimai-siyasi xadim Vəli Məmmədova söylədiyi bir xatirə N. Nərimanovun H.Z.Tağıyevi qorumasını sübut edir: “Sovet hakimiyyətinin qurulmasından sonra, bir gün axşam Tağıyevin evinə ÇEKA-dan adamlar gəldilər. Mən Nərimanovun yanına – Yuxarı Təzəpir küçəsinə gedərək, ona məlumat verdim. O, ÇEKA-nın əməkdaşını telefona çağıraraq Tağıyevə dəyməməyi tapşırdı. Mən evimizə qayıdanda, artıq ÇEKA getmişdi”.

 

Beləliklə, N.Şeyxzamanlının bolşeviklər tərəfindən H.Z.Tağıyevin həbs edilməsi, N.Nərimanovun bu işdə bilavasitə rol oynaması haqqında yazdıqları həqiqətə uyğun deyil və müəllifin sovet quruluşuna şəxsi münasibətilə izah oluna bilər.

 

2014

BIR CAVAB BURAXIN