Nərgizava nekropolunda yeni arxeoloji tədqiqatlar aparılıb

0
724
2018-ci ilin may ayında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Vəli Əliyevin rəhbərlik etdiyi Nərgizava ekspedisiyası Ağsu rayonunun Gəgəli kəndində yerli sakin Sahib Mirzəyevin həyətində 70 kv.m sahədə arxeoloji kəşfiyyat qazıntısı aparıb.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan “Ölkə.Az”a verilən məlumata əsasən, qazıntı zamanı yer üstündən 40 sm dərinlikdən başlayaraq şum işləri zamanı dağılmış təbəqənin qarışıq materialları və insan skeletlərinin qalıqları üzə çıxıb. 80 sm dərinlikdən başlayaraq torpaq qəbirlərdə daha yaxşı saxlanmış skeletlər və ətrafında qoyulmuş saxsı məmulatı, eləcə də metal əşya və bəzək nümunələri aşkar olunub.

Ümumilikdə indiyə qədər 25 qəbir qeydə alınıb, onların bəzilərində bir neçə skeletə rast gəlinib. Nərgizava abidəsinin qəbirləri pilləli şəkildə dəfnlə xarakterizə olunur. Qəbirlərin skeletinin vəziyyəti sıx və zəif bükülü, başının istiqaməti əsasən şimal-qərbə, sağ böyrü üstə, üzü cənub-şərqə olub, ayaq və baş ucunda Nərgizava tipli dördqulplu saxsı maye qabı və digər saxsı su və yemək qabarı qoyulub. Bütün qablar Ellin dövrünə xas olan qırmızı oxra ilə rənglənib. Skeletlərin ətrafından müxtəlif rəngləri olan çaxmaqdaşılar da götürülüb. Dəmirdən xəncər, bıçaq, ox ucluqları və nizə ucluqları aşkar olunub. Əksər skeletlərin üzərində ocaq qalanması ayini izlərinə rast gəlinib.

Antropoloq Vüsal Həsənovun qeydinə görə, skeletlərin bəzilərində xəstəlik izləri də müşahidə olunur. Qazıntının genişləndirilməsi və dərinləşdirilməsi bu skeletlərin bir-biri ilə əlaqəsini üzə çıxaracaq.

Tunc kəmər başlıqları öz bədii gözəlliyi ilə seçilir. İnsan və heyvan təsvirli belə kəmər və toqqa başlıqları Nərgizava abidəsi üçün səciyyəvidir. Qazıntı zamanı 9 saylı qəbirdən bir ədəd Parfiya sikkəsi də üzə çıxıb.

Qazıntı mövsümündə Gəgəli kəndinin yaxınlığındakı Yasamal qobusunun kənarında 20 kv.m sahədə yaşayış yerinin üzə çıxarılması istiqamətində işlər görülüb. Həm nekropolda, həm də ehtimal olunan yaşayış yerində işlər sona çatdırılmayıb.

İşlərin yekunlaşdırılması üçün AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Nərgizava ekspedisiyasını yenidən ezam etməsi nəzərdə tutulur.

BIR CAVAB BURAXIN