Müxalifətin antimilli davranışları xalqa xəyanətdir

0
2327

Müxalifətin antimilli davranışları xalqa xəyanətdir

Son günlər Ermənistanın Azərbaycanla sərhəd bölgələrində – Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan rayonları istiqamətində törətdiyi təxribatın səbəbləri, məqsədləri və nəticələri barədə ictimaiyyətdə geniş müzakirələr gedir. Məlum olduğu kimi, Azərbaycan Silahlı Qüvvələrinin bu ərazidə dislokasiya olunmuş hərbi birləşmələrinin keçirdikləri xüsusi əməliyyatla genişmiqyaslı diversiyanın qarşısı qətiyyətlə alınaraq düşmənə sarsıdıcı zərbələr vurulmuşdur. Şəhidlərimizin qanı yerdə qalmamış, yüzlərlə erməni əsgər və zabiti məhv edilmiş, düşmənin dəyəri yüz milyonlarla ABŞ dolları ilə ölçülən  silah-sursatı, hərbi hissələri darmadağın edilmişdir. Nəticə etibarı ilə ordumuz sərhəd boyunca yerləşən bir neçə böyük əhəmiyyətli strateji yüksəkliyi ələ keçirərək 100 kvadrat kilometrdən çox ərazini tam nəzarətə götürmüşdür.

Lakin Azərbaycan xalqının Vətən yolunda canlarından keçmiş şəhidlərini böyük ehtiram və qürurla son mənzilə yola saldığı bir vaxtda AXCP sədri Əli Kərimov və digər destruktiv müxalifət nümayəndələri hətta belə həssas məqamda xalqın hissləri ilə oynamaqdan, antimilli xəyanətkar fəaliyyətlərindən və riyakarlıqlarından əl çəkə bilmirlər. Xüsusilə, son hadisələrdən sonra onların Azərbaycanı hətta təcavüzkar qismində təqdim etmələri və şəhidlər üzərindən əhalidə ruh düşkünlüyü yaratmaq cəhdləri, ermənilərin maraqlarına xidmət edən yalan və uydurmalarla dolu bəyanatlar vermələri dediklərimizin daha bir təsdiqidir.

Azərbaycan xalqı yaxşı bilir ki, Qarabağın işğal olunmasının əsas səbəblərindən biri bu gün iqtidarı tənqid edən radikal müxalifətin özünün 1992-1993-cü illərdə hakimiyyətdə olduqları dövrdə yarıtmaz idarəetməsi olub. Azərbaycan ictimaiyyəti taleyüklü məqamlarda hər zaman onların belə xəyanətkar davranışlarının şahidi olub. Xatırlayırsınızsa, 2016-cı il aprel döyüşlərində əldə etdiyimiz  Lələtəpə uğuru Əli Kərimov və onun tör-töküntülərinin heç ürəyincə olmamışdı. “Cəbhəçilər” hətta dünyaya səs salmış 44 günlük Vətən müharibəsində qazandığımız tarixi hərbi-diplomatik qələbənin Azərbaycan xalqının şərəf və ləyaqət mücəssəməsinə  çevrilməsini bu gün də həzm edə bilmirlər. Fərrux yüksəkliyinə tam nəzarəti ələ keçirdiyimiz zaman da bunlar özlərinin narahatlığını gizlədə bilməmişdilər. Qardaş Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi ilə əlaqədar da bu qruplaşmanın böyük narahatlıq keçirdiyi hamımıza məlumdur. Belə nümunələr saysız-hesabsızdır. İndi yenidən bu mövqedən çıxış edən radikal müxalifət Ermənistanın revanşizm ideyaları üzərində köklənmiş təcavüz siyasətinə demokratiya donu geyindirir.

Çox təəssüf ki, dağıdıcı müxalifət siyasi meydanda qalmaq naminə bu cür mənəviyyatsızlığa yol verir. Ona görə də xaricdən aldıqları tapşırıq əsasında siyasi təbliğatında və davranışında erməni faktorundan faydalanmaqla Azərbaycanın imicinə zərbə vurmaq yolunu seçərək ölkəmizə qarşı belə çirkin kampaniyaya başlayıblar. Bu, ilk növbədə Azərbaycan xalqına və dövlətinə qarşı böyük xəyanətdir. Lakin şübhə yoxdur ki, ölkə ictimaiyyəti hər zaman olduğu kimi bu dəfə də onların layiqli cavabını verəcəkdir.

 

Nailə Əliyeva-Zərdab rayonu, Mərkəzləşdirilmiş kitabxana sisteminin müdiri