“Münaqişənin həlli yaxındır” – Razılaşdırılan məqamlar açıqlandı

0
669

“Vyana və Sankt-Peterburq görüşü əhəmiyyətli idi. Əlbəttə, bir, yaxud iki görüşə problem həll oluna bilməz, amma bu görüşlər böyük irəliləyiş idi”.
Publika.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın səsi” radiosuna müsahibəsində deyib.
Onun sözlərinə görə, bu görüşlər vasitəsilə prezidentlər problemin həlli yollarını tapmağa çalışır: “Əvvəlcə onlar atəşkəs rejimini qorumaq barədə qərar qəbul etdilər. Mən əminəm ki, yalnız atəşkəs rejiminin qorunması şəraitində danşıqların effekti mümkün olacaq. Hər iki tərəf Minsk qrupunun missiyasının genişlənməsinə razıdır. Vyanada bu məsələ ətrafında bəzi ziddiyyətlər səsləndi, lakin biz bu istiqamətdə ciddi addımlar atmalıyıq. Söhbət Minsk qrupu tərəfindən təklif olunmuş araşdırma mexanizmindən gedir. Hansı ki, bu atəşkəs rejimini gücləndirəcək, eyni zamanda, danışıqlar prosesini sabitləşdirəcək. Hazırda masaya bir neçə təklif qoyulur. Tərəflərin bununla bağlı ziddiyyətli mövqeləri var, lakin razılığa gəlmək olar. Bizim hədəfimiz uzunmüddətli razılaşmaya nail olmaqdır”.
Amerikalı həmsədr qeyd edib ki, bir çox məsələ bağlı qapılar arxasında qalır.
“Lakin deyə bilərəm ki, razılaşdırılmış məsələlər daha çoxdur, nəinki ziddiyyətli məqamlar. Bu danışıqlarda hər bənd uyğunlaşdırılmalıdır. Biz bu istiqamətdə hərəkət edirik. Bu proses bu gün başlamadı, artıq uzun illərdir davam edir. Ümid edirəm ki, münaqişənin həlli yaxındır. Tərəflər problemin həllinə qərar verməsəydi, onda onlar sadəcə danışıq aparmazdı. Hər iki prezident anlayır ki, müharibənin yenilənməsi region üçün faciəli olacaq. Bizim hədəfimiz də danışıqları irəliyə aparmaqdır. Əgər indi etməsək, bəs nə vaxt olacaq? Problemin həlli üçün yaxşı şərait yaranıb. Biz müharibə ehtimalını həmişə dəyərləndiririk və anlayırıq ki, bir neçə il sonra vəziyyət daha mürəkkəb olacaq”, – deyə o qeyd edib.
C. Uorlik bildirib ki, ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsinə eyni nöqteyi-nəzərdən yanaşır: “Biz əməkdaşlıq edirik, Rusiya da problemin həllində maraqlıdır. Rusiya prezidenti danışıqlar prosesinə çox vaxt sərf etdi, biz də birmənalı olaraq bu məsələdə Rusiya ilə əməkdaşlıq edirik. Keçmişdə Medvedevin addımları istənilən nəticəyə gətirib çıxarmadı, indi Putin bu istiqamətdə səylərini davam etdirir. Rusiya müharibənin yenilənməsində maraqlı deyil. Əksinə, vəziyyətin sabitləşməsində maraqlıdır. Biz əminik ki, aprel müharibəsi kənar qüvvələrin işi deyildi. Rusiya bu prosesdə maksimum şəffafdır”.
Amerikalı həmsədr prezidentlərin yenidən görüşəcəklərinə ümid etdiyini açıqlayıb: “Hələlik ilkin reallıq yoxdur. Vaxt çatıb, prezidentlər danışıqlar aparır və biz uzunmüddətli razılaşmaya nail olmaq üçün bacardığımız hər şeyi etməliyik”.

BIR CAVAB BURAXIN