Qlobal və regional güc mərkəzlərinə Dəməşq, Moskva və Tehran əməkdaşlığı sərf etmir.
Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib. İŞİD-in aktivliyində bu qüvvələrin rolunun olduğunu bildirən politoloq Rusiyanın Suriyadakı fəaliyyətinin Amerika tərəfindən diqqətlə izləndiyini bildirib:
“Suriya müharibəsi əfqan savaşından yalnız bir şeylə fərqlənir. Burada radikallar şəhərləri və kəndləri yaşamaq üçün tutmurlar. Avara İŞİD-çilər taliblərə bənzəmirlər. Ona görə də onları tamamilə hansısa yaşayış məntəqəsinin taleyi və ya infrastrukturu maraqlandırmır. İŞİD mənzil tikintisi və mikrorayonların yaşıllaşdırılması ilə məşğul olmaq niyyətində deyil. Məsələn, əgər Hələbə nəzər yetirsək, görərik ki, radikallar öz proqramlarını yerinə yetiriblər. Şəhər tam şəkildə məhv edilib, onun bərpası üçün böyük vəsait lazımdır və üstəlik, orada yaşayan yüz minlərlə insanı kimsə gündəlik doyuzdurmalıdır”.
Trofimçuk bildirib ki, İŞİD Dəməşq və onun müttəfiqlərinə Hələbə girmək imkanı yaradaraq özü Palmiraya hücuma keçdi:
“Burada isə müqavimət üçün Əsədin qüvvələri yetərli deyil. Suriyanın bu mirvarisini hökumət qüvvələrinə yardım üçün bombardman edilməsinə Rusiya razı olmazdı. Radikallar və onların arxasında dayanan güc mərkəzlərinin məqsədi sadə idi. Onlar Rusiyanın bir müddət öncə qələbə simvolunu mümkün olan minimal məsrəflər hesabına ələ keçirməliydilər. İŞİD sabah başqa nöqtələri ələ keçirib buradan da gedə bilər. Onların bu işdə qarşısını heç nə almır. Əgər terrorçular bu dəfə də Palmiradakı tarixi obyektləri tam şəkildə məhv etməsələr, çox yaxşı olar. Terrorçuların aktivliyi, sözsüz ki, qlobal və regional güc mərkəzlərinin təsiri ilə bağlıdır. Bu qüvvələrə Dəməşq, Moskva və Tehran əməkdaşlığı sərf etmir. Amerika hələlik Rusiyanın Suriyadakı uğurlarını qeydə alır. Onun əli prezident hakimiyyətinin tranziti prosesi ucbatından bağlıdır və o, Moskvaya gec cavab verəcək. Hələlik Vaşinqtona Rusiyanın bu müharibənin daha da dərinliyinə girməsi sərf edir. Bu müharibə hər gün Rusiya büdcəsini daha da boşaldır”.