Mühacirət nəslindən bir ziyalı – Kərim Odər

0
571

Azərbaycan mühacirət tarixinin tanınmış simalarından olan Kərim Odər 1901-ci ildə Bakıda doğulub. Atası İbadullah Zeynalzadə, anası Ağabacı xanım olub. Bakı ticarət məktəbini bitirib. O, Azərbaycan Cümhuriyyətinin elan edilməsindən sonra Xariciyyə Nəzarətində işləyib.

Bolşevik işğalından sonra Tiflisə mühacirət edən K.Odər burada iqtisadiyyat üzrə təhsilini tamamlayıb. Gürcüstanın da ələ keçirilməsindən sonra Batuma yola düşüb. Oradan da 10-12 nəfərlik bir dəstə ilə qayıqla Türkiyəyə gedib, bu ölkədən sığınacaq istəyib. Türkiyədə olduğu müddətdə ticarətlə məşğul olan Kərim Odər bu ölkənin vətəndaşlığına qəbul edildikdən sonra dil imtahanı verərək, Osmanlı bankında işə düzəlib. Bu bankda yeddi il işləyən K.Odər müdir müavini vəzifəsinə qədər yüksəlib, daha sonra Mərkəzi Bankda nəzarətçi vəzifəsində çalışıb. Ardınca Ticarət Nazirliyində məruzəçi, İşçi Sığortaları Ümumi Müdirliyində mühasibat müdiri, Sümerbank Ümumi Müdirliyində Bankçılıq və Kredit İşləri müdiri olub, daha sonra bu qurumun müşaviri ikən 1966-cı ildə təqaüdə çıxıb.

K.Odər 1936-cı ildən Ankara Universitetinin dil və tarix-coğrafiya fakültəsində Fuad Köprülü, Bəkir Sıtkı Baykal, Şinasi Altındağ, Müzəffər Gökər kimi tanınmış şəxslərdən dərs alıb. Rus və fransız dillərini yaxşı, fars, alman və ingilis dillərini orta səviyyədə bilib.

Kərim Odər mühacirətdəki “Müsavat” Partiyasının Məclis Başqanı olub, eyni zamanda, Azərbaycan Kültür Dərnəyinin Fəxri Başqanı adını alıb. 1976-cı ildə Azərbaycan Milli Mərkəzinin Başqanı Əbdülvahab Yurdsevərin vəfatından sonra Mərkəz Başqanlığı da Kərim Odərə tapşırılıb.

Kərim bəy 1981-ci ilin 19 noyabrında vəfat edib.

Kərim Odərin Azərbaycan Kültür Dərnəyinin çap etdiyi “Azərbaycan” jurnalında bir sıra məqalələri dərc olunub. Azərbaycan Kültür Dərnəyi Yayınları seriyasından “Azərbaycan ekonomisi” kitabı nəşr olunub. Bu kitaba Odərin 26 may 1951-ci ildə Ankarada Xalq evində oxuduğu mühazirənin mətni daxildir. İşçi Sığortaları Qurumu Ümumi Müdirliyi tərəfindən 1955-ci ildə çap edilən, “Fransada sosial güvənlik” (tədqiqat raportu) adlanan digər kitabı isə dörd hissədən ibarətdir. Kərim bəy bu tədqiqatı üçün Paris, Strasburq, Lion, Bordo kimi şəhərlərdə olub.

Kərim Odər ömrünün sonlarına yaxın “Azərbaycan” adlı kitab üzərində çalışıb. Kitabda Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, ədəbiyyatı öz əksini tapıb. Əsəri nəşrə hazırlayan “Boğaziçi” nəşriyyatının müdiri, tarixçi, jurnalist Altan Dəliorman kitaba yazdığı ön sözdə Kərim Odərlə bağlı xatirələrində bildirib:

“Bu kitabın kədərli hekayəsi var. Kərim Odər xeyli araşdırma apararaq hazırladığı bu əsərinin yayımlanması üçün çox əziyyət çəkməli olur. Mədəniyyət Nazirliyi mütəxəssislərin və elm adamlarının müsbət rəyinə söykənərək kitabın nəşrinə qərar vermişdi. Lakin milli bir kültür siyasətinin olmaması, iqtidarların dəyişməsi ilə bütün qərarların icrası gecikdirilir, hətta imkansız olurdu. Kərim Odər illərlə bu prosesin nəticə vermədiyini iztirabla seyr edincə, əlyazmaları geri alaraq “Boğaziçi” yayınlarına müraciət etdi.

“Azərbaycan” kitabının 1981-1982 yayın proqramına daxil olması bu şəkildə baş tutdu. Kərim Odər əsərin yayıma hazırlanmasını ciddiyyətlə və həvəslə təqib edirdi. Son illərdə nasazlamışdı. Gözlərindən biri heç görmür, digəri isə çox az seçə bilirdi. Buna rəğmən, fotoların təsbiti, şəkilaltı yazıların hazırlanması, biblioqrafiyanın tənzimi ilə məşğul olurdu. Səhifələr yığılmış, fotoların filmləri hazırlanmışdı. İdarəmizə son ziyarəti ancaq zövcəsinin yardımı ilə mümkün olmuşdu. Kitabının 1982-ci il ilbaşına doğru çıxacağını söylədiyimizdə səbirsizliyini sezmişdik. Gözlərindən əməliyyat olmaq üçün gözləyirdi.

Çap olunmuş kitabını şəfa tapmış gözləri ilə rahat oxuya biləcəyi tərzindəki (əslində, bəlkə də, təsəlli olan) təmənnimizi ümidlə dinləmişdi. Yaşam sevinci ilə dolu idi. Əsərin səhifələri tərtib olunarkən Kərim Odərin vəfat xəbərini aldıq. Təəssüf ki, illərdir gözlədiyi kitabını görə bilmədi. Halbuki bu əsər həyatının son dönəmində onun ən böyük tutqusu idi. Qismət olmadı. Bu baxımdan, əsərin gün işığına çıxmasını bir vəsiyyət, bir vəzifə kimi qəbul edərək çalışmamızı sürətləndirdik. İndi rəhmətlik Kərim Odərin əziz xatirəsinə borcumuzu ödəmənin hüzurunu duymaqdayız. Bir gün ata ocağı Azərbaycana mütləq qovuşacağı inancını heç vaxt itirməmiş Kərim Odər indi min illik vətəninin bağrında yatmaqdadır. Azərbaycanın istiqlalı və hürriyyəti idealı isə gənc türk nəsillərin könüllərində yaşamaqdadır. Kərim Odərin ömrü vəfa etsəydi, bu kitabını, düşünürəm ki, Azərbaycanın gələcəkdəki istiqlalı üçün mücadilə aparanlara ithaf edərdi”.


Müəllif: Dilqəm Əhməd