MOSSAD tərəfindən ğldürülən məşhur ərəblər

0
978

Bir neçə il əvvəl HƏMAS tunisli təyyarə mühəndisi Məhəmməd Zəvvarın İsrail Kəşfiyyat Xidməti tərəfindən öldürüldüyünü bəyan etmişdi. Bundan sonra diqqət yenidən MOSSAD-a yönəldi. Arazinfo.com Teleqraf.com-a istinadən dünyanın fərqli yerlərində MOSSAD tərəfindən sui-qəsdə uğradığı iddia edilən Fələstin liderləri və həbrçilərlə bağlı maraqlı informasiyaları oxuculara təqdim edir.

1970-1980-cı illərdə baş verən sui-qəsdlər

Fələstinli məşhur ədəbiyyatçı və Fələstin Xalq Qurtuluş Cəbhəsinin (FXQC) liderlərindən olan Qassan Kenfani 1972-ci il iyunun 8-də Livanın paytaxtı Beyrutda avtomobilinə yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində öldürülüb.

Həmin ilin 8 dekabrında Fələstin Azadlıq Təşkilatının (FAT) Fransa təmsilçisi Mahmud Həmşəri isə Fransada bomba hücumu nəticəsində aradan götürülüb.

Fələstin Azadlıq Təşkilatının Kipr təmsilçisi Hüseyn Bəşir isə 1973-cü ilin 24 yanvarında Levkoşa otelindəki otağında partlayıcının işə salınması ilə həyatını itirib.

Digər iddiaya görə, MOSSAD tərəfindən 1973-cü il aprelin 10-da Beyrutda həyata keçirilən əməliyyat zamanı Fələstin Azadlıq Təşkilatının və FƏTH Hərəkatının komandirlərindən Məhəmməd Nəccar, FƏTH Hərəkatının Məclis üzvü Kamal Advan və Kamal Nasir öldürülüb. FƏTH Hərəkatlının önəmli simalarından olan Həsən Salamat isə 22 yanvar 1979-cu uldə Beyrut küçələrində avtomobilinə qoyulan bombanın partlaması nəticəsində öldürülüb.

1980-1990-cı illərin sui-qəsd zənciri

FƏTH Hərəkatının ikinci adamı olan Xəlil Vəzir 1980-cı il aprelin 16-da Tunisin paytaxtındakı evində öldürülüb. İsrail mənbələrinə görə, sui-qəsdin həyata keçiriləcəyi gecə Tunisə 24 MOSSAD əməkdaşı keçib. Onlar Vəzirin paytaxt Tunisin Səyyadi Busaid bölgəsində olan evinə daxil olaraq sui-qəsdi həyata keçiriblər. Sonradan Xəlil əl Vəzir Suriyanın paytaxtı Dəməşqdə dəfn edilib. Onun dəfni zamanı izdiham müşahidə edilib.

FƏTH Hərəkatının nümayəndəsi və Fələstin Azadlıq Təşkilatına bağlı olan hərbçilərə cavabdeh olan Atif Besisu 1992-ci ildə Fransa paytaxtı Parisdə öldürülüb. FƏTH Hərəkatı bu qətlə görə MOSSAD-ı ittiham edib. İsrail tərəfi isə Besisunu 1972-ci il Münhen Olimpiadasında İsrail idmançılarını oğurlamaq və öldürməkdə ittiham edib.

Fələstin İslam Cihad Təşkilatının qurucusu və rəhbəri Fəthi Şikakın 1995-ci ilin 26 oktyabrında Liviyaya etdiyi gizli səfərdən sonra Maltada öldürülməsi əsl qalmaqal olub.

İsrailin “Yediot Ahronit” qəzeti 2007-ci il 8 iyun sayında “Dönüşü olmayan nöqtə” adlı kitabın bəzi maraqlı təfərrütlarını çap edib. Həmin təfərrüatlarda Şikakın öldürülməsinin arxasında MOSSAD-ın olduğu iddia edilib. Kitabda həmin dövrdə İsrailin baş naziri olan İsak Rabbinin İslam Cihad Təşkilatının həyata keçirdiyi terror zamanı 22 İsrail vətəndaşının öldürülməsindən sonra Fəthi Şikakın ölüm fərmanını verdiyi qeyd edilib.

MOSSAD-ın ən uğursuz əməliyyatı

MOSSAD tarixində ən uğursuz sui-qəsdin isə HƏMAS Siyasi Bürosunun lideri Xalid Meşala qarşı həyata keçirilən əməliyyat olduğu iddia edilir. İddiaya görə, İsrail rəhbərliyinin göstərişi ilə 1997-ci ilin 25 sentyabrında İordaniyaya Kanada pasportu ilə 10 MOSSAD agenti daxil olub. Onlar paytaxt Omanda Vasfi Tell küçəsində piyada gedən Xalid Meşala arxadan yaxınlaşaraq zəhərli maddəni onun qulaq nahiyəsinə vurmaqla öldürməyə cəhd ediblər. Xəstəxanaya çatdırılan Meşalın sui-qəsdə uğradığı haqda informasiya dərhal Kral Hüseyn Bin Talala çatdırılıb. Anında keçirilən əməliyyat nəticəsində MOSSAD-ın iki agenti yaxalanıb. Bunun ardınca Kral Hüseyn İsrail rəhbərliyi ilə əlaqə saxlayıb, Xalid Meşala vurulan zəhərin təsirini azaltmaq üçün dərman tələb edib. Bununla da zəhərlənən Meşalın öldürülməsi baş tutmayıb. Meşalın ölümdən qurtarılması və İsrail həbsxanasında saxlanılan Şeyx Əhməd Yasinin azad edilməsi qarşılığında İordaniya iki MOSSAD agentini İsrailə təhvil verib.

2000-ci ildən sonrakı faktlar

Həmasın məşhur adlarından olan İzəddin əş-Şeyx Xəlil 26 sentyabr 2004-cü ildə Dəməşqdə avtomobilinə qoyulan partlayıcının işə salınması nəticəsində öldürülüb. HƏMAS rəhbərliyi Xəlilin öldürülməsində İsrailin barmağı olduğunu iddia edib. O dövrdə Suriya Daxili İşlər Nazirliyindən verilən açıqlamada isə qeyd edilib ki, Xəlil avtomobildə sürücünün oturacağı altına yerləşdirilən bombanın partlaması nəticəsində öldürülüb. İsrailin Kanal12 televiziyası öz mənbələrinə istinadən bu sui-qəsd hadisəsinin arxasında İsrailin durduğunu bildirib. HƏMAS-ın silahlı qolu isə Xəlilin intiqamını alacağına and içib. Qeyd edək ki, Xəlil 1992-ci ildə İsrail həbsxanasında bir il saxlanılıb, daha sonra Livana sürgün edilib və oradan da Dəməşqə keçibmiş.

HƏMAS-ın hərbi qolunun komandirlərindən olan Mahmud Mebhuh isə iki İsrail əsgərini öldürməkdə və İrandan Qəzzaya silah daşımaqda ittiham edilirdi. Mahmud Mebhuhun cəsədi 2010-cu ilin 19 yanvarında Dubayda qaldığı oteldə boğulmuş halda tapılıb. Dubay polisi Mebhuhun ölüdüyünü elan etdikdən sonra Birləşmiş Ərəb Əmirliyi ilə İsrail arasında ciddi diplomatik skandal yaranıb. Əmirlik Mebhuhun ölümü ilə bağlı cinayət işi açacağını bəyan edib. Dubay polisinin fəaliyyətinin nəticəsi olaraq bəzi avropalı şəxslərin pasport və şəxsiyyət vəsiqələrinə əl qoyulub. Həmin dövrdə HƏMAS da Mebhuhun sui-qəsd nəticəsində öldürülməsi ilə bağlı araşdırma komissiyası quracağını elan edib. İsrailin Kanal12 Televizyası isə bu ölümdən düz 5 il sonra efirə verdiyi qısametrajlı filmlə sui-qəsdnin necə həyata keçirildiyini ortaya qoyub. Filmdə iddia edilir ki, Mebhuh 22 dəqiqə sürən əməliyyat nəticəsində öldürülüb və onun bədəninə zəhərli maddə yeridilib. Kanal qeyd edib ki, Mebhuh İsrail tərəfindən axtarışda olanlar siyahısında birinci idi və MOSSAD ona qarşı bir neçə dəfə sui-qəsdə cəhd edib.

Fələstin Xalq Qurtuluşu Cəbhəsinin nümayəndəsi Ömər Nayif 2016-cı il fevralın 26-da Fələstinin Bolqarıstandakı səfirliyində öldürülüb. Fələstin Xalq Qurtuluşu Cəbhəsi bu ölümə görə, İsrail tərəfinin cavabdehlik daşıdığını elan edib. Fələstin Xarici İşlər Nazirliyi Ömər Nayifin məxfi şəkildə öldürüldüyünü açıqlayıb, Fələstin lideri Mahmud Abbas isə Nayifin ölümü ilə bağlı komissiya quracağını elan edib.

Qeyd edək ki, Ömər Nayif 1986-cı ildə İsrail vətəndaşını öldürmək ittihamı ilə həbs edilib, lakin 1990-cı ildə İsrail həbsxanasından qaçaraq Bolqarıstana gedib. Nayifin öldürülməsindən sonra İsrail mətbuatında çıxan informasiyalar diqqəti cəlb edib. Bu informasiyalarda iddia edilib ki, MOSSAD İordan çayının qərb sahillərində İsrail əsgərlərinə qarşı terror hazırlayan Nayifi aradan götürüb.

Məhəmməd Zəvvari isə 2016-cı ilin 17 dekabrında Tunisin Safaks şəhərində, evinin qarşısında silahlı hücuma məruz qalıb və öldürülüb. HƏMAS hərbi bu hücuma görə İsrail tərəfini ittiham edib. HƏMAS-ın hərbi qanadı bəyan edib ki, Zəvvari ilk dəfə İsrailin 2014-cü il hücumu zamanı “Ebabil” pilotsuz hava nəqliyyatı proyektini həyata keçirən mühəndislərdən biridir. Yəni HƏMAS üçün dron hazırlayan mütəxəssisdir. Tunis Daxili İşlər Nazirliyi isə bəyan edib ki, Məhəmməd Zəvvari kimliyi bəlli olmayan şəxslər tərəfindən öldürülüb.


Müəllif: Cavad

BIR CAVAB BURAXIN