Moskvada 4.2 milyon dollarlıq mənzil Leyla Şıxlinskayanın adına saxta yolla necə rəsmiləşdirilib…

0
740
 

Rusiyada “Rosreyestr”in səlahiyyətli şəxsləri polisə müraciət edərək Moskvanın mərkəzində, elit yaşayış binasında iki mənzilin məlumatların saxtalaşdırılması və dələduzluq yolu ilə başqalarının adına necə rəsmiləşdirilməsini araşdırmağı tələb edir.

Bu ərizə ilə “Rosreyestr”in Moskva şəhəri üzrə idarəsi polisə müraciət edib.

Məmurlar müəyyən ediblər ki, Petrovka küçəsində, ən bahalı daşınmaz əmlakın yerləşdiyi ərazidə ümumi dəyəri 8 milyon dollardan çox olan iki elit mənzil dələduzluq yolu ilə mənimsənilib. Bu mənzillərdən birinin sahibi isə qəribə şəkildə Azərbaycanın xalq artisti Leyla Şıxlinskaya, yaxud ad və soyadı onunla eynilik təşkil edən şəxs olub. Həmin mənzillər Petrovka küçəsindəki elit yaşayış binasının sonuncu mərtəbəsində yerləşir.

Müəyyən olunub ki, ümumi dəyəri 500 milyon rubl olan həmin iki mənzil son illərdə saxta sənədlərin köməyi ilə bir neçə şəxsin adına keçirilib. Belə ki, 336 kvadratmetrlik, dəyəri 250 milyon rubla yaxın olan birinci mənzil hansısa Abdulvaris M. adlı şəxsin adına keçirilib. Onunla qonşu olan və yenə də dəyəri 250 milyon rubldan çox (4.2 milyon dollara yaxın), sahəsi 400 kvadratmetr olan digər mənzil isə Şıxlinskaya Leyla Fərrux qızının adına rəsmiləşdirilib.

Life.ru bildirir ki, bu məsələ ilə bağlı Azərbaycanın xalq artisti Leyla Şıxlinskaya ilə əlaqə saxlamaq mümkün olmayıb. Nəticədə ad, soyada görə onunla eynilik təşkil edən şəxsin Moskvanın mərkəzində milyonlarla dollarlıq mənzilə saxta sənədlərin köməyi ilə necə sahib olduğunu aydınlaşdırmaq mümkün olmayıb . Ancaq sayt qeyd edir ki, mənzillərin əvvəlki sahibləri onlara dəyən zərərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyiblər. Əgər bu sövdələşmə qanunsuz hesab edilsə mənzillər dövlətin xeyrinə müsadirə olunacaq.

Qeyd edək ki, Azərbaycanın xalq artisti, kino aktrisası, baletmeyster və xoreoqraf Leyla Fərrux qızı Şıxlinskayanın Bakıda eyni adli klinikası fəaliyyət göstərir.

Virtualaz.org

BIR CAVAB BURAXIN