MKİ-nin prezidentlərə məsləhət verən türk kəşfiyyatçısı-Ruzi Nazar

0
1439

Böyük kəşfiyyatçı Ruzi Nazar 1989-cu ildə Berlin Divarlarının yıxılmasından az sonra aktiv fəaliyyətdən ayrılaraq təqaüdə çıxdı.Arazinfo.com Teleqraf.com-a istinadən xəbər verir ki, 2015-ci il aprelin 30-də Türkiyənin Sidə şəhərində vəfat edən kəşfiyyatçı haqqında son informasiya budur ki, Nazarın aktiv fəaliyyətdə son mühüm vəzifəsi Mixail Qorbaçovla görüşmək üçün 1988-ci ildə Moskvaya gəlməzdən öncə ABŞ prezidenti Ronald Reqyana məlumat vermək məqsədilə Ağ Evə dəvət edilən üç mütəxəssisdən biri olmasıdır. Digər iki mütəxəssis Dövlət Departamentinin və Pentaqonun nümayəndəsi olduğu halda ABŞ prezidentinə Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) təmsilçisi olaraq Ruzi Nazar informasiya və tövsiyyələr verib.

SS-in, MKİ-nin, yoxsa MİT-in kəşfiyyatçısı?

1954-cu ilin sentyabr ayında həcc ziyarətinə getmək üçün SSRİ-dən gələn və çoxu türk kökənli olan 21 ziyarətçini daşıyan avtobusa yolda türk kökənli, ancaq ABŞ-dan gələn daha iki nəfər mindi. Bu şəxslər avtobusa minər-minməz SSRİ-dən Məkkəyə gedən ziyarətçilərə “Siz müsəlman deyilsiniz” deyə qışqırmağa başlayır və “Siz kommunist təbliğatçısısınız, Moskvada oturan allahsızların xidmətindəsiniz” deyirlər. Daha sonra Məkkə küçələrində sovet müsəlmanlarına açıq təzyiqlər edilir. Hətta onlara çürümüş pomidorlar belə atılır. Bu haqda informasiya “Time” dərgisində yazılır. Hətta bu durumu SSRİ-nin Səudiyyə Ərəbistanındakı səfiri kral Səuda şikayət etmək istəyir. Ancaq amerikalıların “məsləhəti” ilə kral SSRİ səfirini qəbul etmir. Həmin hadisə Qərb mediasında Rusiya əsarətində olan və Qərbə qaçan müsəlmanların səmimi üsyanı kimi təqdim edilir.

Az sonra ortaya çıxır ki, ABŞ-ın SSRİ-yə qarşı ilk açıq etirazı olan 1954-cü il hadisələrinin iki iştirakçısından biri Ruzi Nazar, digəri Həmid Rəşiddir.

Söhbət ömrünün son günlərini Sidədə keçirən Ruzi Nazardan gedir. Hansı ki, MİT əməkdaşı Ənvər Atalay məhz bu şəxs haqqında “Ruzi Nazar: CİA-nın Türk Casusu” kitabını yazıb.

Ruzi Nazar kimdir?

ABŞ prezidenti tərəfindən qəbul edilən, SSRİ ilə bağlı informasiya və təhlillərinə əhəmiyyət verilən bu şəxs əslən Özbəkistandan olan Ruzi Nazardır. 1917-ci ildə Fərqanə yaxınlığındakı Mergilan şəhərində doğulub. Daşkənd Universitetinin iqtisadiyyat fakultəsində təhsil alıb, sonradan kimya elmi ilə yaxından maraqlanıb.

Hitler Almaniyasının SSRİ-yə hücumundan az sonra Nazar 1941-ci ildə hərbə çağrılır və Ukrayna cəbhəsinə göndərilir. Nazar burada ukraynalı millətçilərlə tanış olur, onların SSRİ-yə nə dərəcədə nifrət etdiyinin şahidi olur. Məhz bu amil özbək gəncin həyata baxışlarını dəyişən nöqtə olur.

Elə bu dövrdə nasistlər SSRİ-də yaşayan etnik qrupları rus millətçiliyinə qarşı qaldırmaq, onları təşkilatlandırmaq siyasətinə başlamışdı. Beləcə, Ukrayna cəbhəsinə göndərilən Ruzi Nazar az sonra Sovet ordusunun uniformasını alman uniforması ilə dəyişir və Türküstan Legionunda zabit olur. 2000-ci illərdə Nazarın çıxışlarının birində qeyd etdiyi cümlə isə şok yaradır. Qoca kəşfiyyatçı “Mən heç SS zabiti olmadım, nasist olmadım, amerikalılar kimi almanlarla da ruslara qarşı savaşmaq üçün əməkdaşlıq etdim”.

Almaniya II Dünya müharibəsində məğlub olduqdan sonra bir çoxları üçün ağır günlər başlayır. Sovet ordusu almanlara sığınan və SSRİ-yə qarşı vuruşan “xainləri” tapdıqca cəzalandırırdı. Ancaq bu dövrdə Ruzi Nazar tam başqa bir kəşfiyyat təşkilatında təmsil olunurdu. Almaniya məğlub olduqdan sonra Hitlerin hərbi kəşfiyyat qurumunun rəhbəri Reinhard Gehlen Ora və Şərqi Avropa, Rusiya, Orta Şərq, Orta Asiya və Qafqazdakı bütün casus şəbəkəsi ilə birlikdə ABŞ-ın çətiri altına keçdi. 1945-ci ilə qədər ABŞ-ın qeyd edilən regionlarda ciddi təsiri yox idi və əsasən ingilislərə güvənmək məcburiyyətində qalırdı. Məhz böyük casus şəbəkələri yarandığı bu dövrdə ABŞ Strateji Xidmətlər Bürosu adlı hərbi kəşfiyyat təşkilatının adını dəyişərək Mərkəzi Kəşfiyyat Təşkilatı yaradıldı. Və beləcə Ruzi Nazarın CİA karyerası başladı. Onun Franklin Ruzveltin oğlu ilə tanışlığının bu məsələdə rol oynadığı deyilir.

Nazarın anti SSRİ fəaliyyəti

Almaniya müharibə nəticəsində sıradan çıxdıqdan sonra ABŞ-ın əsas düşməni SSRİ oldu. Bu prosesdə Nazar əhəmiyyətli fəaliyyət göstərirdi. O, Münhendə təbliğat radiosunun qurulmasında aktiv iş apardı. Azad Avropa Radiosu, SSRİ-yə yönəlik Azadlıq Radiosunda çıxışlar etdi.

Vaşinqtonda olduğu zaman Nazarın türkçülüyə marağı artdı, türklərlə əlaqə qurmaq üçün yollar axtardı. Və beləcə Türkiyənin Vaşinqton səfirliyinin mətbuat katibi Altemur Qılıncla tanış oldu. Onun vasitəsilə NATO-nun əlaqələndirici zabiti olaraq Pentaqonda işləyən Alparslan Türkeşlə dostlaşdı. Beləcə, Ruzi Nazarın həm də türk millətçiləri ilə illər sürəcək dostluğu başladı.

Ancaq SSRİ-də də boş oturmurdular və Nazarın fəaliyyətindən xəbərdar idilər. Nazarın anası və bacısı 1965-ci ildə Daşkənd radiosuna çıxarıldı. Həmin vaxt kəşfiyyatçı Ankarada idi. Bu, bəlkə də Nazarın həyatının ən dramatik anlarından idi. 1941-ci ildə Fərqanədən çıxanda ağlına gəlməzdi ki, anasının üzünü heç vaxt görməyəcək. Amma 24 ildən sonra ilk dəfə anasının səsinə radio vasitəsilə qulaq asdı. Bu, həm də onu deməyə əsas verirdi ki, ailəsi onun yaşadığından xəbərdardır. KQB-nin hazırladığı mətnə sadiq qalan bacısı onu sona qədər oxudu. Anası isə ona verilən mətndən kənara çıxaraq oğlunu harada özünü xoşbəxt hiss edirsə, orada yaşamağa çağırdı.

Türkiyə fəaliyyəti və dövlət çevrilişləri

Ruzi Nazarın Türkiyədə də fəaliyyəti oldu, bəziləri bunu Nazarın və Türkiyənin qaranlıq illəri adlandırır. Nazar Türkiyəyə 1959-cu ildə gəldi, 1960-cı ildə ölkədə dövlət çevrilişi baş verdi. O, Türkiyədən 1971-ci il dövlət çevriliçindən sonra ayrıldı. Nazar həmin dövrdə ABŞ-ın Ankaradakı səfirliyində diplomat olaraq işləyirdi. Bəzi iddialara görə, Nazarın Türkiyədə əsas fəaliyyəti SSRİ ilə mübarizə məsələsində ABŞ səfiri ilə ABŞ hərbçiləri arasında əlaqələri qurmaq idi. İddialara görə, Nazarın daha bir işi Türkiyədə fəaliyyət göstərən Varşava Paktı ölkələrinin səfirliklərində çalışan Orta Asiya və Qafqaz kökənli müsəlman diplomatların, lazım gələrsə, pulla alınaraq CİA ilə bağlantılarını təmin etmək idi.

Eyni zamanda Türkiyədə vətəndaş cəmiyyəti, media, universitet və idarələrdə kommunizmlə mübarizə, siyasətdə isə islamçı və millətçi axınların inkişaf etdirilməsini təmin edəcək iri büdcəli fondlar da Nazarın nəzarətində idi. O dövr Türkiyəsində Kommunizmlə Mübarizə Dərnəyi, Elm Təbliği Cəmiyyəti kimi qurumlara, Forum xarakterli jurnallara da Ruzi Nzarın ciddi təsirinin olduğu vurğulanır. Pol Henze və Duane Klarric kimi yüksək səviyyəli CİA nümayəndələri Ruzi Nazar dövründə stansiya rəhbəri olaraq işləyirdilər.

Nazarın Türkiyə fəaliyyəti haqqında digər ilginc iddia odur ki, 12 mart 1971-ci il çevrilişi öncəsi, 9 martda çevriliş cəhdinin MİT agenti Mahir Qaynağa sızdırılması ilə Camal Madanoğlu daxil olmaqla çoxlu sayda şəxs Nazar ilə əlaqə yaratmağa çalışıb.

Kəşfiyyatçı Əfqanıstanda ortaya çıxdı

SSRİ Əfqanıstana ordu yeridib ölkəni işğal etməyə başlayanda Ruzi Nazar da ön çərgələrdə idi. SSRİ-yə qarşı əfqan islamçı qəbilə rəhbərlərinin müqavimət gücünün ortaya çıxarılmasında Nazar mühüm rol oynadı.

Qəribədir, İranda 1979-cu il İslam İnqilabı baş verdikdən və ABŞ-ın Tehrandakı səfirliyi işğal olunduqdan sonra Ruzi Nazar əfqan əsilli xalça taciri qiyafəsində Tehranda peyda olur. İddia edilir ki, Nazar inqilabdan və səfirliyin işğalından sonra İranad daxil olan ilk MKİ agenti idi. Nazar səfirlikdə girov saxlanılan ABŞ diplomatları və onların ailə üzvlərinin azad edilməsi üçün əməliyyat şəraitinin öyrənilməsi və hazırlanması məqsədilə Tehrana daxil olmuşdu. Həmçinin təxmin edilir ki, onun Tehrana gəlməsində Əfqanıstan və Pakistandakı mücahid qrupların əlaqələrini gücləndirmək məqsədi də olub.

Alman “kəşfiyyatçısı” Bonnda

Az sonra Ruzi Nazarın səsi Almaniyadan, Bonn şəhərindən gəldi. Həmin dövrdə Əfqanıstandakı mücahid dirənişinə silah və təlim üçün maliyyə axını nöqtələrinin biri onun nəzarətində idi. Əfqanıstan dirənişində mücahidələr qalib gəldi, SSRİ-nin çöküşündə pay sahibi oldular, bu işdə Ruzi Narzarın əvəzsiz xidməti oldu. O, soyuq müharibəyə casus, kəşfiyyatçı qismində şahidlik edən və sonralar gizli qalaraq yaşayan sonuncu şəxslərdən oldu.

Nazar 1989-cu ildə Berlin divarları yıxıldıqdan sonra Mərkəzi Kəşfiyyat İdarəsində karyerasını başa vurdu, təqaüdə çıxdı. Aktiv fəaliyyət göstərdiyi son tapşırığı isə SSRİ prezidenti Qorbaçovla görüşmək üçün Moskvaya gəlməzdən öncə Ronald Reyqana Ağ Evdə məlumat vermək oldu. 2015-ci ilin aprelində 98 yaşında vəfat edən Ruzi Nazar özü ilə böyük sirlər apardı. Vəfat etdiyi yer mümkün qədər gizli saxlanıldı. Casus heç vaxt müsahibə vermədi, kitab belə yazmadı. Çünki danışsa, Türkiyə deyil, dünya tarixi belə dəyişə bilərdi.

Onun Türkiyə üçün əhəmiyyəti kimi 10 ildən çox bu ölkədə CİA-nın adamı olaraq çalışması olsa da, bəzi dövlət çevrilişlərində barmağının olması da deyilir. Məhz onun sayəsində Alparslan Türkeş edam olunmaqdan qurtula bildi. Və nəhayətdə Türkiyəyə onu gözləyən kürd problemi haqda ilk dəfə də xəbərdarlıq edən Ruzi Nazar oldu. O, bu haqda Alparslan Türkeşə məlumat verdi…


Müəllif: Cavad

BIR CAVAB BURAXIN