Misir Mərdanovun xalası oğlunu da tutublar: “Seçkiqabağı silahlı qiyam hazırlayırsan!”

0
833
 

Xəbər verildiyi kimi ləğv edilmiş MTN-də fəaliyyət göstərmiş mütəşəkkil cinayətkjar qruplaşmanın daha bir qrup üzvünün işi baxılmaq üçün məhkəməyə göndərilib. Bu qrupa MTN-in Monitorinq Mərkəzinin rəhbəri olmuş general Teymur Quliyev, Transmilli Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş general Sübahir Qurbanov, onun müavini, polkovnik Füzuli Əliyev və digərləri daxildir.

Qrup üzvlərinə qarşı çoxsaylı ittihamlar üzrə aparılmış istintaqın materiallarından məlum olur ki, generallar Sübahir Qurbanov, Teymur Quliyev və digərləri heç də indiyədək Eldar Mahmudovun yaratdığı bədheybət sistemin  ən məşhur personası hesab edilən general Akif Çovdarovdan geri qalmayıblar, hətta törətdiyi əməllərin statistikası baxımından bəzi göstəricilər üzrə onu da geridə qoyublar. Belə məlum olur ki, Azərbaycanda az qala bu cinayətkar qruplaşmanın caynağına keçməyən orta sahibkar, müəssisə və biznes subyekti qalmayıb.

Virtualaz.org xəbər verir ki, bu iş üzrə zərərçəkənlərdən biri də keçmiş təhsil naziri Misir Mərdanovun qohumu-xalası oğlu, uzun müddətdir tikinti biznesində fəaliyyət göstərən Allahverdi Dəmirovdur. İstintaq materiallarından belə məlum olur ki, MTN qanqsterləri Allahverdi Dəmirovu 2015-ci ilin oktyabr ayında-Eldar Mahmudovun işdən azad edilməsinə sayılı günlər qaldığı bir vaxtda qapazlayıblar.

Dəmirov Allahverdi Hüseyn oğlu  ifadəsində göstərir ki, 2005-ci ildə “Dəmirli Yol tikinti” MMC-ni təsis edib. Həmin cəmiyyətin fəaliyyəti yolların təmiri və tikintisini həyata keçirməkdən ibarət olub.

“2015-ci ilin oktyabr ayının 6-da saat 15 radələrində “Amor” şadlıq evinin altında yerləşən restoranda oturub yemək yeyərkən 3 şəxs mənə yaxınlaşıb xidməti vəsiqələrini göstərərək özlərini MTN əməkdaşları kimi təqdim etdilər. Mənə dedilər ki, onlarla birlikdə nazirliyə getməliyəm. Məni MTN-nin 2-ci mərtəbəsinə apardılar, otaqların birinə salıb hədə-qorxu gəlməyə başladılar”-keçmiş nazirin qohumu ifadəsində göstərir.

Bəs Allahverdi Dəmirovu nədə ittiham ediblər və ya nəylə qorxudublar? İfadəsindən məlum olur ki, MTN-də onu kifayət qədər ciddi əməldə-ölkəyə qaçaqmalıçılıq yolu ilə külli miqdarda silah gətirib seçkiqabağı silahlı münaqişə hazırlamaqda günahlandırıblar. (Görünür söhbət 2015-ci ilin parlament seçkilərindən gedirdi.-red) Lakin keçmiş təhsil nazirinin qohumu soyadının boş yerə Dəmirov olmadığını MTN-dəkilərə sübut edə bilir. Ən azından onun istintaqa verdiyi ifadədən məlum olur ki, bu biznesmen-oliqarx kifayət qədər qorxulu ittihamdan qorxub eləməyib.

Sitat: “Otaqda olan şəxs mənə hədə-qorxu gələrək bildirdi ki, Gürcüstana qeyri-qanuni yolla pul aparmışam. Həmin pulla külli miqdarda silah alıb Azərbaycan ərazisinə gətirmişəm və guya seçkiqabağı silahlı münaqişə törətmək fikrində olmuşam. Mən həmin şəxsə cənab Prezidenti dəstəklədiyimi, dövlətimizin və dövlətçiliyimizin müdafiəsində olduğumu, MTN-in dövlətə qarşı çıxdığını, vətəndaşları incitdiyini,  mənə qarşı edilmiş qanunsuzluqlar barədə ən yüksək səviyyədə şikayət edəcəyimi  bildirdim”.

Dəmirov deyir ki, onu MTN-ə aparan şəxslər Nazirliyin Anti-Terror Mərkəzinin əməkdaşları idilər. Biznesmen otaqda saxlanılarkən masanın üzərində məktub olduğunu görüb və məktuba diqqətlə baxdıqda orada MTN-in Anti-Terror Mərkəzinin rəisi Elçin Quıliyevin imzası olduğunu, məktubun mətnində adının qeyd olunduğunu dəqiq görüb. Lakin məktubun məzmununu dəqiq oxuya bilməyib.

Dəmirovu nazirlikdə təxminən 4 saat saxlayıblar, saat 20 radələrində buraxıblar. Milli Təhlükəsizlik Nazirliyinə qanunsuz aparıldığı vaxt ondan heç bir məbləğdə pul istənilməyib, nə də ki, onun özü pul verməyib. Dəmirov deyir ki, MTN əməkdaşları ondan pul tələb etmək fikrində olublar, lakin görünür cəmiyyət içərisində yüksək nüfuza malik olduğunu, öz hüquqlarını müdafiə edib qanunsuz hərəkətlərdən şikayət edəcəyindən çəkinib bundan vaz keçiblər.

Qeyd edək ki, Allahverdi Dəmirov Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinin keçmiş rəisi olub.  2011-ci ildə həmin vəzifədən çıxarılıb. Bu vəzifədə işləyərkən Təhsil Nazirliyinin xətti ilə həyata keçirilən tikintilərdə ciddi korrupsiya hallarının baş verdiyi barədə mətbuat uzun müddət yazıb. Hətta Dəmirovun vəzifədən çıxarılandan sonra “Bandotdel” tərəfindən saxlanıldığı da bildirilirdi.

İstintaq materiallarından məlum olur ki, MTN Allahverdi Dəmirovun da telefonlarını dinləyirmiş. Onun telefonlarının dinlənilməsi barədə sifariş Antiterror Mərkəzinin rəisi, general Elçin Quliyev tərəfindən verilib. MTN-in Monitorinq Mərkəzi isə nazir Eldar Mahmudovun yazılı icazəsi ilə bu dinləməni həyata keçirib. Dəmirovun adı telefonları qanunsuz dinlənilən zərərçəkənlər sırasında keçir.

F.Məmmədov

Virtualaz.org

BIR CAVAB BURAXIN