Xəbər verdiyimiz kimi, sentyabrın 2-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində ANS-in Milli Televiziya və Radio Şurasına qarşı iki iddiasına baxılıb. İddialardan biri ANS telekanalının, ikincisi isə ANS ÇM radiosunun lisenziyasına xitam verilməsinə dair Teleradio Şurasının iyulun 18-də qəbul etdiyi qərarların ləğvi haqda olub.
“ANS ÇM” iddiasında qərarın qanunsuz və etibarsız sayılmasını və 1 milyon manat təzminat tələb edib. Telekanalla bağlı iddiada isə qərarın ləğvi ilə yanaşı, şirkətə dəymiş 4 milyon 317 min manat maddi ziyan, 355 min əldən çıxmış fayda, 1 milyon da mənəvi ziyanın ödənilməsi tələb olunub. Proses hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilib.
MTRŞ-ın nümayəndəsi iddiaya etirazını təqdim edib.
Tərəflərin iddia ilə tanış olması üçün məhkəmədə sentyabrın 6-na qədər fasilə elan edilib.
ANS-in vitse-prezidenti Mirşahin Ağayev məhkəmədə sərt çıxış edib. Virtualaz.org onun çıxışından bəzi məqamları təqdim edir:
-Bu gün Azərbaycanda tarixi məhkəmə iclası keçirilir və bu eyni zamanda həm də tarixin məhkəməsidir. Mühakimə olunan həm də tarixin 25 ilidir! ANS-in yaşını nəzərə alaraq belə deyirəm və düşünürəm ki, haqlıyam. Bu məhkəmədə 25 il ərzində ANS-in çəkdiyi, tarixə, Qızıl fonda köçürdüyü hadisələr və insanlar var. Dağlıq Qarabağda açılan ilk atəşdən atəşkəsin elan olunduğu son günədək, Xocalı, Şuşa, Ağdam, Füzuli, Kəlbəcər, Zəngilan, Laçın, Cəbrayıl, Qubadlı, Xocavənd kimi yaşayış məntəqələrimizin hər birinin müdafiəsi, işğalı, son günləri yalnız ANS tərəfindən lentə alınıb və bizim arxivimizdə saxlanır. Biz Qarabağın hər bir qarışını kamera ilə keçmişik, dünyanın informasiya nəhəngləri bu qaynar bölgələrə öz əməkdaşlarını göndərməkdən çəkindiyinə görə yalnız ANS-in video materiallarından istifadə edirdilər və bizim şirkətə buna görə minnətdar idiər, bu o zamanki informasiya blokadası şəraitində çox vacib idi və sabah tarixə şahid–sübut lazım olsa, ANS-siz keçinmək, sadəcə, mümkün olmayacaq…
…25 illik tarixi özündə daşıyan ən zəngin kanalın mühakimə günüdür. O kanalın ki, apardığı vətənpərvərlik xəttini Prezident İlham Əliyev həmişə yüksək qiymətləndirib. O kanalın ki, böyük Heydər Əliyev onu Azərbaycanda vətənpərvərlik ideyalarının təbliğ olunmasında göstərdiyi xidmətə görə cəmiyyətə nümunə göstərmişdi. Bəlkə elə indi də burda hardasa elə Heydər Əliyevin ruhu dayanıb və 2003-cü ildə, öz sonuncu müsahibəsini etibar etdiyi ANS-ə qurulmuş məhkəməni həyəcan və heyrətlə izləyir…
Dövlət – ona 25 il qulluq etmiş, peşəkar xəbər fəaliyyəti göstərmiş, canından, yaxınlarının canından, bir sıra hallarda şəxsi xoşbəxtliklərindən keçmiş, dövlət, vətən, millət, Ali Baş Komandan uğrunda ən ağlagəlməz addımlara belə getmiş, bir sıra hallarda öz işgüzar nüfuzunu, reputasiyasını risk altına qoymuş, beynəlxalq qurumların rəyini nəzərə almadan baş verən prosesləri Azərbaycanın yerləşdiyi müharibə vəziyyəti ilə əlaqələndirməyi ictimaiyyətə tövsiyə etməklə məşğul olan, dünya miqyasında peşəkar informasiya brendinə çevrilmiş bir qurumla – ANS-lə bağlı hansı addımı atacaq? Bu sualın cavabı ANS-ə nümunə kimi baxan milyonlarla insanın gələcəyə, dövlətə, vicdana, qanuna münasibətinin dəyişib-dəyişməməsində həlledici rol oynayacaq…
İndi isə ANS TV-nin fəaliyyətinin dayandırılma səbəbləri barədə. Bu səbəblər tam əsassızdır. Guya ANS telekanalı Türkiyə Respublikasında baş vermiş dövlət çevrilişinə yönəlmiş hadisələri qeyri-obyektiv işıqlandırıb və Türkiyə dövlətinin və hakimiyyətinin əleyhinə təbliğat aparıb, bu ölkədə terrorçu kimi tanınan Fəthullah Gülənə və onun tərəfdaşlarına dəstək verib, Türkiyə hakimiyyətinə qarşı çevriliş cəhdinə rəhbərlik etməkdə şübhəli bilinən Fəthullah Güləndən müsahibə alıb, yerli və xarici kütləvi informasiya vasitələrində anons edilib. Bu ittihamların hər biri 2-ci sinif səviyyəsində belə təkzib olunmağa layiq cəfəngiyyatdır. Çünki əvvəla, ANS belə bir təbliğat aparmayıb, əksinə Televiziya və Radio yayımı haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində təsbit edilmiş teleradio fəaliyyətinin obyektivliyi, ideoloji və siyasi plüralizm və qərəzsizlik prinsipinə müvafiq olaraq efirə verilən proqramlarda vətəndaşların öz fikir və baxışlarını sərbəst ifadə etmək üçün bərabər imkanlar yaratmağa çalışıb. Əksinə, Türkiyədə dövlət çevrilişinə cəhddə günahlandırılan tərəfin mövqeyi daha az əks olunub, ona görə ki, ANS Azərbaycan-Türkiyə münasibətlərinə strateji müttəfiqlik və qardaşlıq prizmasından yanaşaraq, ancaq rəsmi Ankaranın mövqeyini işıqlandırıb.
Yəni məntiqlə ANS məhkəməyə bu gün Fəthullah Gülən və onun tərəfdarları verməliydilər…
Fəthullah Gülənə şifahi şəkildə terrorçu deyilməsinin və onunla görüşün yolverilməz olduğunun bildirilməsinin siyasi səbəbləri var. Güləni terrorçu kimi ilk dəfə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çevriliş cəhdi zamanı ona terrorçu deməsindən sonra təqdim etməyə başladılar. Türkiyənin hüquq-mühafizə sistemi isə onun terrorçu olduğunu rəsmən çevriliş cəhdindən xeyli sonra elan etdi. Və Fəthullah Gülənin Azərbaycan ərazisində terrorçu kimi tanınmasına aid heç bir sənəd və normativ akt da yoxdur. Ona da əminəm ki, heç bir media qurumu, o cümlədən ANS də Gülənin terrorçu olduğu barədə hansısa bildiriş almayıb.
Məhkəmə iclasından əvvəl mən qəsdən monitorinq keçirdim: heç bir yerdə, heç bir polis bölməsində terrorçu Fəthullah Gülənin axtarıldığı barədə elan, bildiriş, məlumat yoxdur. Terrorçuya qarşı belə münasibət mümkündürmü?
Bir də, məgər biz öz dövlətimizə ona görə etibar edirdik ki, bizi başqa bir dövlətin maraqlarına qurban versin?! Dövlət və onun qanunları bizi-öz vətəndaşlarını qorumalıdır, başqa dövləti yox...
Virtualaz.org