Milli Məclisdə qalmaqal

0
626

Bu gün Milli Məclisin növbədənkənar iclası keçirilib. Bu iclaslarda ümumilikdə 37 məsələ müzakirəyə çıxarılıb və qəbul edilib.

Vergi Məcəlləsinə təklif olunan yeni əlavə və dəyişikliklər təsdiq edilib. Azərbaycanda qeyri-kommersiya məqsədi ilə mal alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ödədikləri əlavə dəyər vergisi (ƏDV) ölkəni tərk etdikləri zaman onlara geri qaytarılacaq.

Azərbaycanda yenilik – “Tax free” sistemi işə düşür

Layihə səsverməyə çıxarılaraq qəbul edilib. Bildirilib ki, dəyişiklik Azərbaycanda ticarət dövriyyəsini artıracaq və turizmi inkişaf etdirəcək.

Azərbaycanda qaçqın statusu verilən şəxslərin vətəndaşlığa qəbulu proseduru müəyyən edilib. Bu, qəbul edilən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, Azərbaycan ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycanın dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan vətəndaşlığına qəbul edilə bilər.

Parlamentin son iclası qalmaqalsız da ötüşməyib. Anlaşılmazlıq isə Millət vəkili Zahid Orucla spiker Oqtay Əsədov arasında yaşanıb. O. Əsədov Vergi Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı mövzuya uyğun danışmamasını Z. Oruca irad tutub, deputat isə yerindən danışaraq ona cavab qaytarıb.

Spiker deyib ki, Z.Oruc hər dəfə mövzudan kənar məsələlərə toxunur və bir daha ona söz verməyəcək: “Çünki Zahid, sən özünü düzgün aparmırsan. Sənin səviyyən yoxdur. Bunu da bu gün gördüm”.

O.Əsədov və Z.Orucla bağlı məsələyə Milli Məclisin İntizam Komissiyasında baxılacaq. Bununla bağlı bu gün spiker İntizam Komissiyasının sədri Ağacan Əbiyevə tapşırıq verib.

O. Əsədov komissiyanın iclasında Z. Orucun bu gün Milli Məclisdəki davranışının araşdırılmasını və ölçü götürülməsini tapşırıb.

Plenar iclas Azərbaycan dövlət himninin oxunması ilə başa çatıb. Azərbaycan Milli Məclisi tətilə çıxıb.

BIR CAVAB BURAXIN