Milli fəlsəfə tariximizin təşəkkülü və Firidun bəy Köçərli 6. Yazı

0
831

Firidun bəy Köçərliyə görə, Milli oyanışda millətinə ən böyük töhfə verən aydınlarımız, ilk növbədə M.F.Axundzadə, S.Ə.Şirvani və H.Zərdabidir ki, onların da millət qarşısında əsas xidmətləri öz həmməzhəblərinin oyanmasına təkan verməsi olmuşdur. Məsələn, ona görə, S.Ə.Şirvaninin insandan ən əvvəl tələb etdiyi dini əqidə yox, insanlıq, həqiqi insan olmaq olmuşdur: “Əsil müsəlmançılığı insaniyyətdə və əsil insaniyyəti həqiqi müsəlmançılıqda görüb də təkrarən deyir: “Müsəlman ol, müsəlman ol!. Qərəz oldur ki, insan ol!”. Və lakin çoxumuz müsəlman isək də, insan deyilik, çoxumuz insanıqsa da, həqiqi müsəlmanlıqdan çox uzaq və kənarıq. Seyidin ümdə mətləbi və baş arzusu insaniyyət dərəcəsinə və bəşəriyyət mərtəbəsinə vasil olmaqdır. Bu xüsusda onun nəzəri və mərifəti o qədər vəsi və genişdir ki, ona tək Azərbaycan şairi demək dürüst deyil, bəlkə ol dürri-yeganə ümumi-insaniyyət şairdir”. Ona görə, Şirvaninin böyük xidmətlərindən birisi də, sünni-şiə məsələsində barışdırıcı mövqe tutmasıdır: “Hacı Seyid Əzim hər iki tərəfin əbəs və bihudə biri-birilə müddəi olmaqlarını görüb, canü dildən ağrıyıb naləvü fəryad edərdi ki, biz bir millət olduğumuz halda, biri-birimiz ilə qardaş kimi dolanmağa Allahın hökmü ilə borclu ikən nə səbəbə iki firqəyə bölünüb ədavət başlayaq?”. Köçərli də, ümid edirdi ki, Şirvaninin bu əməlləri sayəsində sünni-şiəlik sözü aralıqdan götürülməkdədir. Köçərliyə görə, Axundzadə, Şirvani və Zərdabi kimi ziyalılarımız islam dini ilə bağlı məhərrəmlik mərasiminə münasibətdə də doğru yol tutmuşlar. O, yazırdı ki, şəriətdə haram buyurulan əməllərin üzdəniraq üləmalar tərəfindən fiva verilməsi doğru deyil: “Əgər dini-mübini-nəbəvidə hifzi-bədən əmri sadir olmasaydı, onda baş çapmaq felini və bədənə nizə, ox, qıfıl, at nalı, qılınc, gorda və hətta palanduz sünbəsi kimi ağır şeylər taxıb, ona həddən ziyadə cəfalar və təsəvvürə gəlməyən əziyyətlr yetirməyə bir növ eşqi-ali-əbaya və məhəbbəti-şühədayi-Kərbəlaya isnad qılıb sakit olmaq olardı. Amma bir fel ki, şərən nəhyü qadağan buyurula və onun icrasına nə övliya tərəfindən və nə üləma firqəsindən iqdam olunmaya, o felə mürtəkib olmaq peyğəmbərin buyuruğuna əməl etməmək və onun əmrini inkar etmək kimidir. Əgər imam yolunda bədənə cərahət yetirib qan tökmək və divanə halına düşmək cayiz olsaydı və onun dünyavi axirətə bir zeyir və mənfəəti olsaydı, bişəkkü laşübhə hamıdan əlavə bu işə üləmavü hükəma, ürəfavü nücəba firqələri mayil olardı. Amma hal-hazırda biz bunları tamaşaçı və yalandan ahastə-ahəstə sinələrinə əllərini döyən vəyaşsız gözlərinin nəmini hiyləvü riya dəsmalı ilə silən görürük. Başlarını çapan, arxalarına zəncir vuran və bədənlərinə hər qisim zərər yetirənyenə əlsiz-ayaqsızlar, biçarə və sadədil əvamün-nas olur”. Onun fikrincə, Axundzadə, Şirvani və Zərdabi kimi ziyalılarımız vaxtilə Yan Qusun oynadığı rolu oynayaraq özlərindən sonra Lüterlərin meydana çıxmasına zəmin hazırlamışdır. O, ümid edirdi ki, Yan Qus Lüter meydana çıxardığı kimi, onların da əməyi boşa getməyəcək və Azərbaycan türklərinin də öz Lüteri meydana çıxacaqdır. Bizcə, Köçərlinin gözlədiyi Lüterlərdən biri Əhməd bəy Ağaoğlu olmuşdur. Hər halda Köçərli hesab edir ki, Zərdabinin, Axundzadənin yolunu davam etdirənlərin başında Ə.Ağaoğlu dayanır. Onun fikrincə, Ağaoğlunun «Axund və İslam» əsəri məzmununa görə, müsəlman ruhanilərinin qara işlərinin və şəxsi mənfəət meyillərinin əleyhinə çevrilmiş ən qüvvətli bir etirazdır. İslamı din xadimlərinin dilindən deyil, Ə.Ağaoğlu kimi elmli, bilikli şəxsiyyətlərin əsərlərindən oxuyub öyrənməyi vacib hesab edən Köçərli qeyd edirdi ki, o, islamla bağlı bu günə qədər pərdə arxasında qalan bir çox keçmiş adət-ənənələrimizi, mədəniyyətimizi ortaya qoyur və eləcə də xilas yolumuzu göstərir. Köçərli üzünü müsəlman qardaşlarına tutaraq yazırdı: “Ey qardaşlar, həyatın qədrini biliniz, həyat Allah-təalanın hədiyyəsidir, ayılınız, hərəkət ediniz, qapı-bacalarınızı açınız, evinizə işıq düşsün, üfunətli və ağır havası dəyişilsin. Gözünüzün tozunu silib, diqqət ilə ətrafınıza baxınız, hər kəs işləyir, çalışır, həyatdan nəfbərdar (mənfəət qazanır) olur. Haqq-təala «Leysə lil insanə illa masəa» (insan üçün onun əməllərindən başqa bir şey qalmayacaqdır) əmr buyurmamışlarmıdır?”. Köçərlinin yaşadığı dövrdə Türk-müsəlman xalqlarının mövcud problemlərdən xilas olması və inkişafı üçün ifrat qərbçiliyi əsas prinsip kimi götürən M.Şahtaxtlı, C.Məmmədquluzadə və onunla həmfikir olanlar bu yolda islam və ona əsaslanan “İttihadi-islam”ı əngəl kimi görür, bu ideyanı müdafiə edənləri, xüsusilə Ə.Ağaoğlu, Ə.Topçubaşov, Ə.Hüseynzadə və başqalarını da tənqid edirdilər. Xüsusilə, M.Şahtaxtlı Ə.Ağaoğlu, Ə.Topçubaşov başda olmaqla islamçı-türkçü ideoloqları qeyri-səmimilikdə ittiham edir, onları islamçılığın və türkçülüyün qabaqcılları kimi görmədiyini yazırdı. Millətin ziyalıları arasında fikir ayrılığını qəbul etməyən Köçərli isə bu qarşıdrumaya qarşı çıxır və bunu, millətin birliyinə və inkişafına zərər hesab edirdi. O, üzünü onlara tutub yazırdı ki, indi dostları pərişan edib düşmənləri sevindirmək deyil, millət və vətən naminə birləşmək zamanıdır. Köçərliyə görə, «gənc «Şərqi-Rus»a «Kaspi» qəzetinin o zamankı əməkdaşlarının hücumları və «Tərcüman»ın arasıkəsilməz iradları əsassız idi». Deməli, ilk dövrlərdə milli aydınlarımız bir çox məsələlərdə vahid milli konsepsiyadan, milli ideyadan çıxış etməkdə çətinlik çəkirdilər. Bu məsələlərdən biri də milli dil problemi idi. Milli dil məsələsi ilə bağlı Köçərli də C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, A.Şaiq və başqaları kimi hesab edirdi ki, Türk ədəbi dilini osmanlılaşdırmaq əvəzinə xalqa yaxınlaşmaq yolunu tutmaq lazımdır. Köçərli yazırdı: “Xeyli vaxtdır ki, dil məsələsi məhəlli müzakirəyə qoyulub, onun üstündə məclislərdə, qəzet sütunlarında və jurnallarda bəhs olunur. Kimi İstanbulda işlənən ədəbi dili tərif edib, onu sair yerlərdə işlənən türk dillərinə tərcih verir, kimi Azərbaycan türklərinin şiveyi-lisanını bəyənib, onun tərəfini saxlayır. Bir paraları da İbn-Yasəf kimi türklər üçün ümumi bir dil təsis etmək fikrindədirlər ki, hər yerdə o dildə danışılıb yazılsın”. O, bu üç xətt arasında Azərbaycan türkcəsini müdafiə edərək, bunu belə əsaslandırırdı ki, dili mürəkkəbləşdirmək deyil sadələşdirmək, yəni geniş xalq kütlələrinin anlaya biləcəyi bir şəklə salmaq lazımdır. Ədəbi dil də xalqın öz dilidir, bu dil hamı üçündür; hamı yazıb oxumalı, cəmiyyətin inkişafında yaxından iştirak etməlidir. Ədəbi dil sadə olmalı, onu hamı başa düşməlidir deyən, Köçərli milli özünüdərk baxımından türk-osmanlı şivəsinin deyil, Azərbaycan Türk ləhcəsinin ədəbi dil kimi qəbul edilməsini vacib hesab etmişdir. O, yazırdı: “Hər millətin özünəməxsus ana dili var ki, onun məxsusi malıdır. Ana dili millətin mənəvi diriliyidir, həyatının mayəsi mənziləsindədir. Ananın südü bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını və vətənini sevdiyi kimi ana dilini də sevir. Bu Allah-təalanın gözəl nemətlərindən birisidir, onu əziz və möhtərəm tutmaq hər kəsə borcdur”. Köçərlinin fikrincə, Azərbaycan türkləri osmanlı şivəsini o baxımdan qəbul edə bilməz ki, İstanbul ədibləri öz dillərini unudub fars və ərəb terminləri ilə doldurublar. Doğrudur, Köçərli etiraf edirdi ki, Azərbaycan türkləri də uzun müddət bu dillərin, xüsusilə də fars dilinin təsirinə məruz qalıbdır: “Azərbaycan türklərinin dili dəxi mürüri-əyyam ilə dəyişirilib, özgə tərkib və qaydaya düşüb. Belə ki, indi istemal olunan türki-cədid əzəlki türki qədimə oxşamaz. Hal-hazırda danışılan dilin başqa üslubu olduğundan əlavə türki-qədimə nisbət bu dil həm dövlətli də, şirin ləhcəli və gözəl şivəli bir dil hesab olunur. Dini-mübini-islamın türklərə yetirdiyi şərafəti-etiqadiyyəsindən əlavə böyük bir xeyri də bu olubdur ki, onun feyz və bərəkətindən türklər ərəb və fars lisanından tədricilə çox sözlər, ibarələr alıb, öz dillərini dövlətləndiriblər və müruri-əyyam ilə əxz və iqtibas olunan kəlmələr və istlahlar o qədər işlənib təhrif və tərif oilunubdur ki, türk dili ilə onlar qaynayıb qarışıbdır və onlarsız türk dili bir mənanı ifadə etməkdə acizdir”. Bütün bunlarla yanaşı, ona görə, Osmanlı türkcəsi ilə müqayisədə ərəb və fars dilləri Türk dilimizi o qədər qəliz və dolaşıq etməyibdir ki, onu anlamaq olmasın. Köçərli belə qənaətə gəlirdi ki, İstanbul şivəsini Azərbaycanda tətbiq etmək istəyən Ə.Hüseynzadə və başqalarının tutduğu yol səhvdir. Bununla da Köçərli Ə.Hüseynzadə, Ə.Kamal və başqalarının ortaq Türk dili olaraq təqdim edilən “Osmanlı-İstanbul” şivəsi ideyasına qarşı çıxmışdır. Azərbaycan türklərinin özünəməxsus dilinin olduğunu bildirən ziyalımız qeyd edirdi ki, dili dolaşıq olan şəxsin fikri də dolaşıqdır. O, yazır: “Millətini sevən, onun mənəvi diriliyinə çalışan, tərəqqisi yolunda əmək sərf edən yazıçılarımızdan, ədiblərimizdən və şairlərimizdən çox-çox təvəqqə edirik ki, dillərini asanlaşdırısınlar, ana dilindən uzaq düşməsinlər”. O, yazırdı: “Hər bir millətin ruhani həyat və səadəti bağlıdır onun öz ana dilinə. Necə ki, ana dili azadə dillərdə caridir, o millət baqi qalacaqdır. Bir millət nə qədər zillət və üsrətə düşsə də, nə qədər xar və zəlil olub, ixtiyarını itirsə də, nə qədər aciz, zəif və məğlub olsa da, fövt olmaz, itib batmaz, bəşərti ki, onun ana dili əlindən alınmaya, o dilə cəbr olunmaya, onun hürrəyyət və istiqlaliyyətinə mümaniət göstərilməyə və əluzunluq və qələbə olunmaya”. Ümumiyyətlə, F.b.Köçərlinin dünyagörüşünün tədqiqi əsasında belə bir qənaətə gəldik ki, onun yaradıcılığında ictimai-fəlsəfi məsəslələr ön planda olmuşdur. Onun “Azərbaycan türklərinin ədəbiyyatı” əsəri hər nə qədər ilk baxşıda ədəbiyyat, ədəbiyyat tarixi ilə bağlı təsir bağışlasa da, ancaq onu incələdikdə görürük ki, burada Köçərli özünü filoloq deyil, daha çox filosof, fəlsəfə tarixçisi kimi aparmışdır. Xüsusilə də, onun bu əsəri ədəbiyyat tarixindən çox fəlsəfə tarixinə ona görə yaxındır ki, burada fəlsəfi təfəkkürlə izahlar və şərhlər vardır. Eyni zamanda, onun bu əsərdə və digər məqalələrdə fəlsəfənin ontologiya və qnoseologiyaya dair məsələləri ilə bağlı irəli sürdüyü mülahizələr, xüsusilə də insanın həyatının mənası və Vəhdət probleminə aid düşüncələr çox diqqəti çəkir. Doğrudur, Köçərli ümumilikdə, dünyaya və insana baxışda İslam dininin prinsiplərindən çox kənara çıxmamış, daha çox onun əsasında fikrilərini izah etməyə çalışmışdır. Ancaq bütövlükdə Köçərlinin dünyagörüşündə fəlsəfi təmayüllərin güclü olması, yeri gəldikcə, islam dini ilə çox da səsləşməyən mülahizələr irəli sürməsi də müşahidə olunur.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

Arazinfo.com