Milli fəlsəfə tariximizin təşəkkülü və Firidun bəy Köçərli 4. Yazı

0
1026

Firidun bəy Köçərli bir tərəfdən “Allaha təvəkkül” düşüncəsinə qarşı çıxıb, Allahın hamını bərabər yaratdığını, ancaq bərabərsizliyin insanların özü tərəfindən yaradıldığını iddia etməklə yanaşı, digər tərəfdən də insanın iqbalının, bəxtinin bağlı ya da açıq olması təqdirdə bəzi hallarda onun səy, zəhmətkeş və çalışqan olub olmamasının əhəmiyyətsiz olduğuna da inanırdı. O, yazırdı: “Bu həqir bəndə həmişə bu etiqad üzrədir ki, əksəri-ovqatda şəxsin xoşbəxt və rahat olması öz səyi ehtimamına bağlıdır. Hər bir iş insanın elm və kəmalından, bilik və təcrübəsindən asılıdır. “Zəhmət çəkməyən bal yeməz”, “cəfa çəkməyən səfa görməz”. Bu etiqadda ola-ola həqir bu doğrunu da inkar edə bilməz ki, insanın iqbalı açılanda və bəxti gətirəndə zəhmətsiz və məşəqqətsiz də hər tərəfdən onun üstünə dövlət və nemət axıb tökülür, her yerdə ona hörmət və izzət görsənilir. Və bu bəxt gətirən vaxt onun mal və dövlətini, cah və cəlalını saxlamağa “bir tarimuy” kifayət eləyir. Amma vay o gündən ki, bəxt insandan üz çevirə, iqbal gətirməyə. Bu halda adam nə qədər çalışıb-əlləşə və nə qədər canını zəhmət və cəfa oduna yaxsa, yenə də axırda biçiz və əliboş qalacaqdır… İnsandan dövlət və hörmət üz döndərib gedəndə, filhəqiqə, nəinki zəncir ilə, bəlkə heç bir qüvvə ilə onu saxlamaq mümkün olmaz”. Köçərli əxlaq məsələsinə də diqqət yetirmiş, cavan yaşındakı insanla yaşlı bir insanın həyata baxışını müqayisə etməyə çalışmışdır. O, yazırdı: “Əyyami-cavanlıqda az adam tapılır ki, həyatın qədrin bilib, onu bihuidə sərf eləməsin və şairin zəbunü pərişan halını pirlik mövsümündə öz vücudunda hiss eləməsin, hirs, tamah, hübbi-cahi, mərtəbə, hübbi-malü miknət, löhvü ləəb, büğzü ədavət, məniyyət, sərkeçlik, büxlü həsədvə zülmü sitəmə adət və sair övsafi-zəmimə və əxlaqi-rəzilə ki, cümləsi avamlıq və cəhalət nəticələridir, cismü ruhumuzu bir növ zəbtü təsərrüf edibdir ki, həqqü həqqaniyyətdən, insafü mürvvətdən və əsl bəşəriyyət və insaniyyət nə olduğundan bilküliyyə qafil və bixəbərlik. Ancaq axır nəfəsimizdə qəflətdən gözümüzü açıb, ölümü önümüzdə görüb xövfü əndişəyə düşürük və və şairin dili ilə bu günə tövbə və istiğfar eləyirik. Əgərçi axırki peşmanlıq fayda verməz, vəli tövbə və inabədən başqa bir çarəmiz yoxdur”. Köçərliyə görə, əsil insana yaraşan sifət odur ki, zahiri zəhətdən özünü göstərməklə deyil mənəvi və əməli baxımdan igid olsun: “Çul və çuxaya bəzənib zahirlərinə zinət və sığal verənlərə kişi demək şayəstə deyil. Həqiqətdə mərd igid o kəsdir ki, özünü dağa-daşa toxuyub haqq yolunda mərdanə dava eləsin”. O, hesab edirdi ki: “…insanın başına qisim-qisim bəlalar gəlməsə və o, cürbəcür bəlalara və müsibətlərə mübtəla olmasa, ənvai-təcrübə və imtahanlar sınaq olunmasa, ruzigarın kürəsində əriyib dəsti-qəza ilə vurulan çəkiclər altında döyülməsə, qəllü qəşdən hərgiz pak ola bilməz və dərəceyi-kəmala irişməz”. Deməli, insanın kamilləşməsi üçün cavanlıqda başına gələnlər, eyni zamanda həyatda qazandığı bir çox təcrübələr mühüm rol oynayır. Burada ən vacib olan məsələlərdən biri də odur ki, insan öz yanlış və doğru hərəkət və davarnışlarını bilməlidir. O, yazırdı: “Doğrudan da öz eyib və qəbahətini görməyib, qeyriləri eyibləndirən və özglərə töhmət edən şəxsdən nə hörmət və mərifət təmənna eləmək olar? Öz pozğunluqlarını görməyən, çirkin və nasəza əməllərindən utanıb şərm və həya etməyən adam, söz yoxdur ki, özgədən də utanmaz və bişərmanə sevmədiyi adamın haqqında hər qisim iftira və böhtanı söylər. Bu qisim adamlardan kənar dolanmaq eyni-məsləhətdir”. Onun fikrincə, bəziləri hesab etsələr də ki, “hər bir vücud qabili-tərbiyə və təlim ola bilməz. Elə bir cövhərsiz, gövdən və fürumayə şəxslər var ki, gövdən və fürmayə şəxslər var ki, nə qədər onlara təlimü tərbiyə olunsa, yenə də avamlıqda və sərf heyvaniyyətdə qalıb, ruhaniyyət və mənəviyyat cəhətincə tərəqqi edə bilməzlər… Girdəkan yapışmayan kimi, tərbiyət də nahəlü dənitəb şəxsə təsir edə bilməz”. Köçərliyə görə, bu müəyyən qədər doğru görünsə də, ancaq insan elm və tərbiyə sayəsində ədəblə əxlaqında tərəqqi tapa bilər. Belə ki, insan üçün səadət mayasının əsası tərbiyədir və tərbiyətsiz elmin də faydası yoxdur. Köçərli belə bir qənaətə gəlmişdir ki, dünyanın yaranmasından bu günə qədər insan keçdiyi həyat yolunda daha çox müsbətə deyil, mənfi amillərə meyil göstərmişdir: “Dünya yaranandan bu anacan Adəm atanın övladı öz şəxsi mənfəətlərini mülahizə edib dövlət və sərvət sahiblərindən qisim-qisim təmənna nəzərdə tutub doğrunun üzünə yalanın qara pərdəsini çəkməyə mötad olublar. Müflis və miskinlərin hünəri olmayıbdır ki, doğrunu kəmali-cürət ilə söyləyib düruğu və hiyləbaz münəccimlərin yalanlarını batil eləsin və haqqı yetirsin. Belə ittifaqlarda hər tərəfdən onun üstünə tənpərvər və nəfspərəst dəni və fürmayə şəxslər hücum edib ağzını qapayırlar və özünü də xalq içində bihörmət və biabır ediblər. Ol səbəbdəndir ki, müsəlman qardaşların arasında yalan söyləmək və haqqı gizlətmək adi bir şey olubdur və hətta bəzi ittifaqlarla hünər sayılır. Bu minval haqqa güc və zor edib kizb və yalana rövnəq verməyin adını “düruği-məsləhətamiz” qoyublar”. Köçərli şairlərin cəmiyyətdəki mövqeyini də ifadə etməyə açlışmışdır. Onun fikrincə, şairin əsas peşəsi odur ki, doğrunu doğru, əyrini də əyri yazsın, yalançı və məddah olmasın. O, yazırdı: “Həqiqi şairin və həqiqi ədibin yazmaqdan və şer deməkdən başqa bir şüğlü sənəti gərək olmasın. Əgər şair peşəkar və əhli-sənət olsa, o sənət və peşə şairin yazmağına, şerlər vasitəsilə yoxdan xəlq etməyinə, onun təbinin açılıb barvər olmağına mane olardı. Şairin sərmayəsi haaq-taala ona bəxşü əta qıldığı təbi-səlimdir ki, ondan nəşət edib zühura gələn cəvahirlərin hər birisinin ərbabı nəzərində qədrü qiyməti ziyadədir”. O, daha sonra yazırdı: “Həqiqi hüsnə və mərifətüllahə vasil olmaq istəyən adaməzəl şəmsini gərək axtarın bulsun, çünki məcazi dilrüba və məhvişlərin hüsnü lətafəti daim deyil, müvəqqəti, boş bir şeydir. Ona mübtəla olmaq layiq və şayəstə deyil və insan üçün kəsri-şəndir. Əsil həqiqiətə və mənəviyyətə talib olan kəs gərəkdir hərimi-Kəbə ilə səhni-deyrdə bir təvafüt görməsin və bu müqəddəs məqamlara da bir nəzər ilə baxsın. Şair əsl hürriyyətpərəst olub, azadeyi-əfkar və hürriyyəti-dinü etiqad onun baş arzularından birisi idi. Şair üçün məscid, kəlisa, künişt və deyr arasında əsla təfavüt yoxdur. Bunların cümləsi Allahın evi mənzələsində müqəddəs və pak məqamlardır ki, ibadət və mərifətüllah üçün bina olunubdur”. Ona görə, həqiqi şairin baş vəzifəsi mənanı yetirməkdir: “Çünki hər bir qissəvü hekayətin ruhu inun içindəə olan məna və məzmundur. Nə qədər ki, şairin başında doğan təzə fikirlər aydın, açıq və salamat olsa, bir o qədər də onları bəyan etmək asan olur. Çətini ancaq fikrin başda doğub pərəvəriş tapmağıdır. Dolaşıq və qarışıq fikirlərin zühura gəlməsi də dolaşıq olur və bəzi şairin yazılarının kəlamə o qədər qarışıq və bulaşıq olur ki, o qədər ağır və qəliz ibarələrlə malamal olur ki, elə ölçüsüz və biçiksiz yaraşılmayan dona geyinilir ki, onları oxuyanlar bir şey fəhjm edə bilmir və bu kəlamı yazmaqdan şairin ümdə məramı nə olduğunu anlayıb başa düşmürlər. Zənn edirəm ki, əgər şairin və ya dəibin özündən dəxi soruşulsa ki, cənab filan, sizin bu kəlamı yazmaqda əsl məramınız nə olubdur və bunun ruhu, canı nədədir, hansı mətləbi ifadə etmək istəyibsiniz, ol cənab bu suallara cavab verməkdə aciz qalsın..”. Köçərliyə görə, şairin-mütəfəkkirin əsas silahı isə “Söz”dür. Çünki dünyadan öncə də, dünyanın özünün də, dünyada nə varsa hamısının da, o cümlədən bütün məxluqatın da vücuda gəlməsinə səbəb “Söz” olmuşdur. Ona görə “Söz”ün meydanı o qədər vüsətlidir ki, onun sərhəddi və əndazəsi təsəvvürə gəlməz. O, yazırdı: “Sözsüz cümlə məsələlər və sirrlər aləmdə iləl-əbəd puşidə qalardı və insanın heyvanat və nəbatat qismindən artıq bir fərqi və təfavütü olmazdı və aləmdə cümleyi mafissüvər olan gənci-xəmüşandan zühur etməzdi. Bəs, nə vaxtdan ki, dünya yaranıbdır, onda vüqua gələn əlamətlərin cümləsində sözdən bir əsər var. Məhfəzeyi-nitqdə söz canbəxş olan bir gövhəri-dilkəşdir və sətri-zəmayr ona bağlı olub, kəşfi-bəyanı ondan asılıdır. Insanın fikrində yengi doğub təşkil bulan qissələri ən əvvəlcə bilən və onları əlvan libas geydirib aləmə göstərən sözdür və nə qədər ki, dünyada söz köhənavəzdir, vəli yengi doğduqda yenə tərü təzədir və Şeyx Nizaminin dediyi haqdır ki, bizim həyatı məmatımız söz varlığına və yoxluğuna vabəstdir”.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

Arazinfo.com