Rusiyanın Sankt-Peterburq şəhərində MDBParlamentlərarası Assambleyasının 44-cü plenar iclası keçirilib.
APA-nın Rusiya bürosunun məlumatına görə, iclasda Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Sessiyada ilk dəfə dünyanın iri parlamentlərarası assambleyalarının nümayəndə heyətləri, o cümlədən Avropa Şurası Parlament Assambleyasınn rəhbəri Pedro Aqramunt, ATƏT-in Parlament Assambleyasının sədri İlkka Kanerva, Parlamentlərarası İttifaqın rəhbəri Saber Çoudhuri iştirak ediblər.
İclasda müasir dövrün bir çox problemləri, o cümlədən terrorizm, ekstremizm, irqçilik, qaçqınlar və digər mühüm məsələlər müzakirə olunub. İclasdan sonra təşkil olunan mətbuat konfransında Milli Məclis sədrinin müavini Valeh Ələsgərov jurnalistlərin suallarını cavablandırıb. O, Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu bildirib: “Hamımız münaqişənin sülh yolu ilə həll olunacağına ümid bəsləyirik. Dağlıq Qarabağ münaqişəsindən danışarkən unutmamalıyıq ki, müharibə Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərində aparılır”.
Azərbaycan parlamentinin sədr müavini qeyd edib ki, ölkəmiz üzv olduğu bütün beynəlxalq təşkilatların tribunalarından istifadə edərək öz sözünü deməli, ədalətli mövqeyini və tələblərini ortaya qoymalıdır: “Bizim arxamızda güclü dövlətimiz, iqtisadiyyatımız, güclü ordumuz var və buna görə də hər yerdə başımızı dik tutaraq öz sözümüzü deyə bilirik. Aprel döyüşlərindən sonra dünyada gedən proseslərdə qüvvələr nisbətinin Azərbaycanın xeyrinə dəyişdiyinin şahidi olduq. Azərbaycan rəhbərliyinin apardığı düzgün siyasət sayəsində hazırda əksər dövlətlər Azərbaycanın mövqeyini dəstəkləyir”.
Qeyd edək ki, mətbuat konfransı zamanı ermənipərəst “Regnum” agentliyi təxribata əl atıb. Agentliyin müxbirinin Azərbaycan nümayəndəsinə ünvanlanmış “ATƏT-in Parlament Assambleyasının sədri İlkka Kanerva çıxışında Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunarkən Azərbaycan nümayəndə heyətinin bəzi üzvləri salonu niyə tərk etdi” kimi təxribat xarakterli sualına Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko sərt cavab verərək Azərbaycan nümayəndə heyətinin salonu tərk etmədiyini, nümayəndə heyəti üzvlərinin əvvəlcədən planlaşdırılmış görüşə getdiyini bildirib.
Xatırladaq ki, ATƏT PA sədri İ. Kanerva çıxışında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair uzun illərdir müxtəlif beynəlxalq tədbirlərdə səslənən məlum fikirləri söyləyib.