Malikanəsi qızıldan olan bakılı oliqarxların işi: daha 10 nəfər istintaqa cəlb edildi

0
592

Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi Azərbaycandan olan oliqarxlar-Roman və Solomon Manaşirovların işi üzrə 10 biznesmeni istintaqa cəlb edib.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, müstəntiqlər eyni vaxtda Moskvada yeddi ünvanda axtarış aparıblar. Manaşirov qardaşlarına məxsus “Kolumbus” ticarət mərkəzinin icarəçiləri də daxil olmaqla 10 nəfər saxlanılıb və dindirilib. Onlar hüquq-mühafizə orqanlarını müxtəlif cinayət işlərinin “həlli” üçün ələ almaqla məşğul olan Roman Manaşirovun qruplaşmasının üzvü olmaqda şübhəli bilinir. Saxlanılanlar ifadələri alınandan sonra buraxılıb, ancaq tezliklə onların bir neçəsinə qarşı cinayət işi qaldırılacaq.

Roman Manaşirov ötən il Azərbaycandan, Qubadakı Qırmızı Qəsəbədən olan yəhudi əsilli milyonçu, “AST Cargo” şirkətinin direktoru Januko Rafailovu həbsdən buraxdırmaq üçün İstintaq İdarəsinin müstəntiqlərinə iri məbləğdə rüşvət verdiyinə görə həbs ediblər. Januko Rafailov hazırda müflis olan oliqarx Telman İsmayılovun biznes ortağı olub və “AST Cargo” şirkətinə məxsus anbar kompleksində yüzlərlə vyetnamlının qul kimi istismar edilməsini təşkil etməkdə ittiham edilir.

Bir neçə ay əvvəl isə Roman Manaşirovun qardaşı Solomon Manaşirova qarşı cinayət işi qaldırılıb. O, vergi maxinasiyalarında ittiham olunur. Lakin Solomon Manaşirovu həbs etmək mümkün olmayıb, çünki barəsində cinayət işinin hazırlandığından xəbər tutaraq İsrailə qaçıb. Solomon İsrail vətəndaşlığı daşıyır və onun həmin ölkədən Rusiyaya ekstradisiyası mümkün deyil.

S.Manaşirovun barəsində cinayət işinin qaldırılmasından sonra əməliyyatçılar onun ofisində və malikanəsində axtarışlar aparıblar.  Əməliyyatçılardan biri Manaşirovun Rublyovsk şossesindəki malikanəsində axtarış aparılarkən qızıl suyuna çəkilmiş divarların necə bərq vurmasından heyrətə gəldiyini gizlədə bilməmişdi. “Bura ki, lap Ermitajdır”-əməliyyatçı yanındakı həmkarına deyib.

Manaşirov qardaşları “Kolumbus” ticarət mərkəzi ilə yanaşı “Prajsk”, “Armada” və digər iri ticarət mərkəzlərinin sahibidir. Onlar hər il kommersiya təyinatlı daşınmaz əmlakın icarəyə verilməsindən yüz milyonlarla dollar qazanırdı. Manaşirovların nəhəng əraziyə malik, üç mərtəbəsi büsbütün mərmərdən, antikvaiatla dolu malikanəsini onlarla mühafizəçi qoruyur. Hazırda malikanədə təkcə Manaşirovların anası-Raisa Manaşirova qalır.

Məlumatlara görə Manaşirovların aktivlərini idarə edən qohumları Ruslan Şumşumov da Rusiyanı tərk edib, onun ABŞ-da olduğu bildirilir. Müstəntiqlər əmindir ki, Manaşirov qardaşları Telman İsmayılovun biznes-imperiyasının kölgə idarəçiləri olublar, eyni zamanda öz qruplaşmalarını yaradıblar. Roman “reşalşik” kimi tanınıb, güc strukturlarındakı güclü əlaqələri və yüksək vəzifəli məmurlarla dostluğu sayəsində biznesmenlərin problemlərini həll edib. Solomon isə vergi maxinasiyalarını, nəğdləşdirməni və qeyri-leqal köçürmələri kurasiya edib. İstintaq onlara qarşı daha ağır maddə-mütəşəkkil cinayətkar qruplaşma yaratmaq maddəsi ilə cinayət işi başlatmağa hazırlaşır. Bu isə ömürlük həbsə qədər apara bilər.

Manaşirov qardaşları Bakıda, dağ yəhudiləri ailəsində anadan olub. 90-cı illərin əvvəllərində onlar Moskvaya gediblər və T.İsmayılovun yanında işləyiblər, ona “Çerkizovsk” bazarını yaratmaqda kömək ediblər. 1998-ci ildə isə qardaşlar öz şirkətlərini açıblar. Sonradan onlar Moskvanın daşınmaz əmlak krallarından birinə çevrildilər.

Manaşirov qardaşlarına qarşı total hücumun motivləri barədə bəzi iddialar var. Rusiya mətbuatı yazır ki, bunun arxasında qardaşların aktivlərini əllərindən ucuz qiymətə almaq cəhdləri dayana bilər. Bəzilərinə görə bu təqiblərin arxasında onların biznesini ələ keçirmək istəyən, Kremldə güclü himayəsi olan digər yəhudi əsilli azərbaycanlı biznesmenlər-Qod Nisanov və Zarah İliyev, habelə onların ortağı İlham Rəhimov dayana bilər.

Virtualaz.org

BIR CAVAB BURAXIN