Malena Mard: ““ASAN Viza” sisteminin yaradılması böyük əhəmiyyətə malikdir”

0
751

“Azərbaycan prezidenti İlham Əliyevin Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında imzaladığı fərmanı alqışlayırıq”.APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

 

M. Mard qeyd edib ki, bu fərman çox böyük əhəmiyyətə malikdir. Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri əlavə edib ki, bu fərman Aİ ölkələrindən Azərbaycana turist axının çoxalmasına şərait yaradacaq: “Bildiyiniz kimi, bu yaxınlarda Avropa İttifaqı-Azərbaycan biznes forumu keçirilib. Forumda qeyd olunan məsələlərdən biri də viza prosedurlarının sadələşdirilməsi idi. Hesab edirəm ki, bu baxımdan “ASAN Viza” böyük uğur gətirəcək”.

 

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında fərman imzalayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün “ASAN Viza” sistemini yaratmalı və onun idarə olunmasını təmin etməlidir. “ASAN Viza” sistemi haqqında əsasnamənin layihəsi bir ay müddətində hazırlanıb Azərbaycan prezidentinə təqdim olunmalıdır.

BIR CAVAB BURAXIN