Rusiyanın hərbi polis dəstəsinin 102-ci bazada yerləşdirilməsi haqqında bəyanat nə Rusiya hökuməti, nə də Müdafiə Nazirliyi tərəfindən verildi. Bəyanatı Rusiyanın hərbi dairələrindən birinin qərargahı yaydı. Bu, artıq Rusiya-Ermənistan dövlətlərarası münasibətin olmadığını göstərir.
Bunu “1in.am” saytına açıqlamasında Ermənistanın Gömrük Xidmətinin keçmiş rəisi Yerdcanik Abqaryan deyib.
“Bizim aramızda yalnız icrası məcbur olan əmr faktı mövcuddur. Bu istiqamətdə xüsusi diqqəti hakimiyyətin reaksiyası çəkir. Onlar göstərmək istəyirlər ki, guya hərbi polis dəstələrinin genişləndirilməsi məsələsi hələlik müzakirə mərhələsindədir. Bununla belə, Gümrüdən alınan xəbərlər göstərir ki, rus hərbçilər artıq 102-ci bazaya gəliblər. Bu məsələdə ictimaiyyətin məlumatlandırılmaması Ermənistan-Rusiya hərbi münasibətlərinin bütün razılaşmalarında dominantlıq edib.
Ermənistanla Rusiya arasında bərabərhüquqlu razılaşma heç zaman mövcud olmayıb. Rusiya mətbuatı artıq indidən erməni etnosunun regionda ləğvinin vacibliyi haqqında danışır. Hərbi polisin Gümrüdə yerləşdirilməsi məsələsinin hədəfləri çoxdur. Burada rusların siyasi, hərbi, etnik, demoqrafik və digər hədəfləri var. Rusiyanın bu addımı Ermənistanı Qərb sanksiyalarının hədəfi edə bilər. Bununla bağlı ilkin işarə ABŞ-ın İrəvan və Qarabağa edilən illik yardımlarında nümayiş olunub. Rusiyanın yekun olaraq erməni ordusunu idarə etməsi cəhdləri görünür.
Əvvəlcədən bəlli idi ki, rusların birgə hərbi qruplaşma yaratma cəhdlərinin hədəfi Naxçıvanla sərhədi nəzarətə almaq idi. Bu gün artıq bəllidir ki, bəzi erməni komandirlər artıq hərbçilərə Azərbaycan tərəfdən olan atəşə reaksiya verməyi qadağan ediblər və bu istiqamətdə atəş açanları şəxsən özlərinin vuracağını söyləyiblər. Əlavə edək ki, Rusiya hərbi polisi Gümrüdə, İrəvanda, Naxçıvanla və İranla sərhəddə olan Meğridə yerləşdiriləcək. Onların fəaliyyət sferası ilə bağlı çoxlu suallar var”, – deyə o bildirib.
Onun sözlərinə görə, Moskva Qarabağda yenidən aprel savaşını başlatmaq istəyir:
“Məncə, üçtərəfli razılaşma var. Razılaşmaya əsasən, Azərbaycana yenidən imkan veriləcək ki, erməni ordusunu sınasın və Dağlıq Qarabağ əhalisini kütləvi şəkildə geri çəkilməyə məcbur etsin. Uğur qazanılacağı təqdirdə aydındır ki, Ermənistanda hakimiyyətdə olan Qarabağ klanı təhdid altına düşəcək. Bu təhdidin aradan qaldırılması üçün Rusiya hərbi polisinin gücündən istifadə ediləcək.
Digər tərəfdən, erməni əhalisinin emiqrasiyası dayanmır. Onlar əsasən Rusiyaya köçürlər. Rusiya bu məsələdə keçən əsrdən maraqlıdır. Bu gün biz görürük ki, ermənilərin emiqrasiyasına paralel olaraq Ermənistana artıq rus miqrasiyası başlayıb. İrəvanın küçələrində bunun nəticələri xüsusi olaraq görünür. Ermənistandakı rus zabitlərinin və ailələrinin hesabına Rusiya həmçinin öz vətəndaşlarının ölkədəki sayını artırır. Ruslar və onların satqın, kriminal Qarabağ klanının hədəfləri bunlardır”.
Qeyd edək ki, bundan öncə Rusiya hərbi polisinin 102-ci bazaya yerləşdiriləcəyi haqqında informasiya yayılıb. Ermənistan müxalif cameəsi bu informasiyaya sərt reaksiya verib.Axar.az