Arazinfo.com Mediainfo.az saytına istinadən “Məşhurların anaları” rubrikasından Vladimir İliç Leninin anası Mariya Ulyanova haqqında yazını təqdim edir
Bir vaxtlar SSRİ boyda böyük bir imperiyanın banisi və qurucusu hesab edilən Vladimir İliç Lenin haqqında kifayət qədər yazıblar, onun ailəsi anası, atası və və ailəsi haqqında olduqca xoş sözlər işlədərək onları milyonların sevimlisinə çevirə biliblər. Bu müstəvidə də hər bir insanın və ya belə demək mümkünsə gələcəkdə məşhur olacaq dahinini həyat zirvəsinə gedən yolu ilk növbdə onun ailədə, xüsusi ilə anasından aldığı tərbiyədən çox asılıdır. Bu baxımdan bir vaxtlar SSRİ adlı bir sistemdə yaşayan və özümüzü az qala dünyanın ən xoşbəxt insanları hesab edən orta və yaşı 60-dan ötmüş nəsil üçün Lenin və onun ailəsi, o cümlədən atası və anası bir nümunə, qəhrəmanlıq, ibrət dərsi götürmək, obrazlı şəkildə desək mübarizlik məktəbi idi. O dövrdə Lenin kimi bir siyasətçini dünyaya gətirən ana Mariya Ulyanova dünyanın ən xoşbəxt qadınlarından biri hesab edilirdi. Lakin SSRİ dağılandan və gizli arxivlər açılandan sonra məlum oldu ki, Leninin anası heç də dünyanın ən xoşbəxt qadını deyilmiş, əksinə əsabkeş, övladlarının sürgün həyatı dövründə həbsxanalar arasında qalan, çar Aleksandra terror cəhdinə görə edam edilən bir oğul dərdini sinəsində gəzdirən əzabkeş ana imiş…
Qarışıq ailədə dünyaya gələn Mariya
SSRİ adlı bir imperiyanın qurucusu, çar rejimini yıxaraq yenidən onun xarabalıqları üzərində qırmızı terror dövləti qurmağa nail olan Vladimir Leninin anası Mariya Aleksandrova Blank (Ulyanova) 1835-ci il mart ayının 6-da saray məsləhətçisi olan fizioterapevt həkimin – Aleksandr Dmitriyeviç Blankın ailəsində anadan olub. Anası Anna Qrossşpof idi. Ana tərəfdən babası isə alman İohan Qrossşopf, nənəsi isə isveçli Anna Estedt idi.
Mariyanın atası İsrail (Srul) Moiseyeviç ( Moyşeviç) Blankın Jitomirdən olan yəhudi olduğu iddia edilir. Eyni zamanda İsrail Blankın pravoslavlığı qəbul edən alman olduğu barədə də müxtəlif ehtimallar mövcuddur. Amma bu günə kimi İsrail Blankın alman və ya yəhudi olduğunu təsdiq edə biləcək hər hansı bir sənəd tapılmayıb. Yalnız Mariyanın anasının yuxarıda qeyd etdiyimiz kimi alman olduğu məlumdur. İsrail Blanka gəlincə onu xaç suyuna salınmasından sonra Aleksandr Dmitriyeviç adlandırmış və bu adla da rəsmi qeydə salmışdılar. O dövrdə xaç suyuna salınan müxtəlif millətlərin nümayəndələrinin rus kimi qəbul edilməsi adi bir hadisə idi. Həmin dövrdə pravoslavlığı qəbul edən və xaç suyuna salınan istənilən millətin nümayəndəsini rus hesab edirdilər. Mariyanın valideynlərinin kimliyinə bu qədər diqqət yetirməyimiz isə tbii ki, Leninin hansı soydan gəldiyi, damarlarında hansı millətin və ya millətlərin qanının axmasına maraq göstərilməsindən irəli gəlir. Çünki hər bir dahinin damarlarında axan qan və onun hansı mühitdə tərbiyə olunması, kimlərin ailəsində dünyaya gəlməsi elmi, genetik baxımdan böyük önəm daşıyır. Mariyanın anası olduqca varlı ailədən idi, lakin, zəif bədən quruluşuna malik olduğundan tez-tez xəstələnirdi. Ona görə də vaxtından tez, 1838-ci ildə Marşyanın anası Anna dünyasını dəyişdi. Annadan sonra arxada onun 6 uşağı qaldı. Bu uşaqlardan böyüyünün 8, ən kiçiyinin isə 2 yaşı vardı. Anası dünyasını dəyişəndə Mariyanın 3 yaşı vardı. Sonralar Mariya üzünü belə yaxşı xatırlamadığı anasını tez-tez yada salır, onun həsrətini sinəsində gəzdirdiyini dönə-dönə vurğulayırdı. Anasının ölümündən sonra uşaqların tərbiyəsi ilə Annanın övladı olmayan bacısı Yekaterina məşğul olmağa başladı. Həyat yoldaşının vəfatından 3 il sonra 1841-ci ildə Aleksandr Blank Yekaterina İvanovna adlı dul bir qadınla evləndi. Sonra Aleksandr Blank bir müddət Zlatoust şəhərindəki silah zavodunun qospitalında inspektor vəzifəsini həyata keçirdi. 1847-ci ildə istefaya çıxan Aleksandr Blank Kazan quberniyasına gedərək oradakı Yansalı kəndində 500 hektar torpaq sahəsi aldı. O dövrdə təhkimçilik hökm sürdüyündən kənddəki 49 ailə də Blankın tabeliyinə verildi. Sonralar bu kənddəki tatar -türk toponimini izini itirmək məqsədi ilə o Kokuşkino adlandırıldı. Çünki Yansalının tatar türklərinin yaşadığı kənd olması Leninin siyasi və etnik mənşəyini şübhə altına ala bilərdi. Aleksandr Blankın bu kənddə böyük bir sarayı, dəbdəbəli mülkü vardı. Mariya Blankın uşaqlıq və gənclik illəri Yansalı ( Kokuşkino) kəndində keçdi. O bu kənddə xalasının himayəsi və tərbiyəsi altında yüksək səviyyəli ev təhsili aldı, alman, fransız, ingilis və rus dillərini dərindən öyrəndi. Mariyanın rus dilini dərindən öyrənməsi isə qeyd etdiyimiz kimi onların evində daha çox almanca danışılmasından irəli gəlirdi. Həmin dövrdə Mariya Rusiya və Qərb ədəbiyatının tanınmış nümayəndələrinin əsərlərini oxudu və azad fikrlü kübar bir qadın kimi böyüdü. Mariya gənc yaşlarındna olduqca ağıllı təsir bağışlayırdı. Olduqca ciddi olan Mariya ətrafdakı tatar ailələri ilə yaxşı münasibətdə idi. Bəzi ehtimallara görə Mariya 17-18 yaşlarında olan tatar gənclərindən birini sevib. Onlar hətta evlənmək fikrinə düşüblər. Lakin Mariyanın xristian, tatar gəncin müsəlman olması, üstəlik onun təhkimli ailədə böyüməsi gənclərin evlənməsi yolunda ciddi əngələ çevrilib. Mariyanın atası izdivacın əleyhinə olduğundan, bu, gənclərin ayrılmasına gətirib çıxarıb. Tatar gəncinə olan sevgisini uzun illər unuda bilməyən Mariya sonralar ona edilən evililik təkliflərini rədd edib və buna görə daim atası tərəfindən qınanıb.
Təsadüfi tanışlıq və əzablı yollar
1861-ci ildə 26 yaşlı Mariya Penzaya böyük bacısı Annanın yanına gəldi. Həmin dövrdə Annanın əri İ. Veretennikov Penza Dvoryan İnstitutunda inspektor işləyirdi.
Penzada Mariya bacısının həyat yoldaşının da iştirak etdiyi məclislərdən birində, 1861-ci ilin noyabr ayında Dvoryan İnstitutunda fizikə və riyaziyyat müəllimi işləyən İlya Nikolayeviç Ulyanovla tanış oldu. Bu tanışlıq qısa müddətdə onlar arasındakı alovlu məhəbbətə çevrildi. Bununla belə Mariya uzun illər ilk dəfə könlünü verdiyi tatar gəncini unuda bilmədi.
Qeyd edək ki, Leninin ata tərəfindən babası Nikolay Vasilyeviç Ulyanov milliyyətcə çuvaş olmuşdur. Bu baxımdan ata xətti ilə hesablananda Lenini çuvaş hesab eləmək lazım gəlir. Daha sonralar Leninin babası, atası milliyyətcə kalmık, anası isə bəzi məlumatlara görə rus olan Anna Alekseyevna Smirnova ilə evlənmişdi. Nikolay Ulyanovun ölümündən sonra isə İlya Ulyanovun qayğısına onun böyük qardaşı Vasili Ulyanov qalmışdı.
Qardaşı ona kifayət qədər təhsil verə bilmişdi ki, o, gedib Kazan Universitetinin fizika-riyaziyyat fakultəsinə qəbul olunmuşdu.
Ali təhsil alandan sonra Şlya Ulyanov 1869-cu ildən Simbirsk quberniyasında xalq məktəbinin inspektor və direktoru işləmişdir. III dərəcəli müqəddəs Vladimir medalı ilə təltif olunduqdan sonra Lenin atası 1882-ci ildə irsi dvoryanlıq hüququ qazanmışdı. İlya Ulyanovla tanışlıq Mariyanın həyatını tammailə dəyişdirir. Ərə gətmək, ailə qurmaq arzusunda olan, ancaq özünə sadə kəndlilər yaşadığı mühitdə sevdiyi oğlanla ailə qura bilməyən Mariya çətin də olsa ailə qurmağa məcbur idi. OIna elçi düşənləri geri qaytarandan sonra bir daha qapısını döyən olmayan, yaşı ötdükcə yeni nişanlı tapmaqda çətinlik çəkən Mariya üçün İlya ilə tanışlıq göydəndüşmə olur.
Mariya Penzadan geriyə Yansalı kəndiən ata evinə qayıtsa da, uzun müddət İlyanı unuda bilmir. Onlar arasında həmin dövrdə qızğın yazışma başlayır. İlyanı görmək üçün Mariya 1861-1863-ci illərdə dəfələrlə Penzaya gəlib -gedir. Nəhayət onlar evlənmək barədə qərar qəbul edirlər. 1863-cü il sentyabr ayının 6-da 32 yaşlı İlya Ulyanov və qarımış qız hesab edilən Mariya Blank Yansalı yaxınlığındakı Çeremışevo kəndində olan Kazan-Boqorodiski kilsəsində rəsmi şəkildə nikaha girdilər. Bununla da Mariya və İlyanın həyatında yeni bir dövr başladı. Mariya ərinə kömək etmək üçün işləmək niyyətində idi. O bu məqsədlə də ekstern yolu ilə imtahan verərək ibtidai məktəblərdə işləmək hüququ verən müəllim diplomu aldı. Lakin Mariya işləmək arzularını həyata keçirə bilmədi. Çünki ailə qayğıları kifayət qədər çox idi. Digər tərəfdən də Mariya ev təsərrüfatını idarə etməli, əri evdə az-az olduğundan ailə rəhbərliyini həyata keçirməli, idi. Qeyd edək ki, Mariya Ulyanova olduqca qənaətcil ev sahibəsi kimi tanınırdı. O ailənin büdcəsini qəpiyinə kimi hesablayır, artıq xərcə yol vermir, daim nə isə almaq lazım gələndə qənaət etməyə çalışırdı. 1864-cü ilin avqust ayının 14-də Nijni Novqorod şəhərində Mariya və İlya Ulyanovların ailəsində Anna adlı qız uşağı dünyaya gəldi.
Annanın dünyaya gəlməsi ailədə böyük sevinclə qarşılandı. Anna ailə daxilində səmimiyyəti daha da möhkəmləndirdi. 1866-cı ildə Mariyanın ailəsində sonralar çara qarşı sui- qəsddə günahlandırılaraq asılacaq Aleksandr dünyaya gəldi.
1870-ci ildə isə çar imperiyasını yıxaraq onun yerində yeni qırmızı terror dövləti quracaq Vladimir anadan oldu. Ümumiyyətlə, Mariya Ulyanovanın İlya ilə izdivacından 8 övladı oldu. Onlardan 2-si Nikolay və Olqa hələ kiçik ikən dünyalarını dəyişdilər. İlya Ulyanov tez-tez Simbirsk quberniyasının ən uzaq kəndlərinə gedir, bəzən həftələrlə, aylarla evə gəlmir, getdiyi hər yerdə yeni məktəblər açır, xalq arasında maarifləndirməni qızğın təbliğ edirdi. Ailə başçısı evdə olmayanda təbii ki, bütün ağırlıqlar Mariyanın üzərinə düşür, o övladlarına evdə xüsusi dərs keçir, onları açıq fikirli ruhda tərbiyə edirdi. Təsadüfi deyil ki, Vladimir və Aleksandr da daxil olmaqla ailənin bütün üzvləri alman, fransız dillərində sərbəst danışa bilirdilər. 1986-cı ildə İlya Ulyanov vəfat etdi. Onun vəfatından sonra ailənin yükü 6 uşaqla Mariyanın üzərinə düşdü.
Mariya Ulyanovanın həyatı o qədər də sadə deyildi. 6 uşağı böyüdüb tərbiyə etmək olduqcaççətin idi, həm də nəzərə alsaq ki, onların hamısı ali təhsil alırdılar. Təhsilə verdiyi töhfələrə görə Rusiya imperiyasının 54 ordeni ilə mükafatlandırılan İlya Ulyanovun ölümündən sonra Mariya Ulyanova ailənin yükünü tək çəkmişdi.
Ağır günləri də çox olmuşdu.
Əsassız iddialar
Aleksandrın çara qarşı sui-qəsdə görə dar ağacından asılması ilə bağlı çoxlu sayda ehtimallar mövcuddur. Bu ehtimalların və saysız -hesabsız sayıqlamaların da çoxu SSRİ dağılandan sonra gündəmə gəldi. Bu müstəvidə də Leninin anası zəhmətkeş bir qadın olan Mariya Ulyanova hədəfə alındı. Belə bir iddia ortaya atıldı ki, Mariya Ulyanova imperator III Aleksandr ilə yaxın olub, guya Mariya Ulyanovanın böyük oğlu Aleksandr onların bu münasibətlərindən dünyaya gəlib. Hətta Mariya Balankın-Ulyanovanın cavanlığında imperator sarayında fröyleyn olması, onunla gələcək imperator Aleksandr Aleksandroviç arasında məhəbbət macərasının olduğu barədə səfeh sayıqlamalar Rusiya mətbuatında geniş yer aldı. Guya Mariya və Aleksandırın qeyri-qanuni münasibətlərindən olan oğlan uşağına onun atasının şərəfinə Aleksandr adı qoyulub. Digər bir ehtimala görə isə knyaz “məşuqəsi” və oğlunun gələcəyi haqqında planlar qururmuş, amma fröyleynin kiminləsə yeni münasibətləri yaranır və bu münasibətlərdən onun Anna adlı qızı doğulur.
Knyazın bu qıza heç bir aidiyyatı olmadığı üçün o, ona sadiq olmayan məşuqəsindən yaxa qurtarmaq istəyir və Mariyanı paytaxtdan uzağa, İlya Ulyanov adında birinə ərə verir.
Guya sonradan bundan hansı yollarlasa xəbər tutan Mariyanınh oğlu Aleksandr sirri bacısına açaraq çardan intiqam almaq fikrinə düşür və ona qarşı sui-qəsd planınını həyata keçirir.
Amma araşdırmalar göstərdi k, bütün bunlar Leninin anasını gözdən salmağa xidmət edir. Bu sarsaqlamaların heç bir əsası yoxudr. Belə ki, Rusiya imperator sarayının bütün fröyleynlərinin siyahısı 1712-ci ildən aparılıb və orada Mariya Blankın adı yoxdur. Nəhayət o da faktdır ki, Mariya Blank Sankt-Peterburqu 6 yaşı olanda, 1841-ci ildə tərk edib. Mariya Ulyanova anadan olduğu şəhərə yalnız 1887-ci ildə çara qarşı sui-qəsd cəhdinə görə oğlu Aleksandr həbs ediləndə qayıdıb. Digər tərəfdən də Mariya Sankt- Peterburqda olanda onun ehtimal olunan sevgilisi heç dünyaya gəlməmişdi. İmperator Mariadan 10 yaş cavan idi. Yəni məntiqi baxımdan Sankt-Peterburqu tərk edəndə 6 yaşı olan Mariyanın imperatorla eşq macərası yaşaması ağlabbatan görünmür. Digər bir fakt da Mariya Blankın uşaqlığı və gəncliyi Kazan quberniyasında keçməsidir. Onun həmin dövrdə Sankt-Peterburqa gedib qayıtdığı barədə hər hansı bir məlumat yoxdur. O dövrdəki nəqliyyat vasitəsi ilə Kazandan Sankt-Peterburqa gedib qayıtmaq günlərlə, aylarla vaxt aparırdı və belə bir şey mümkün də hesab edilmir. Mariya gələcək əri ilə Penzada tanış olanda İlyanın 30, Mariyanın 26, Aleksandr Aleksandroviçin 16 yaşı olub. Əgər versiyalara inansaq, İlya ilə Mariyanın ilk övladı Anna deyil, Aleksandr olmalı idi. Lakin Mariyanın ilk övladı 1864-cü ildə doğulan Annadır. Nəhayət Mariyanın 30 yaşı olanda oğlu Aleksandr dünyaya gəlib, o vaxt gələcək çarın 20 yaşı vardı və onun 30 yaşlı qadınla eşq macərası yaaması barədəki iddialar gülünc təsir bağışlayır. Bu müstəvidə də 1866-cı ildə doğulmuş Aleksandr Ulyanov heç bir şəkildə imperator III Aleksandrın oğlu ola bilməzdi. Onu da xatırladaq ki, Mariyanın nə atası, nə anası tanınmış, adlı sanlı nəsildən deyildi, Rusiya imperiyasında isə adlı sanlı nəsildən olmayanlar fröyleyn ola bilməzdilər. Zadəganlıq Mariya Blanka-Ulyanovaya yalnız ərinin ölümündən sonra verildi ki, dul qadın altı uşaqla normal təqaüd alıb dolana bilsin. Yəni bütün sarsaqlamalar SSRİ dağılandan sonra meydana atıldı və bundan məqsəd Lenini, anasını, atasını ləkələmək onları xalqın gözündən salmaq, proletarın dahi rəhbəri ətrafında kütlədə yaradılan mifi dağıtmaq üçün gündəmə gətirildi. Ancaq bir daha qeyd etmək istəyirik ki, bu sarsaqlamaların əsası olmadı və başı min bəlalar çəkən Mariya Ulyanovanı hansı yollarlasa ləkələmək vicdansızlıqdan, mənəviyyatsızlıqdan başqa bir şey deyildi.
Əzablı günləri vəfatına kimi davam etdi
Övladlarının tutduqları yol və buna görə onların həbslərə sürüklənməsi Mariya Ulyanavanın əzablarını daha da artırmışdı. Bir sözlə bu cəfakeş qadının bəxtinə həbslər, məcburi köçürülmələr düşdü. 1891-ci ildə qardaşının asıldığı gündə 19 yaşlı Olqa tifdən vəfat etdi. Olqanın, sevimli qızının vəfat etməsi Aleksandr asılandan sonra Mariya Ulyanovaya vurulan daha bir ağır zərbə oldu. Sonrakı illərdə Leninin sürgünə göndərilməsi Mariya Ulyanovanın evi ilə sürgün yerləri arasında qalmasına səbəb oldu. Uşaqlarının hamısı demək olar sürgünə göndərilmişdi. Onu 6 övladından heç biri xoşbəxt ola bilmədi. Dmitri istisna olmaqla Mariyanın övladlarından heç birinin uşağı olmadı. Evini, mülkünü satan Mariya Ulyanova bütün varidatını övladlarının yolunda xərclədi. Həyatı boyu əzab, dərd içində yaşayan Mariya Ulyanova 1916-cı il iyun ayının 12-də vəfat etdi. Bütün hallarda kiminsə anası olmasından asılı olmayaraq Mariya Ulyanovanın-bu zəhmətkeş və əzabkeş qadının həyatını təqdir etmək lazımdır. O, övladlarının xoşbəxtliyi yolunda həyatını verməyə hazır olan və bu yolda min bir əziyyətlərə qatlaşan əsl Ana idi.
Əziz Mustafa