Məşhur “Şükriyyə” şeiri necə yazıldı?- Əhməd Cavadın anım günü

0
884

Bu gün böyük Azərbaycan şairi Əhməd Cavadın anım günüdür.
Xalq Cümhuriyyət dövrünə aid olan rəsmi sənədlərdə, eləcə də ədəbi-elmi və kulturoloji mətnlərdə ən çox rast gəlinən imzalardan biri də böyük istiqlal şairi Əhməd Cavaddır. Professor Səlahəddin Əli yazır: “O, Türkiyədə təhsil almış və Türkiyə – Azərbaycan arasında ədəbi, mədəni əlaqələrin möhkəmlənməsində fəal iştirak etmiş, bu cəbhədə Hüseyin Cavid və Abdulla Sur kimi görkəmli şəxsiyyətlərlə çiyin-çiyinə vuruşmuş böyük maarifçi Sehvat Cavadın qardaşıdır. Şair onunla eyni dövrdə yaşamış, Türkiyənin böyük dilçi alimi və şairi olan Ahmet Cevaddan öz təxəllüsünü götürüb. Həmin alimin Azərbaycan məktəblərində dərs vəsaiti kimi keçirilən dilçiliyə aid iki əsəri (Sərf və Nəhv) sənədlərdə səhvən azəri Əhməd Cavadın adı ilə qeyd olunub”.
Moderator.az böyük şairə həsr etdiyi kiçik yazıda onunla bağlı maraqlı bir faktı təqdim edəək:
Emin Sabitoğlunun sözlərinə mahnı bəstələdiyi “Şükriyyə” şeiri  Əhməd Cavad şəxsiyyətinin daha bir parlaq tərəfi idi. Çünki Əhməd Cavad şəxsiyyətinin formalaşmasında həyat yoldaşı Şükriyyə xanım da əsas amillərdən olub. Şairlə yaxın dostluq münasibətində olub, dövrünün el ziyalısı sayılan Paşa Hüseynov öz xatirələrində yazır: “1908-1912-ci illər idi. Əhməd Cavadla qonşu idik. Keçmiş Zərdabi küçəsində kirayədə qalırdı. Sənət məktəbində oxuyurdu. Tay-tuş idik. Sözümüz-söhbətimiz tuturdu. Bilirdim ki, gözaltısı var. Acar qızını sevir. Xəlvəti şeir yazırdı. Çoxu da sevgidən, məhəbbətdən. İlk vaxtlar demirdi, oxumurdu heç kəsə. Nəsə gizlədirdi. Utanırdı, yaman həyalı, çəkingən idi. Bir gün sevincək gəldi ki, ay Paşa, xeyir iş var, mütləq gəl. Əlbəttə, getdim. O zaman hələ çoxunun tanımadığı şairin toyunda iştirak etdim. Yığcam bir sağlıq da söylədim. Hər görəndə deyirdi ki, lələ, sən də əməlli şairsənmiş.
Toydan bir neçə gün sonra Şükriyyə xanımı Gəncədən Şəmkirə aparır. Bir müddət Seyfəlidə, ata yurdu Mehrilidə qonaq qalır. Sonra onlar yenidən Gəncəyə qayıdırlar”.
Şükriyyənin atası sərt, ötkəm adam idi. Qızına vaxtında xeyir-dua verməmişdi. Lakin aylar-illər keçdikcə ata ürəyi dözmür. Süleyman bəy 20 ildən sonra – 1936-cı ildə qızının sorağı ilə Gəncəyə gəlir. Şükriyyə xanımla, kürəkəni Əhməd Cavadla, nəvələri ilə görüşür. Bir neçə gün Gəncədə qonaq qalandan sonra evinə qayıdır. Beləcə yollar açılır, gediş-gəliş başlanır. Amma bir ildən sonra Əhməd Cavad həyatla vidalaşmalı olur.
Atası Əhməd Cavad ailəsi ilə yaxın dostluq münasibətində olan başqa bir şəxs Gəncə sakini Hamlet Allahverdiyev də bu xatirələrə toxunur: “Eşitdiyimə görə, Batumda Süleyman bəylə tanış olan Cavad onun Şükriyyə adlı qızına aşıq olur. Qız da şairi sevir. Cavad utanır özü Süleyman bəydən Şükriyyəni istəməyə, yaxın dostu Əli Səbridən məsələni Süleyman bəyə açmağını xahiş edir. Dostunun elçiliyini edən Əli Səbri Süleyman bəydən soruşur: “Cavad əfəndi nasıl biridi? İyi oğlandırmı?” Qız atası: “İyi, iyi. Gözəl şeirlər də yazıyor”. Süleyman bəyin müsbət cavabından ürəklənən elçi Şükriyyəni Cavada istəyir. Amma Süleyman bəy “qızılbaşa qız verməm”, – deyir. Çünki onlar sünni, Cavad isə şiə idi. Süleyman bəy qızı verməsə də, Şükriyyə Cavad əfəndiyə qoşulub qaçır. Qızı Batumdan Gəncəyə dayım Məşədi Ağanın evinə gətirir. Anam danışardı: “Bir gün Cavad əfəndi 15-16 yaşında hündürboylu, ağbəniz, alagözlü, qıvrımsaçlı çox gözəl bir qızla bizə gəldi. Qızı Batumdan qaçırmışdı. Beş gün bizdə qalıb sonra getdilər”. Anam Cavad əfəndini də çox tərifləyərdi. Çoxları Əhməd Cavada ortaboylu deyir. Amma anam danışardı ki, o, hündürboylu, qonurgözlü, yaraşıqlı kişi olub. Şükriyyə ilə bir-birilərini çox sevərmişlər”.
Əhməd Cavad bu qənirsiz gözəli tükənməz məhəbbətlə sevirmiş. Ömrünün axırına kimi ona etibarlı ömür-gün yoldaşı, sədaqətli ər olur. Şükriyyə şairə beş övlad bağışlayıb. Türk-acar gözəli şairin ilham mənbəyi idi. Ona yazdığı bir sıra şeirlər, eləcə də “Şükriyyənamə” indi də dillər əzbəridir. Şükriyyə xanım da Əhməd Cavad repressiyaya uğradığı vaxt əsil qadınlıq mücəssəməsi nümayiş etdirir. Şairdən heç vəchlə imtina etmir. O, uşaqlarından təcrid edilərək Qazaxıştana sürgün edilir.

BIR CAVAB BURAXIN