Məşhur şairin qadın və qumara qurban gedən həyatı – FOTO

0
699

Məşhur şairin qadın və qumara qurban gedən həyatı - FOTO

Bu gün böyük şair, rus ədəbiyyatının və dilinin refarmatoru Aleksandr Puşkinin doğum günüdür. Müasir rus ədəbiyyatının banisi sayılan bu böyük insan 1799-cu ildə Moskvada doğulub. Hələ gənc yaşından öz istedadını göstərərək dekabristlərin rəhbərlik etdiyi “Yaşıl çıraq” ədəbi-teatr cəmiyyətinə üzv olub. Çoxsaylı poemaların, mənzum romanları, şeirlərin müəllifi olan Puşkinin çiyinlərinə təkcə rus ədəbiyyatını formalaşdırmaq deyil, rus ədəbi dilinə də yenidən əl gəzdirmək kimi ağır yük düşürdü və o, bu məsuliyyətin öhdəsindən öz qısa ömründə gələ bildi. Təsadüfi deyil ki, bu gün – 6 iyun Rusiyada Ana Dili Günü kimi qeyd olunur və belə bir günün Puşkinin doğum gününə salınması şairə rus xalqının vəfa borcu sayılır.

Amma maraqlıdır ki, saymaqla bitməyən ədəbi nümunələrin, cəmiyyət və dərnəklərin arasında Puşkin digər məşğələlərə də vaxt tapa bilib. Təəssüf ki, xoş olmayan məşğələlərə… Puşkinin coşğun kart oyunçusu, qadın və duel həvəskarı olduğunu müasirləri dönə-dönə qeyd edirdi. Su səhəngi suda sınar deyiblər, Puşkinin bu həvəsi onun aqibətini həll elədi. Çoxsaylı duelləri, dövrünün “igidlik” nümunəsi bu böyük şairi pillə-pillə ölümə apardı.

1816 – Puşkin öz doğma dayısı – Pavel Hannibalı duelə çağırır. Səbəbi isə çox ilgincdir: dayısı onun sevgilisini balda rəqsə dəvət edibmiş. Xoşbəxtlikdən yaxınları bu duelin baş tutmasına imkan verməyiblər.

1817 – bu dəfə yaxın dostu Pyotr Kaverini duelə çağırıb. Pyotr dostu haqqında məzəli şeir yazdığı üçün bu, onun xoşuna gəlməyib. Duel baş tutmayıb.

1819 – şair Kondrati Rılyev Puşkin haqqında salonda lətifə danışıb. Bundan qeyzlənən şair dərhal ortaya ağ dəsmal atıb. Bu duel də baş tutmayıb.

Həmin il Puşkinin özünü duelə çağırıblar. Dostu Vilhelm Küxelbeker ona meydan oxuyub. Çünki bu dəfə Aleksandr dilini dinc saxlaya bilməyib və onun haqqında məzəli şeir yazıb. Dueldə Vilhelm Aleksandra atəş açıb, amma hədəfi tuta bilməyib. Aleksandr isə ümumiyyətlə güllə atmaqdan imtina edib.

1819-cu ildə daha bir duel ortaya atılıb. Mayor Denisoviç Puşkinin teatrda özünü aparmasını, artistlərin üstünə qışqırmasını bəyənməyib və ona irad tutub. Bu da Puşkinin xoşuna gəlməyib və duel baş tutub, amma son anda atışmaqdan vaz keçiblər.

1820-ci ildəki duel də Puşkinin özünü ictimaiyyət arasında apara bilməməsi ilə bağlı olub. Fyodr Orlov və Aleksey Alekseyeviç sərxoş halda bilyard oynayan və hay-küyü ilə kənardakılara mane olan şairə tənə ediblər. O da düşünmədən bu adamları duelə çağırıb. Ayılanda isə dueli təxirə salıb.

1821-ci il. Fransız zabiti Degilye ilə şair arasında səbəbi məlum olmayan dava düşür. Bu duel də təxirə salınır.

1822-ci il – Podpolkovnik Semyon Starov Puşkini duelə çağırır. Buna səbəb restorandakı orkestri bölüşdürə bilməmələri olub. Həmin gün hər iki şəxs restoranda kartda uduzubmuşlar və əsəbi olublar. Duel baş tutur və ikisinin də gülləsi yan keçir.

Yenə 1822-ci il – Bu dəfə Puşkinin könlü tamamilə lazımsız səbəbdən duel istəyir. Moldovada evində qaldığı zadəgan Todor Balşın arvadı Mariya şairin sualına laqeyd cavab verdiyi üçün o da hisrlənib qadının ərini duelə çağırıb. Hər iksinin gülləsi dueldə hədəfi tuta bilməyib.

1822-ci ildə daha bir duel öz xoşagəlməzliyi ilə yadda qalıb. Puşkin Kişinyovdan olan zadəgan İnqlezinin qaraçı arvadı Lyüdmila Şekoranı yoldan çıxardığı üçün əri onu duelə çağırıb. Duel təxirə salınıb.

1822-ci ildə növbəti duel baş tutub. Bu dəfə şairi duelə gizir Aleksandr Zubov çağırıb. Buna səbəb şairin onu kart oyununda dələduzluqda ittiham etməsi olub. Güllə az qala Puşkinin sifətini sıyırıb keçib. Bu dəfə də Puşkin öz növbəsində güllə atmaqdan imtina edib.

1823 – Puşkin gənc şair İvan Russonu duelə çağırıb. Səbəb isə çox sadə olub: şairin bu cavan qələm adamından zəhləsi gedirmiş. Duel baş tutmayıb.

1826 – Nikolay Turgenev adlı dekabrist və publisist şairin şeirlərini bəyənmədiyi üçün duellik olub, bu duel də təxirə salınıb.

1827-ci ildə şairin yenə də qadın marağı onu duelə aparıb. Artilleriya zabiti Vladimir Solomirskinin arvadı Sofiyaya ədəbsiz təklif etdiyi üçün şair duelə çağırılıb. Duel baş tutmayıb.

1828-ci ildə daha bir qız üstə şair duelə getməli olub. Fransız səfirinin katibi ilə şair balda bir qızı bölüşə bilməyiblər. Bu duel də baş tutmayıb.

1829 – Xarici işlər Nazirliyinin məmuru Xvostovu donuzla müqayisə etdiyi üçün adam ona irad tutub. Puşkin isə qabaqdangəlmişlik edərək onu duelə çağırıb. Duelin baş tutmasına mane olublar.

Yeddi illik fasilədən sonra 1836-cı ildə knyaz Nikolay Repini duelə çağırıb. Şeirlərini bəyənmədiyi üçün… Duel təxirə salınlıb.

1826-cı il Vladimir Soloqub şairin arvadı Natalya haqqında xoşagəlməz iddialar irəlü sürüb. Puşkin qəzəblənərək onu duelə çağırıb. Duel uğursuz keçib.

Və nəhayət… Puşkin fransız zabit Jorj Dantesi duelə çağırıb. Bu dəfə də arvadı üstündə. Daha bir iddialı, anonim məktubda yazılırdı ki, Puşkinin arvadı Danteslə ona xəyanət edir. Duel gec də olsa baş tutur: 1837-ci ilin yanvarında ağır yaralanan şair gözlərini dünyaya əbədi yumur.Publika.az

Şəfiqə ŞƏFA

BIR CAVAB BURAXIN