Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti paytaxtın müxtəlif rayonlarında fəaliyyət göstərən bir sıra borclu vergi ödəyicilərinin əmlakını siyahıya alıb.
Nazirlikdən fins.az-a verilən məlumata görə, Nizami rayonu, B.Çobanzadə küçəsi, məhəllə 2403 ünvanda yerləşən “Emin-N” MMC-yə məxsus “Golden ring” şadlıq sarayının fəaliyyəti araşdırılarkən, onun 92 min 991 manat vergi borcunun olduğu müəyyən edilib.
Vergi ödəyicisinə borcun ödənilməsi barədə bildiriş göndərilsə də, borc qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Nəticədə Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, vergi borcunun ödənilməsini təmin etmək məqsədilə əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb və obyektdəki 38 900 manat məbləğində mebel və məişət avadanlıqları müvafiq qaydada siyahıya alınıb.
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 5A ünvanda yerləşən fiziki şəxs Quliyev Rüfət Faiq oğluna məxsus “Xoşbəxtlik” şadlıq evinin də 58 344 manat vergi borcunu ödətdirmək üçün onun da əmlakının siyahıya alınması haqqında qərar çıxarılıb və obyektdəki 24250 manat dəyərində mebel və məişət avadanlıqları siyahıya alınıb.