“Məmmədyarovla Nalbandyanın görüşü formal xarakter daşıyacaq”

0
611

Gələn ay Almaniyanın Hamburq şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında növbəti görüş keçiriləcək. Bu görüşdə tərəflər münaqişənin həllini yenidən müzakirə edəcəklər. Bəs iki ölkə xarici işlər nazirlərinin görüşündən nə isə gözləməyə dəyərmi? Bununla bağlı “Yeniavaz.com”a münasibət bildirən politoloq, millət vəkili Rasim Musabəyovun fikrincə iki ölkə xarici işlər nazirlərinin görüşündə nəyə isə ümid etmək çətindir. Rasim Musabəyov: “Ermənistan tərəfi münaqişənin həllində qeyri-konstruktiv mövqe nümayiş etdirir və aydın şəkildə işğal edilmiş torpaqlarımızı azad etməyəcəyini bildirir. Üstəlik Rusiyanın Ermənistana verdiyi “İsgəndər” raketləri də işğalçı dövlətin danışıqlarda daha sərt mövqedən çıxış etməsinə gətirib çıxarıb. Rusiyanın Ermənistanla birgə hərbi qoşun birləşmələrini yaratması da problemin həllinə daha bir düyün vurub. Belə vəziyyətdə isə Məmmədyarovla Nalbandyanın görüşü zənnimcə formal xarakter daşıyacaq. Amma hər halda tərəflərin öz aralarında nəyi isə müzakirə etməsi özü də heç görüşməməkdən daha yaxşıdır”,-deyib.

BIR CAVAB BURAXIN