Bir müddət öncə məşhur jurnalist və publisist Liza Caqaryanın “Mən isə qorxuram” başlığı altında dərc olunmuş məqaləsi Ermənistanın ictimai fikrində böyük rezonans doğurub.
Caqaryan erməni xalqını Azərbaycanla, lap güzəştlərin hesabına olsa belə, sülhün zəruriliyini dərk etməyə, Qarabağ müharibəsi nəticəsində erməni xalqının düşdüyü vəziyyətin bütün faciəviliyini anlamağa çağırır.
L.Caqaryanın məqaləsini diqqətinizə çatdırırıq. Erməni cəmiyyətində baş vermiş baxışların təkamülünə fikir verin. Və L.Caqaryanın etirazı səhrada tənha insanın çığırtısı deyil! Ermənistanda belə səslər artıq çoxdur…
Ermənistanda və diasporda bir daha “satqınların izlənilməsi” başlayan vaxt lüğətlərimizin ən dərin qatlarından çıxardığımız çoxdan unudulmuş parlaq və cırıltılı kəlmələri sevimli vətənimizin tərifinə həsr edərkən, “milli qurtuluş oyanışı”nın bu şərəfli anlarında mən tez-tez rejissor Larisa Şepitkonun sevdiyim “Yüksəliş” filmini xatırlayıram.
Film müharibənin mənəvi metamorfozlarına həsr olunub. Partizan dəstəsində təcrübəli hərbçi ilə müəllim çiyin-çiyinə döyüşürlər. Döyüşçü fanatizmlə vətəni uğrunda vuruşa atılır, belə demək mümkünsə, daim bizim “satqın” axtarışında olanlar kimi, ruh yüksəkliyindədir, müəllim isə dinməzcə və sakit döyüşür. Belə görünə bilər ki, şübhəsiz, əsir düşərlərsə, bizim bu cürətli hərbçi düşmənin gözünün içinə baxaraq “Vur, əclaf!” deyəcək. Sülh şəraitindəki həyatda incələşmiş ziyalı müəllim isə faşist tüfənginin lüləsini görən kimi hamını və hər şeyi satmağa hazır olacaq. Yəni ki, onu daşqalaq edin!
Amma yox, tələsməyin. Gözləyək, hər ikisi əsir düşsün, görək, özlərini o zaman necə aparacaqlar və yalnız bundan sonra incə müəllimi daşqalaq etmək üçün o parlaq və cırıldayan kəlmələri lüğətimizdən çıxararıq.
Həyat şirindir. Bizim bu cürətkar hərbçi əsir düşüncə bunu anlayır. Rejissor çox məharətlidir və bizim bu satqın adi satqın deyil, o əzab çəkir və görür ki, onun əzabının başqa sifəti də var. Onun gözləri qarşısında sakit müəllim min zülmə tab gətirir, amma dözür. O, öz yolunu seçib və müqəddəslər təki, onu ölənə qədər keçməlidir. Həyatın şirinliyini anlamış hərbçi özünə daha çox nifrət etməyə başlayır və intihara cəhd edir. Alınmır. Və hərgah, alınmırsa, o, düşmən qarşısında diz çökür və onu asmamaları üçün yalvarır. Və elə o, boğazında ilgək həyatının son anını gözləyən, əziyyətlərdən yorulmuş müəllimin ayağının altındakı stulu itələyir.
Sonrası vacib deyil – hərbçi almanlara itaətkarcasına xidmət edəcəkmi, yaxud yenə intihara cəhdmi edəcək. Əsas odur ki, o, həyatın, ələlxüsus öz həyatının dəyərini anlayıb. O qədər dəyərli olduğunu başa düşüb ki, sağ qalmaq üçün öz yoldaşına dünyadan köçməyə “kömək” etməyə belə hazırdır.
Bu zamana kimi o, günlərin birində həyatını qurtarmaq üçün düşmənin önündə sürünəcəyini bilirdimi? Əminəm ki, bilmirdi, heç belə bir fikri yaxın da buraxmırdı.
Bu gün cəmiyyətimizi satqınlara və vətənpərvərlərə bölənlər (təbii ki, bu zaman öz adlarını vətənpərvərlərin ön cərgəsinə yazanlar), evində oturaraq gündə bir neçə dəfə “Bakını fəth edənlər”, həmin partizanlar kimi eyni vəziyyətdə qaldıqları zaman nəyə qadir olacaqlarını bilirlərmi? Mən bilmirəm. Heç onlar özləri də bilmir. Heç kim bilmir və tanrı eləsin ki, bilməsin də.
Onların əksəriyyəti bunu heç zaman bilə də bilməzlər, çünki ya xaricdə, ya da Ermənistanda – öz mənzillərində, kompüter qarşısında oturaraq, barmaqlarının bir neçə hərəkəti ilə Bakını və Naxçıvanı “zəbt etmək” uşaq oyununa oxşayır. Bayaq adını çəkdiyim filmdəki sınaqlar isə sərhəddə duran əsgərlərin başının üzərini alıb, xırda və eyni zamanda böyük boşboğazların başının üstünü deyil.
Bu yaxınlarda “Martik” verilişinin uğursuz buraxılışı barədə yazdığım mənfi rəylər elə həmin boşboğazlar arasında təxminən belə reaksiya doğurmuşdu: “Ba! Deyəsən. qorxur axı?!” (müəllifdən – bu yaxınlarda Ermənistanda “Martik” proqramının Yeni il buraxılışı efirə gedib və verilişdə ölkənin tanınmış komik aktyorlarından biri, guya ki, müşahidə nöqtəsindən Azərbaycan əsgərinin ünvanına söyüş yağdırır. Sonradan proqramın təşkilatçıları etiraf etdilər ki, bu yalnız uğursuz alınmış bir səhnəcik idi).
Bəli, mənim çox vətənpərvər həmvətənlərim, mən qorxuram! Hər səhər, gözümü açarkən ilk hissiyyatım sərhəddə yenə də qurbanların olub-olmaması sualı qarşısında qorxu olur. Əlimə düşən ilk KİV-i vərəqləyərkən sərhəddəki vəziyyəti öyrənməyə çalışarkən əllərim əsir, ürəyim bərkdən döyünür, elə bərkdən ki, sanki partlayacaq. Bu qorxu aprel günlərindən sonra məndə ikiqat-üçqat artıb – o zaman biz yüzdən çox qurban və ərazilər verdik və yaddaşım məni aldatmırsa, həmin torpaqlar geri qaytarılmadı və heç kimin belə bir niyyəti də yoxdur. Mən qorxuram, çünki həmin qurbanlara görə heç kim məsuliyyət daşımadı. Baxmayaraq ki, çoxlu sayda əsaslı irad vardı ki, biz bunları verməyə də bilərdik. Əgər ki, “regionun ən qüdrətli ordusu”nda oğurluq halları bu cür çiçəklənməsəydi, yüksək rütbəli hərbçilərin qarınları bu qədər şübhəli şəkildə böyük olmasaydı və əsgərlərimizin sərhəddə həyəcan siqnalı vermək üçün istifadə etdikləri alət asılmış boş konserv qutuları olmasaydı.
Mən həlak olmuş əsgərlərə göz yaşı tökənlərə alçaldıcı nəzərlərlə baxanlardan və siz zəif insanlarsınız, əlbəttə ki, onlar “vətən uğrunda” ölməli idilər deyənlərdən qorxuram. Mən sizin qorxmazlığınızdan qorxuram və sizin tərtib etdiyiniz siyahılarda “satqın”lardan olacağımdan zərrə qədər də qorxmuram.
Mən sülh istəyirəm, qarşılıqlı güzəştlər yolu ilə, o şərtlə ki, uşaqlarımız yaşasınlar. Siz isə bunun əvəzində mənim kimi “satqın”ların burnunun ucunda bir yığın cırıltılı sözlər əsdirirsiniz. Mən Vaqram Atanesyan kimi qarabağlıların sərsəmləmələrindən qorxuram. Nəyə görə Qarabağda heç kim Bakının Ermənistanın bir hissəsi olduğunu deyən bu adamlardan soruşmur ki, sən kimin həyatı hesabına “Bakıda çay içmək” istəyirsən?
Həyat çox şirindir, kreslolarında oturub Bakıda çay içən xanımlar və cənablar. Lakin axı kim sizin o vətənpərvər kəllələrinizə yeridib ki, məhz sizin həyatınız bu cür şirindir, sərhəddə dayanan əsgərlər isə bu “şirinliy”i yalnız qorumaq üçündür? Mən “vətən uğrunda ölmək lazımdır” deyərək təbil çalan, öz rolunu isə yalnız bu mövzuda təxribatçılıqda görənlərdən qorxuram.
Mənim üçün onlar, Şepitkonun filmindəki kimi, öz həyatını xilas edərək, boynu ilgəkdə olan yoldaşının ayağının altından stulu itələyən qəhrəmandırlar.