Lenini maliyyələşdirən üçlük – gürcü Koba, erməni Kamo, azərbaycanlı Əhməd…

0
784

19-cu əsrin sonlarında Leninin yaratdığı Kommunist Partiyasının fəaliyyəti üçün qarşıya çıxan problemlərdən biri maliyyə məsələsi olub. Təbii ki, partiyanın normal fəaliyyətini təmin etmək üçün fəallara maaş vermək, vərəqələr və qəzetlər çap etmək, mətbəə xərclərini, çap məhsullarının bölgələrə çatdırılması üçün daşınma haqqını ödəmək, mitinq və nümayişlərə vəsait ayırmaq və s. zəruri işlər üçün kifayət qədər ciddi məbləğlər tələb olunub.

Nəzərə alsaq ki, yaradılmış partiyanın üzvləri, əsasən, ən kasıb təbəqədən – fəhlə və kəndlilərdən ibarət olub, Leninin pul problemini anlamaq o qədər də çətin deyil.

Maraqlıdır, bəs görəsən illərlə “ədalətli və ideal rəhbər” saydığımız Vladimir İliç partiyanın büdcəsini hansı yollarla zənginləşdirə bilib?

Arazinfo.com Modern.az -a istinadən mövzu ilə bağlı yazını təqdim edir.

Maliyyə məsələlərində Leninin bəlkə də yeganə tutarlı gəlir mənbəyi Stalinin kriminal fəaliyyəti olub.

 

Stalini hələ gənc yaşlarından Qafqazın cinayətkarlar aləmində və həm də regionda gizli siyasi fəaliyyətlə məşğul olan şəxslər arasında yaxşı tanıyıblar. 20 yaşında olarkən Stalin ilk dəfə nümayişlərdə iştirak etdiyi üçün həbs olunub. Cəzasını çəkdiyi Batumi həbsxanasında bir qayda olaraq digər cinayət törətmiş məhbuslar siyasi dustaqlara işgəncə verərək onları “sındırmaq” iqtidarında olublar. Lakin ilk dəfə olaraq həbsxanada ağalıq edən cinayətkarlar siyasi məhbus kimi cəza çəkən Stalini öz “qanun”larına tabe etdirə bilməyiblər. Əksinə olaraq Stalin tezliklə ağlasığmaz şəkildə ən qatı “qanuni oğrular”ı belə, özünə tabe edib. İlk həbsi dövründən Stalin özünə Koba ləqəbini götürüb və cəzasını sonadək çəkmədən həbsxanadan qaçıb.

 

Avtoritet Koba kimi tanınan Stalin Qafqaz döyüş qrupunu da özünə tabe edib. Bu qrup döyüş dəstələri əsasında yaradılmış zərbəçi bölük kimi fəaliyyət göstərib. Partiyanın bu xüsusi xidmət orqanı 1905-ci ildə baş vermiş inqilabi oyanış zamanı yaranıb. Döyüşçülərdən xüsusi bacarıqlar, at çapmaq, paravoz sürmək, odlu silahdan və bıçaqdan istifadə etmək bacarığı tələb edilib.

 

Döyüşçülərdən əsasən partiya liderlərinin qorunması üçün, nümayişlər, tətillər zamanı mürtəce qüvvələrə qarşı istifadə edilib.

 

Lakn 1905-ci il yanvar üsyanının darmadağın edilməsindən sonra onların işi daha çox qarətlərdən ibarət olub. Ancaq bir müddət sonra Stokholmda keçirilən partiya yığıncağında səs çoxluğu ilə qarətlərin dayandırılması, döyüşçülərin buraxılması qərarı verilib.

 

Partiya yığıncağının bu qərarını Lenin özü gizli şəkildə pozmağa məcbur olub. Çünki gizli fəaliyyət göstərən partiya dərnəklərinin geniş şəbəkəsinə silah, gizli mətbəə və işçilərə maaş verilməsi üçün kifayət qədər böyük məbləğdə vəsait tələb olunub. Bununla bağlı Lenin 1907-ci ildə Stalini və Krasini Berlinə dəvət edib. Qərara gəlinib ki, Qafqaz döyüş qrupunun üzvlərinin qarət fəaliyyəti ilə lazım olan pul vəsaitləri əldə olunsun.

 

Beləliklə, Stalin və Krasinin rəhbərliyi altında yeni qarətlər dalğası başlanıb. Xüsusi əməliyyatlar hazırlanıb. Çarın nümayəndələri hazırlanmış qarət əməliyyatlarından xəbərdar olublar. Onlar öyrəniblər ki, qarətçilər Tiflisə pulla  gələn poçt heyətinə hücum etmək niyyətindədirlər. Bununla bağlı gizli əməliyyat hazırlanıb. Dövlət qulluqçularının maaşı məhz həmin poçt heyəti ilə Sankt-Peterbirqdan gətirilirmiş. Stalin qarətin texniki məsələlərinə cavabdehlik daşıyıb. Qarətin icrası isə həbsxanadan yenicə qaçmış Kamo ləqəbli, milliyətcə erməni Simon Ter-Petrosyana həvalə edilib. Əldə olunmuş pulun daşınması üçün iki marşrut müəyyənləşdirilib. Ancaq pullar qarət olunduqdan sonra izi itirmək üçün üçüncü istiqamətdən, İrəvan meydanından istifadə olunub. Daha bir neçə azdırıcı manevrlərdən sonra pullar asanlıqla öz ünvanına, Leninin hüzuruna çatdırılıb. Çarın adamları biliblər ki, pulların ünvandan çıxma və dəqiq çatma vaxtını yalnız poçt idarəsinin işçiləri xəbərdar olublar. Qarətdən sonra poçt işçilərinin dindirilməsi zamanı bu xəbəri verən şəxs aşkar olunub. O isə qeyd edib ki, poçt daşıyan fayton idarənin qapısından çıxarkən siqnal verib. “Əmr” isə bəstəboy, çopur üzlü bir gürcü tərəfindən verilib. Həmin adam isə avtoritet Koba, Stalin olub.

 

13 iyun 1907-ci ildə törədilmiş qarət böyük səs-küyə səbəb olsa da, izlər açılmayıb. Tiflisin mərkəzi meydanında beş yüz rublluq əskinazlarla dolu kətandan tikilmiş iki böyük kisəni qoruyan kazaklar qəfil hücuma məruz qalıblar. Hücum edən isə zabit libası geyinən Kamo olub. Pul kisələri ələ keçirildikdən sonra pulu mühafizə edənlərin üzərinə partlayıcılar yağdırıblar. Kazakların arasında çoxsaylı itkilər olub. 4 milyon rubl isə Leninin büdcəsinə yerləşdirilib.

 

Kobanın qarət fəaliyyətinin növbəti ünvanı Bakı olub. Əsrin əvvəlindən neft bumunun pik nöqtəsində olan şəhərdə böyük məbləğlər qazananların sayının günü-gündən artması Stalinin diqqətindən yayınmayıb. Həmin dövrdə Stalin Bakı “qoçuları”nı da öz dəstəsinə dəvət edib. Qısa müddət ərzində Koba Bakıdan 3 milyon rubl əldə etməyə nail olub.

 

Kobanın quldur dəstəsinin törətdiyi ən böyük qarət isə Çar I Nikolayın Bakıdan Moskvaya gedən  gəmisinə hücumu idi. 1908-ci ildə poçt gəmisinin göyərtəsində polis formasında 3 nəfər görünüb – Koba, Kamo və Əhməd. Onlar təhlükəli cinayətkarları axtarmaq bəhanəsi ilə göyərtəyə qalxıb və birdən əmr ediblər: “Silahları yerə atın, bu hücumdur!”. Gəminin mühafizəçilərini bir-neçə dəqiqə ərzində kayutalara salıblar.

 

 

Stalin öz qrupu ilə birgə seyfi ələ keçirib. Olduqca məşhur “seyfaçan mütəxəssis” sayılan milliyətcə azərbaycanlı Əhməd İsveçrə istehsalı olan seyfi asanlıqla açıb və oradan 8 milyon iki yüz min rubl (bu məbləğ müxtəlif mənbələrdə fərqli göstərilir) çıxıb.

 

Qarətçilər “uğurlu əməliyyat”dan sonra sürətli katerə minib uzaqlaşıblar. Mühafizəçilər kayutanın qapısını sındırıb göyərtəyə çıxanda  kater artıq gözdən itib.

 

Tiflisdəki sonuncu qarət Leninin büdcəsini zənginləşdirə bilməyib. Məlum olanda ki, dünyanın heç bir bankı həmin pulları dəyişməyəcək, Lenin və Krupskaya bütün beşyüzlükləri sobada böyük təəssüf hissləri ilə yandırıblar.

 

Göründüyü kimi, uşaqlara səxavətlə alma paylayan, çiyinlərində şalban daşıyan, bütün dünyanın proletarlarını birləşdirmək iddiasında olan Lenin halallığı sevən fəhlə və kəndli partiyasını haram pullarla maliyyələşdirib.

İlham Cəmiloğlu

BIR CAVAB BURAXIN