Lapşin yenə anti-Azərbaycan mövqeyində

0
869

Yəhudi əsilli Rusiya və İsrail vətəndaşı, blogger Aleksandr Lapşin əfvlə həbsdən azad olunandan sonra yenidən anti-Azərbaycan mövqeyi tutub.

Dekabrın 27-də qondarma blogger öz facebook səhifəsində  Azərbaycanı Avropa İnsan Haqları Məhkəməsinə verməyə hazırlaşdığını yazıb: “Strasburqdakı məhkəmə vasitəsilə Azərbaycandan pul qoparmağa çalışacam”.

Lapşinin Avropa Məhkəməsinə şikayəti təmin oluna bilərmi? Azərbaycan bəri başdan hansısa önləyici tədbirlər görməlidirmi? Lapşinin arxasında ermənilərin dayandığı Azərbaycandan əl çəkməməsi ilə bir daha təsdiqlənirmi?

Siyasi ekspert Elşən Mustafayev bildirdi ki, Lapşinin Avropa Məhkəməsinə müraciətinin ölkəmiz üçün heç bir təhlükəsi yoxdur. Hətta ortada ciddi, tutarlı faktlar olmasa onun müraciəti Avropa Məhkəməsi tərəfindən qəbul olunmaya bilər: “Bir müddət əvvəl o, şikayət üçün 7 ay təkadamlıq kamerada saxlanmasını əsas göstərirdi. İndiki açıqlamasında isə heç bir konkret faktı qeyd etmir. Onun sübut üçün heç bir faktı yoxdur. Çünki nə məhkəmə prosesində, nə də həbsdə olduğu dövrdə onun hüquqları pozulmayıb. Ümumi fikirlər, sübutsuz iddialar isə fakt kimi qəbul oluna bilməz. Lapşinin Azərbaycanın ərazi bütövlüyünə, Qarabağ konfliktinə münasibətini, eyni zamanda həbs olunduğu maddənin spesifikliyini nəzərə alsaq, onun təhlükəsizliyi üçün ən uğurlu seçim tək adamlıq kamerada saxlanması olmalı idi. Buna görə Lapşin məhkəməyə şikayət etmək əvəzinə beynəlxalq təşkilatlarda Azərbaycana təşəkkür etməlidir. Beynəlxalq qurumlar da Lapşinin salamat saxlanmasını müsbət qiymətləndirməlidir. Lapşin, deyəsən,  hələ tam anlamayıb ki, onu başqa məhbuslarla eyni kamerada saxlasaydılar nələr ola bilərdi. O, gərək Azərbaycanın müvafiq rəsmi qurumlarına minnətdar olsun, tək saxlanmasaydı başına gələnləri özü də təxmin edə bilməzdi. Əgər onun başına içəridə bir hadisə gəlsəydi, o zaman Azərbaycan üçün cavab vermək çətin olardı və problemlər yaranardı. Azərbaycan hökuməti də bunu nəzərə alıb onun salamat saxlanmasının ən optimal yolunu seçmişdi. Odur ki, Lapşinin məhkəməyə müraciətindən narahat olmağa dəyməz, müraciət etsə belə, perspektivi yoxdur”.

Image result for Elşən Mustafayev

E.Mustafayev vurğuladı ki, əgər Lapşin həqiqətən də Avropa Məhkəməsinə şikayət etsə, orta səviyyəli bir vəkil onun haqsız olduğunu sübut edə bilər. Xüsusi önləyici tədbirlərə lüzum yoxdur.

Ekspertin fikrincə, Lapşinin Avropa Məhkəməsinə şikayəti yox, onun sosial şəbəkələr, bloqlar vasitəsilə Azərbaycana qarşı mütəmadi bəyanatlar verməsi ölkəmizin daha çox zərərinədir: “Ola bilsin ki, onu ermənilər Azərbaycana qarşı qızışdırır. Ona görə də Lapşinin yazıları, açıqlamaları izlənməli və bildirilməlidir ki, əgər onun fəaliyyətində Azərbaycanın təhlükəsizliyinə, ərazi bütövlüyünə xələl gətirən, fəaliyyət və ya ifadələr olacaqsa, istər Azərbaycanın qanunlarına, istərsə də hamı tərəfindən qəbul olunmuş beynəlxalq normalara görə onunla bağlı müvafiq hüquqi addımlar atıla bilər. Deyəsən, bir dəfə həbs olunub qandallı gətirilməsi ona dərs olmayıb. Azərbaycan bəyan etməlidir ki, qanunlarımızı pozacağı halda Lapşini yenə də həbs etdirəcək”.

Siyasi ekspert Yeganə Hacıyeva isə bildirdi ki, prezident İlham Əliyev Lapşinin özünün, ən əsası isə onun yaşlı və xəstə anasının müraciətini diqqətə alaraq, humanist addım ataraq onu əfv etmişdi. Bu addım düzgün addım idi: “Lapşının həbsi ilə  Azərbaycan öz işğal altında olan ərazilərinə qanunsuz səfər edənlərə və bu səfərləri təşkil edənlərə onların hər an cəzalanacağı mesajını çatdırdı. Bu kifayət idi.

Lapşinin Avropa Məhkəməsinə müraciəti və Ermənistanın bunu ölkəmizə qarşı istifadə etmək istəyi haqqında onu deyə bilərəm ki, Ermənistan belə imkanı heç vaxt əldən verməz. Lakin bu müraciətin müsbət nəticələnəcəyinə inanmıram. Belə ki, Avropa Məhkəməsi Azərbaycan əraziləri ilə bağlı bu yaxınlarda mühüm və ədalətli  bir qərar  qəbul etmişdir. Avropa Məhkəməsi Dağlıq Qarabağı Azərbaycan ərazisi olaraq bir daha tanıyıb və Dağlıq Qarabağ münaqişəsində yalnız iki tərəfin-Azərbaycan və Ermənistanın olmasını təsdiq etmişdir.

Azərbaycan dövləti öz  konstitusiyasının tələb etdiyi kimi, sərhədlərini qeyri-qanunu keçən istənilən şəxsi həbs  etməyə və xarici vətəndaşları  beynəlxalq hüquqla tanınan ərazilərinə hörmət etməyə məcbur etmək haqqı var. AİHM-in Lapşınin xeyrinə istənilən qərarı olsa, bu, hüquqi deyil, siyasi qərar olacaq  və özü özünü təkzib etməklə, məhkəmənin ədalətli və tərəfsiz  olmasına şübhə yaradar, nüfuzuna xələl gətirər”.

Xatırladaq ki, Lapşinin hərəkətlərində Azərbaycan dövləti əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində fakta görə, Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb.

Lapşin Belarusda tutularaq 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 3 il müddətinə azadlıqdan məhrum edib. O, 2017-ci il sentyabrın 11-də Azərbaycan prezidentinin sərəncamı ilə əfv olunub və dərhal İsrailə ekstradisiya olunmuşdu.Yeni Müsavat

BIR CAVAB BURAXIN