Lapşin məsələsi Azərbaycana qarşı ikili standartların yeni nümayişinə çevrilib

0
576

 

Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasından sonra istər Ermənistanda, istərsə də Rusiyada rəsmi səviyyədə ölkəmiz əleyhinə böyük ajiotaj hiss edilməkdədir. Hər iki ölkə rəsmiləri Lapşinin Azərbaycana ekstradisiyasını az qala beynəlxalq qanunların pozulması kimi dəyərləndirir, dünyanın insan haqları qurumlarını bununla bağlı qəti addımlar atmağa çağırırlar. Eyni zamanda həm Rusiya, həm Ukrayna, həm də İsrail vətəndaşı olan Aleksandr Lapşinin Azərbaycan sərhədlərini qanunsuz pozması və başqa adlar altında azından 3 dəfə ölkəmizə daxil olduğunu yazması əslində onun həbs edilməsi üçün kifayət qədər hüquqi əsas verib. Yəni istənilən halda beynəlxalq hüquq normalarına əsasən hər hansı bir ölkənin sərhədlərinin qanunsuz keçilməsi cinayət hesab edilir. Bu baxımdan Lapşinin məsuliyyətə cəlb edilməsi beynəlxalq hüquq normalarına zidd hesab edilə bilməz. Avropanın özündə belə Şengen zonasına daxil olmayan hər hansı ölkə vətəndaşının sərhədi qeyri-qanuni keçməsi cinayət sayılır və məsuliyyətə cəlb edilir. Buna baxmayaraq Ermənistan və onun havadarları tərəfindən Lapşinin ekstradisiyası ətrafında ikili standartlardan yanaşma davam etməkdədir. Necə deyərlər, Azərbaycan sərhədlərini pozaraq Dağlıq Qarabağa səfər edən və separatçı qurum əhalisini ölkəmizə qarşı yeni təxribatlara çağıran Lapşinin Azərbaycana ekstradisiyası beynəlxalq aləmdə ikili standartların nümayişinə çevrilməyə başlayıb.

Bunu şimal qonşumuzun da timsalında aydın görmək olar. Lapşinin Azərbaycana ekstradisyasından sonra Rusiyanın Azərbaycandakı səfiri dərhal onunla görüşmək istədiyini bildirdi və onun bu xahişi yerinə yetirildi. Eyni zamanda xarici işlər nazirliyinin mətbuat xidməti rəhbəri xanım Zaxarova da Lapşinin Rusiya vətəndaşı olmasını bəyan edərək ölkəsinin onu müdafiə edəcəyini bildirdi. Halbuki işğal altında olan Azərbaycan ərazilərinə səfər edən və əslən azərbaycanlı olan Rusiya vətəndaşı Dilqəm Əsgərovun Ermənistan tərəfindən uzunmüddətli həbs cəzasına məhkum edilməsinə adı çəkilən ölkə hər hansı bir reaksiya vermədi. Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli “Yeniavaz.com”a açıqlamasında Rusiyanın Lapşinin ekstradisiyasına münasibətdə də Ermənistanın müdafiəçisi kimi çıxış etdiyini söylədi. Onun sözlərinə görə, Rusiya xristian təəssübkeşliyi və ya başqa amillərdən çıxış edərək Ermənistanı müdafiə etməkdə davam edir. Rusiyanın öz vətəndaşı olan Dilqəm Əsgərovla müqayisədə 3 ölkə vətəndaşı olan Lapşini müdafiəyə qalxmasını politoloq biabırçılıq adlandırdı: “Rusiya 3 ölkə vətəndaşı olan Lapşini müdafiə etməklə yenə ikili standartlardan çıxış etdi. Halbuki işğal altında olan dədə-baba torpaqlarındakı doğmalarının məzarlarını ziyarət etməyə gedən Dilqəm Əsgərov da Rusiya vətəndaşı idi. Amma Rusiya onu müdafiə etmədi. Mənə elə gəlir ki, Lapşin məsələsində Rusiya xüsusi xidmət orqanlarının əli var. Ola bilsin ki, onu bu oyuna da onlar cəlb edib”.

Qabil Hüseynli bütün hallarda Lapşinin Azərbaycan sərhədlərini pozduğuna, əleyhimizə qarşı çağırışlar etdiyinə görə günahkar olduğunu qeyd etdi. Politoloq Lapşinin kimlər tərəfindən bu oyuna cəlb ediləcəyini etiraf edərək üzr istəyəcəyi halda ölkəmizin ona münasibətdə humanizm nümayiş etdirəcəyini istisna etmədiyini söylədi.

Bir sözlə Rusiya da daxil olmaqla Ermənistanın havadarı olan bəzi ölkələrin və “beynəlxalq” hüquq təşkilatlarının Lapşinin ekstradisiyası ətrafında ajiotaj qaldırması çətin ki, nəticə versin. Bir sözlə Lapşin günahkardır və sərhədlərimizi qeyri-qanuni yollarla pozduğuna, ölkəmiz əleyhinə iftiralar yağdırdığına görə məhkəmə qarşısında cavab verməli olacaq.

Əziz Mustafa

BIR CAVAB BURAXIN