“Laçın meşələri erməni əsilli ABŞ milyarderinə icarəyə verilib”

0
675

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrinin Müdafiə Təşkilatı İctimai Birliyi “Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində aparılan sülh danışıqlarında Laçın əraziləri danışıq mövzusu ola bilməz” adlı tədbir keçirib.

Birliyin sədri Faiq İsmayılov Prezident İlham Əliyevin dəfələrlə öz çıxışlarında səsləndirdiyi “Azərbaycanın bir qarış torpağını da heç kimə güzəşt etməyəcəyik” fikirlərini xatırladıb və bildirib ki, Laçın Azərbaycan torpağıdı, ikinci və üçüncü dövlətlərə dəhliz şəklində bağışlana bilməz.

F.İsmayılov Laçın rayonunun həm də tarixi və mənəvi baxımından çox böyük strateji əhəmiyyətə malik olduğunu vurğulayıb: “Laçında l və ll minillikdən bu günümüzə qədər olan dövrü əhatə edən çox ciddi mədəni abidələr, tarixi yerlər var. Orada daş qaya yazıları var ki, bunları ancaq Qobustan qayaları ilə müqayisə edə bilərik”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı, Azərbaycanın işğal nəticəsində məruz qaldığı itki və təlafatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun üzvü Mirzəli Fətəliyev bildirib ki, Laçın Azərbaycanın təbii sərvətlər baxımından ən zəngin rayonlarındandır: “Rayonun ərazisində işğal dövrünə qədər 40 faydalı qazıntı yataqları aşakarlanmışdı, ümumilikdə isə işğal olunma tarixinədək rayon ərazisində 100-dən çox faydalı qazıntı yatağı və perspektivli sahələr aşkarlanmışdı. Laçın rayonunun meşə fondu 32096 hektar idi. Ermənilər Laçın meşələrini amansız şəkildə talan edirlər. Məlumatlara əsasən Amerika milyarderi Ohonesyan 1995-ci ildən Laçın meşələrini icarəyə götürüb. Bundan əlavə, Laçın rayonunun Bozlu, Kamallı, Çırqalı və s. kəndlərinin meşələri yandırılaraq məhv edilib”.

Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayev isə qeyd edib ki, ermənilər danışıqlar yolu ilə Azərbaycan torpaqlarını geri qaytarmayacaqlar: “Biz 3-4 günün içində Azərbaycanda xalqla dövlətin, xalqla Prezidentin, ordunun mütəşəkkil bir qüvvə olduğunu dünyaya göstərdik. Heç bir görüş bizi Qarabağa aparmayacaq. Biz əlimizdə silahla işğal olunuş torpaqlara girməliyik”. (“Report”)

BIR CAVAB BURAXIN