“Kürdlər deyirlər ki, İran, Rusiya və Türkiyə onların taleyi barədə razılığa gəliblər”
“The Independent” yazır ki, Suriyanın şimalındakı Afrin regionuna hücum edən Türkiyə qoşunlarının tərkibindəki ərəb silahlılar yerli kürd əhalisinə ya İslamın özünü İslam Dövləti adlandıran qrup və əl-Qaeda tərəfindən təbliğ olunan təriqətini qəbul etmək, ya da məhv olmaq şərti qoyublar.
Məqalədə deyilir ki, əvvəllər belə tələblər Suriya və İraqda yerli kürdlərin kütləvi qırğınları ilə nəticələnib.
Ərəblərin yaydığı videolardan birində danışan döyüşçü kürdləri “kafir” adlandırır və onları “Allah yoluna qayıtmağa” dəvət edir.
Londonda mənzillənmiş Suriya İnsan Haqları Müşahidə qrupundan Rami Əbdürrəhman deyir ki, ən böyük təhlükə qarşısında qalanlar Afrin ərazisindəki yezidilərdir.
Cənab Əbdürrəhman bildirir ki, ərəb döyüşçülərin çəkdiyi başqa bir videoda yaşlı yezidi kişinin istintaqı görünür. Bu dindirmə zamanı ondan gündə neçə dəfə namaz qıldığını soruşurlar.
Məqalədə bu da qeyd olunur ki, İraqın İD tərəfindən zəbt edilmiş ərazilərində yezidi qadınlardan seks kölələri kimi istifadə olunub.
Əbdürrəhman deyir ki, Afrin əməliyyatında bu ərazilərdəki bir milyonluq kürd əhaliyə qarşı əsl təhlükə yaranıb. Bəşər Əsədin qüvvələri şərqi Qutanın 60 faizini ələ keçirib. Afrində isə ərazinin 60 faizi Türkiyənin nəzarətindədir. Bəzi məlumatlara görə, Afrin bölgəsindən çıxmaq istəyənlərdən buraxılış məntəqələrində 4 min dollar rüşvət istəyirlər.
Cənab Əbürrəhman bunu da qeyd edir ki, Türkiyənin dəstəklədiyi Suriya Azadlıq Ordusunun əksər döyüşçüləri ekstremist cihadçılardan ibarətdir. Amma bu da məlumdur ki, türk zabitlər ərəblərə ənənəvi zorakı taktikalardan istifadə etməməyi əmr ediblər.
“The Independent” yazır ki, Afrindəki vəziyyətə dair bütün məlumatlar qəzetin xüsusi müxbirləri tərəfindən verilir.
Məqalədə deyilir ki, Əsədin şərqi Qutaya müdaxiləsi ilə Türkiyənin Afrin üzərinə hücumu arasında əlaqənin olduğunu düşünmək olar.
Bir kürd müşahidəçi bildirib ki, Erdoğan Afrin hücumu başa çatdıqdan sonra kürdlərdən təmizlənmiş ərazilərdə türkmənləri yerləşdirmək fikrindədir.
Məqalədə deyilir ki, kürdlərin YPG qüvvələrinin ABŞ-la müttəfiq olması onları İD-in bir nömrəli düşməninə çevirib.
Buna baxmayaraq, YPG kifayət qədər güclü hərbi qüvvədir və sıralarında 10 min döyüşçünün olduğu bildirilir. Kürd döyüşçülər deyirlər ki, onlar sona qədər döyüşəcəklər.
“The Independent” yazır ki, türk və ərəb qüvvələri tərəfindən mühasirəyə alınmış Afrin süqut edə bilər.
Məqalədə deyilir ki, heç bir beynəlxalq tərəf Türkiyənin Suriyaya müdaxiləsinə etiraz etmir. Belə bir təsəvvür yaranır ki, Əsədin müttəfiqi olan Rusiya Afrin kürdlərini Türkiyəyə güzəştə gedib. Kürdlər hesab edirlər ki, bu məslələdə ruslar, iranlılar və türklər ümumi razılığa gəliblər. Ola bilsin ki, bu razılaşma əsasında Türkiyə İdlibdəki qiyamçıları Əsədə qurban verib, qəzet yazır.